Haqqin.az portalının rəhbəri: “Eldar Mahmudovun yaxın çevrəsindəki adamlar vasitəsilə öyrənmişəm ki, o, sağdır, sadəcə, ev dustağıdır”
MTN olayları, Akif Çovdarovun davam edən məhkəməsi, Amerika seçkiləri... Gündəm yenə yetərincə qaynardır. Hər zaman eksklüziv məlumatları və səs-küy doğuran açıqlamaları ilə fərqlənən baş redaktor Eynulla Fətullayevi redaksiyamıza dəvət edib, söhbətləşdik.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, baş redaktorun müavini Azər Ayxan, baş direktorumuz Ələsgər Süleymanov, yazarlar Həmid Herisçi və Sevinc Telmanqızının iştirakı ilə qonağımızı sorğu-suala çəkdik. Hamımız “xəbər dənizi”nin içində üzsək də, qonağımızın bir çox mövzularla bağlı fərqli informasiyaları söhbət zamanı üzə çıxdı.
R.Arifoğlu:
- Amma deyirsiz ki, Cəmil Həsənli praqmatikdir. Bu cür siyasi praqmatiki nə vadar etdi ki, bu çevrəyə özünü salsın?
- İddia. Bizim siyasi isteblişmentin digər bir bəlası iddiadır. Odur, Gültəkin Hacıbəylidir, hər ikisində aşırı iddia var.
R.Arifoğlu:
- Gültəkin Hacıbəylinin mövqeyi də çox maraqlıdır. Hakimiyyət düşərgəsindən o qədər imkanları buraxdı və keçdi Əli Kərimlinin yanına...
- Mən Gültəkin Hacıbəylini YAP-da olanda görmüşəm və onunla çox söhbətlərimiz olub. Onun ədaları, özünü aparması, mimikaları... Birdən-birə adam yüz faiz dəyişir və sənin qarşında Roza Lüksemburq yaranır. Bir gün sən Gültəkin Hacıbəyli simasında partokrat Lüdmila Furtsevanı görürsən, o biri gün isə Rozaya çevrilir. Mən onu fanatik yapçı kimi tanıyırdım...
R.Arifoğlu:
- Amma çox da cəsurdur. Bir çox kişilərin qorxduğu tənqid və fikirləri deyir, siyasi “tormoz”u yoxdur, sanki. Amma ona dəymirlər. Toxunulmazlığı var sanki...
- Toxunulmazlıq deyil bu. Sadəcə, elə adamlar var ki, onlar adi insan həyatı yaşaya bilmir. Bu, həm şöhrətpərəstlikdir, həm də komplekslərin girovuna çevrilməkdir.
R.Arifoğlu:
- Eynulla bəy, mümkünsə müxalifət düşərgəsindən çıxaq. Bayaq həbsinizlə bağlı danışdız, üstündən keçdik... Siz dəfələrlə demisiz ki, məni Çovdarov-Mahmudov mafiyası həbs etdirib. Sonradan məlum oldu ki, bunlar dövlətdə çox mühüm bir postu, sahəni ələ keçiriblər və istədiklərini ediblər. Və bu prosesin içində zərərçəkmiş kimi tanınmış jurnalist Eynulla Fətullayev də olub. Siz niyə onlardan rəsmən şikayət etmirsiz? Bəlkə etmisiz, bizim xəbərimiz yoxdur? Sizin onlarla yollarınız niyə toqquşdu? Bu toqquşmada Elmar Hüseynov faktorunun nə dərəcədə rolu var?
- Akif Çovdarov adını 2007-ci ilin mart ayına qədər eşitməmişəm. Çovdarov mənim eşitdiyim ilk azərbaycanlı soyadı idi. O zaman bir nəfər bunun adını həbsxanada çəkmişdi (Mən onunla gedib həbsxanada görüşmüşdüm). Mən Elmar Hüseynovun qətlinin izi ilə gedirdim. Əslində başqa bir adamın izi ilə gedirdim. Amma mənə dedilər ki, yox, yanlış izdəsən. Orda yeni Hacı Məmmədov var, onun da adı Akif Çovdarovdur...
S. Telmanqızı:
- Bəs sonra?
- Ondan sonra məni bir müxalifət lideri satdı. Mən bu müxalifət liderinə zəng etdim, çünki onun məlumatlı, informasiyalı olduğunu bilirdim... Ondan görüş istədim, bulvarda çay içdik. Ona dedim ki, MTN-də Çovdarov deyə biri var, onunla bağlı məlumatlısızmı? Amma bu adamla danışanda mən bilməmişəm ki, onun keçmiş MTN rəhbərliyi ilə əlaqəsi var. Demək, bu adam mənlə görüşəndən sonra dərhal gedib MTN rəhbərliyinin yanına. Onlara deyib ki, Eynulla Fətullayev mənimlə görüşdü və Akif Çovdarovla maraqlandı. Bunlar da şübhələniblər. Çünki Akif Çovdarov o zaman qapalı isim idi.
