"Yüksək ehtirasla yığılan sərvət bədbəxtlik gətirir"

İqtisadçı və ya hüquqşünas olmaq yalnız öz sahənə dair fəaliyyətlə məşğul olmaq demək deyil. Mənə görə insanın dəyəri onun ictimai faydalılığı qədərdir. İnsan əgər fayda vermirsə və yaxud faydalı olmağa çalışmırsa o şəxs üçün bundan daha böyük faciə ola bilməz.

Odur ki, cəmiyyətdə baş verən bütün hadisələrə az da olsa münasibət bildirməyi özümə borc sayıram. Çünki hadisələrə münasibət bildirməmək  və susmaq bütün olaylarla razılaşmaq deməkdir. Yersiz susmaq isə insanın mənəvi aləmini məhv edir. İnsanlarda kütləvi qul təfəkkürü formalaşdırır. Cəmiyyətin tənəzzülündə bundan daha qorxunc səbəb ola bilməz. Ona görə də həyat öz rəngini və dəyərini sürətlə itirir. İntiharların və mənəvi deqrodasiyanın əsas səbəbi də buradan başlayır. 

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, mən xaraktercə fizeokratam, insan və dövlət münasibətlərində subyektivlik və mənəvilik məxsusi mövqeyimdir. Heç vaxt dövləti tam olaraq dünyəvi dərk etməyə çalışmamışam . Çünki bu özünü aldatmağa bənzəyir. 
Götürək, ən kiçik və ibtidai təsərrüfatı olan ailəni. Hansı ki, cəmiyyətin təməli hesab olunur. Cəmiyyətin mənbəyi ailədir. Ailə xalqın genetik təməlidir, ailə sosial həyatın ilk özülüdür, ailə ibtidai təsərrüfatdır, ailə müqəddəsdir və s. Bu az sayda sadalanan keyfiyyət xüsusiyyətlərinin hamısı dünyəvi deyil axı. 
Ona görə də insan və dövlət münasibətlərində qavrama xüsusiyyətləri maddi mücərrəd yox, mənəvi etik xüsusiyyətlərə malik olmalıdır. Güman edirəm  ki, siysasi və hüquq terminalogiyasına ağılabatan sözünün daxil eilməsi mücərrədliyin yox daha çox rasionallığın və kreativliyiin təbliğidir. Təki belə olsun. 
Amma nədənsə kəmiyyət və keyfiyyət dəyişməsi materiyadan fəqli olaraq insan cəmiyyətdinə mənfi istiqamətdə inkişaf edir. Kəmiyyət artdıqca keyfiyyət azalır. Bunu isə meqapoliusun fəsadları kimi izah edənlər az deyil. 
Nəticə ondan ibarətdir ki, inkişaf adlandırdığımız texnoloji tərəqqi vəhşiləşməyə rəvac verir. Necə ki, bunu müdriklər öncədən qeyd etmişlərdi. Əgər həyata diqqətlə nəzər salsaq, əldə etdiyimiz hər şeyin bədəlini nəyin hesabına verdiyimizi başa düşmək çətin olmaz. 
Mən ailə məsələsini heç də boşdan qabartmadım. Əgər cəmiyyətdə ailə münasibətləri öz müqəddəsliyini itirdisə deməli insanlıq da onunla bitdi. İfrat fərdiyyətçilik, özünə sevgi tamah və nəfsi istəklərin quluna çevrilmək, qohumluq , ailə və səmimi dostluq münasibətlərini kökündən qazıyıb atır. Bu hadisələr isə bütün sosial sferaları sədd tanımadan yarıb daxil olur. 
Hər kəs aşınmadan əziyyət çəkməlidir. Çünki cəmiyyət ümummi boşqabdır, hansı ki, onun içərisinə əlavə edilən hər şey hər birimizin qaşığı ilə boğazımızdan keçməlidir. 
Bu gün eşidirəm ki, ölkədə ətin təxminən 14-15 faiz bahalaşmasında əsas səbəb qonşu Gürcüstandan gətirilən iri və xırda buynuzlu heyvanlara görə alınan yüksək gömrük rüsumlarıdır. Belə iddia edilir ki, idxal olunan heyvanların diri çəkisinin hər kiloqramına görə 1.5 dollar pul tələb olunur. Bu isə diri çəkinin ət məhsulu ilə 50 faiz (yəni ikidə biri ) azalma ilə fərqləndirildiyi halda, hər bir kiloqram ətin qiymətində üç dollar, yəni beş manat bahalaşma yaratmaqdır. Hər kiloqrama görə beş manat xərc ölkədə ətin satış qiymətinin 50 faizindən daha yüksəkdir. 
Mən belə rəsmi rəqəmlərlə tanış deyiləm. Amma bir çox tacirlərin gətirdikləri arqumentlərə istinad edərək, bunu deyirəm. 