R.Arifoğlu:
- O zaman MTN-dəki məlum vəzifəsində idi?
- Bəli, yenicə düzəlmişdi.
S.Telmanqızı:
- Hələ Aqil Xəlil döyülməmişdi?
- Yox, Aqilin döyülməsinə var idi hələ. Məndə olan məlumata görə, həmin vaxt mənim telefonumu yoxlamağa başlayıblar - şəbəkə içində harada olmağım araşdırılıb. O zaman görmüşdülər ki, mən harasa girib, kimləsə görüşmüşdüm. Tiflisdəki Teymuraz Əliyevlə (Elmar Hüseynovun qətlində adı hallandırılan şəxs-S.T.) görüşdən sonra da məni MTN-ə çağırıb, görüşdülər. Xəbərdarlıq da etdilər ki, bu məsələlərə müdaxilə etmə. ...Akif Çovdarovla ən maraqlı söhbətlərimiz həbsxanada olub. Mən bu barədə məhkəmələrimdə də danışmışam. Amma indi mövzu aktualdır deyə, yaddaşı təzələmək lazımdır. Mən kamerada idim, gəlib xəbər verdilər ki, rəisin otağında bir nəfər səni gözləyir. Getdim gördüm bir nəfər oturub.
Dedi: “Akif Çovdarovu axtarırdın, Akif Çovdarov mənəm, gəl əyləş, söhbətimizi davam edək”. Soruşdum ki, məni niyə həbs etmisiz? Dedi ki, biz səni burdan elə-belə buraxa bilmərik. Dedim, nə etməliyəm? Dedi, biz səni “verbovka” etməliyik, MTN-in agenti olmalısan. İkincisi, sən Elmar Hüseynovun qətli ilə bağlı ifadə verməlisən. Həmin ifadəndə də deməlisən ki, Elmar Hüseynovun otağında idman çantası görmüsən, o çantanın da içində 300 min avro pul olub. Mən dedim ki, siz nə danışırsız? Axı Elmar rəhmətə getməzdən bir həftə əvvəl evini satlığa qoymuşdu, hətta evin behini də almışdı bir lənkəranlı oğlandan. 300 min avro pulu olan adam da evini satar? Bu, nə məntiqdir? Dedi, sən fikir vermə, mən deyəni de. Müstəntiqlər Sahib Ələkbərovla Sərdar Carçıyevə bu dediklərimi deyərsən. Həm də de ki, Yaqub adlı adamla Elmarın mübahisəsi olmuşdu. Soruşdum ki, Yaqub kimdir? Dedi, samboçu, idmançı olub, onu da 7 ay bundan qabaq öldürüblər. Dedim, axı mən burda hər gün prezidentə məktub yazıram. İndi soruşursuz ki, niyə şikayət etmirsiz? Mən bu adamlardan şikayətimi hamıdan qabaq etmişəm. Daxili İşlər Nazirliyinə, beynəlxalq təşkilatlara, prezidentə, Avropa Məhkəməsinə onlarla bağlı şikayətim var. Mən bu insanlara qatil, cinayətkar demişəm.
R.Arifoğlu:
- Yəni siz həbsdə olarkən onları Elmar Hüseynovun qətlində açıq-aşkar suçlamısız...
- Nəinki o məsələdə.
R.Arifoğlu:
- Bəlkə səhv edirsiz? Yanılma payı yoxdurmu dediklərinizdə? Dövlət vəzifəsində olan şəxslər bunu niyə etsinlər ki?
- Rauf bəy, bu insanlar kadırovçulardır. Təfəkkürləri də elədir. Mən həbsxanada olanda Antiterror İdarəsinin rəhbəri Elçin Quliyev də yanıma gəldi, danışdılar. Mən həbsdə olanda bir-bir qalxırdılar yuxarı (gülür). Onlarda cinayətkar psixologiyası var.
S.Telmanqızı:
- Amma yenə də bunlar təxmin səviyyəsindədir də. Siz Tiflisdə Teymuraz Əliyev və onun dostları ilə görüşdüz. Onlarla Çovdarov, eləcə də MTN rəhbərliyi arasındakı bağı, əlaqəni necə qurduz? Konkret sübutlarınız varmı?