Yuxarıda fizeokrat olduğumu ona görə qeyd etdim ki, dövlət tərəfindən pul sərvətinin dövlətin əsas dəfinəsi kimi qəbul edilməsi ilə razı deyiləm. Əgər real sərvət yoxdursa, pul sərvəti mənasız və əhəmiyyətsizdir. Pul yalnız mübadiləni asanlaşdıran vasitədir.  Xalqın zəngin yaşaması qızılın,  gümüşün və pulun çoxluğu deyil,  həyat üçün lazım olan vasitələrin bolluğundan və insanların yaxşı yaşamasından asılıdır.  Vergi və rüsumları kəmiyyətcə artırmaqla yalnız zəruri idxalı məhdudlaşdırmaq mümkündür. Yığımların kəmiyyətcə artırılması ilə özümüzü aldatmaqdır. Dəyər düşür, yığım isə artır. Belə artımın mənası nədir? 
Bir halda ki, ət və ət məhsullarının istehsalı tələbi ödəmirsə, biz isə hələ kənd təsərrüfatının heyvandarlıq sahəsini lazımınca inkişaf etdirə bilməmişiksə hesab edirəm ki, belə sərtləşmələr iqtisadi tələblərə uyğun deyil. 
Defisit yaransa inflyasiya , ardından isə devalvasiya qaçılmaz olur. Ötən dəfə söz açdığım tələb inflyasiyasının qarşısını almaq üçün dövriyyədə olan pul kütləsinin həcminin daraldılması isə məcmu tələbin süni məhdudlaşdırılması deməkdir. Bu da istehlak zənbilində məhdudiyyət və qadağalara səbəb olur. Əlbəttə ki, bu ağılabatan deyil ! 
Yox əgər dövriyyədə həm pulun azalması, həm də bahalaşmanın baş verməsi müşahidə olunursa, iqtisadi aktivlik sıradan çıxır. Ticarət döriyyəsinin kəskin aşağı düşməsi prossesi başlayır. İqtisadi aktivliyin bərpası üçün yeni pul kütləsi dövriyyəyə buraxılarsa, inflyasiya və ardından devalvasiya dalğası yarana bilər. Deməli, bu da ağılabatan deyil. 
Ağılabatan isə hələlik  kənd təsərrüfatı üçün qismən açıq qapı siyasəti ola bilər. Əbəttə ki, bu mənim şəxsi  fikrimdir. 
Yuxarıda qabartdığım ailə münasibətlərini də boşdan qabartmadım. Çünki sosial iqtisadi problemlərin birinci təsir obyekti ailədir. Bir tərəfdən sivilizasiyanın təbliğ etdiyi virtuallaşma, fərdiləşmə, qohumluq bağlarının qırılması, ifrat fərdi mənafenin qabarması, digər tərəfdən isə iqtisadi çətinliyə dözümün mənəvi mühit və dirənişə uyğun olmaması ailə münasibətlərinin davamsızlığına yol açır. Həyatın virtuallaşdırılması aztəminatlı ailələrdə yüksəktəminatlılara marağın yaranmasına, zənginliyin təbliğatından doğan  yersiz tələblərin meydana gəlməsinə, paralel olaraq mənəvi mühitin, yəni əxlaq normalarının tənəzzülü də tamahın belə baryerləri (sədləri) asanlıqla aşıb keçməsi ilə nəticələnir. Ailələr ən kiçik qarşıdurmadan dağılır. Dağılan ailələr isə digər ailələrin dağılmasına səbəb olur. 
Çılpaq şəkildə desək, zəngin həyat üçün mübarizə bütün bioloji , estetik və intellektual imkanların səfərbər edilməsi ilə hərəkətə başlayır. Gələcək nəsl natamam ailə mühitində və yaxud lazımi qayğı, nəvaziş görmədikləri üçün daha mənasız həyata məhkum olurlar. Bu da onlarda qəddarlığın ,amansızlığın, əxlaqsızlığın və digər psixoloji problemlərin (sarsıntıların)  yaranmasına səbəb olur. Sağlam cəmiyyət qurmaq mümkün olmur. 
Vətəndaş və dövlət münasibətlərinə ona görə toxundum ki, vətəndaş qurduğu dövlətdən qayğı görməyəndə və yaxud lazımınca qayğı görməyəndə, ədalət olmayanda ona güvənə bilmir və inamını itirir. Dövlətdən aldığını ona qaytarmalı olur. İnamın azalması nəticəsində hamı əlindəki  bütün imkanlardan izafi dərəcədə istifadə edərək, yırtıcılıq xüsusiyyətlərini qabardır və xəyanətlər artır. Qanun deyil, maraqlar diqtə etməli olur. 
Amma yüksək ehtirasla yığılan sərvət xoşbəxtlik deyil, əksinə bədbəxtlik yaradır. Ona görə də biz hər hansı sahədə aparacağımız islahatları, başqalarına oxşatmaqla, onları təkrarlamaqla deyil, milli xüsusiyyətlərə, real imkanlara, o cümlədən zamanın ruhuna uyğun şəkildə həyata keçirməliyik. 
Qarşıda dünyanı bir neçə ildir ki başlayan böyük keçid prossesinin  həlledici mərhələsi gözləyir. Həmin mərhələyə bu tərzdə hazırlaşmaq bir o qədər də ağılabatan görünmür !






Fikirlər