“Akif Çovdarov dedi ki, biz səni “verbovka” etməliyik, MTN-in agenti olmalısan. Elmar Hüseynovun qətli ilə bağlı ifadə verməlisən. Həmin ifadəndə də deməlisən ki, Elmar Hüseynovun otağında idman çantası görmüsən, o çantanın da içində 300 min avro pul olub”
|
- Mən bu məsələni lap qoyuram kənara. Mənim atam zərgər idi, 25 il bu sahədə çalışmışdı. Bütün Bakının zərgərləri atamın yaxın çevrəsi idi. Onların hamısını girov aparırdılar. Bir gün atam gəlirdi ki, filankəsi apardılar. Gecəynən başına torba keçirib, aparırdılar MTN-ə. Birindən 300 min, o birindən 500 min, bir başqasından 1 milyon istəyirdilər.
R.Arifoğlu:
- Eynulla bəy, bu dediyiniz əməllərin hamısını açdılar. Amma Elmar məsələsi ilə bağlı nə sizin iddialarınızı rəsmi şəkildə təkzib edən var, nə də bu fraqmenti araşdıranlar...
- Jurnalistin vəzifəsi nədir? Jurnalist araşdırma aparır, şübhələrini yəqin edir, onu dilə gətirir. Bununla da bizim missiyamız başa çatır. Biz bilmirik ki, sonrakı proseslər necə davam edir. Mən düşünürəm ki, biz hələ prosesin başlanğıcındayıq.
R.Arifoğlu:
- Eldar Mahmudov da hələ həbs olunmayıb.
- Bəs mən ona görə deyirəm ki, biz hələ proseslərin hansı cərəyanla inkişaf edəcəyini bilmirik. Görünür, bizim hələ bilmədiyimiz çox məqamlar var.
R.Arifoğlu:
- Cinayətkar qrupla bağlı olan iki nazir var. Bunlardan biri Əli Abbasovdur ki, barəsində bəzi ifadələr var. Digəri isə Eldar Mahmudovdur ki, hələ onun əleyhinə ifadə verilməyib. Bu iki, öz sahəsi üzrə güclü olan iki komanda üzvünün həbsini gözləyirsiz, ya bunlarsız gedəcək proses? Sizin “bu, hələ başlanğıcdır” deyə haqqında danışdığınız proses onlara da sirayət edəcəkmi?
- Eldar Mahmudov 10 ildən artıq bir müddətdə Azərbaycanın xüsusi xidmət orqanlarına rəhbərlik edib. Ölkənin ən məlumatlı insanıdır. Ümumiyyətlə, yazılmamış qaydalar, qanunlar var. Xüsusi xidmət orqanı dərin dövlət deməkdir. Və hətta Hitler Almaniyasında hamını həbs etsələr də, Şelinberqi həbs etmədilər. Hamını edam etdilər, Şelinberq və Müller itdilər. Şelinberq, ümumiyyətlə, İsveçrə və İtaliyada yaşayırdı, öz əcəli ilə dünyasını dəyişdi. Mən tarixdə belə presedent görməmişəm ki, xüsusi xidmət orqanlarının rəhbəri həbsxanaya girsin.
R.Arifoğlu:
- Yəni siz deyirsiz ki, artıq Mahmudov həbsə girməyəcək? O yazılmamış qanunlar onun üçün də tətbiq olunacaqmı?
- Çətindir nəsə demək. Biz yalnız gümanlarımızı bölüşə bilərik. Mənə elə gəlir ki, bütün dövlətlərdə yazılmamış qanunlar var. Şelinberqi həbs etməyiblərsə, Eldar Mahmudovu niyə həbs etsinlər?
S.Telmanqızı:
- Sizdəki məlumatlar necədir? Eldar Mahmudov indi öz bağında və ya evində rahat oturub, şəhərdən çıxmır, ya da çıxır? Necədir onun durumu hazırda?
- Biz bilmirik ki, Eldar Mahmudov daha hansı xəyanətlərə imza atıb.
H.Herisçi:
- Siz inanırsız ki, o, hazırda sağdır və Azərbaycandadır? Mənim ilk gündən şübhəm var buna. Şəxsi duyumla deyirəm bunu, əlimdə hər hansı fakt, dəlil yoxdur.
- Mənim əlimdə hansısa fakt yoxdursa, şəxsi hipotezlə necə çıxış edə bilərəm? Mən Eldar Mahmudovun nə ölüsünü, nə dirisini görmüşəm. Heç kim görməyib. Amma mən düşünürəm ki, sağdır. Onun yaxın çevrəsində adamlar var, onlar vasitəsilə öyrənmişəm ki, sağdır, sadəcə, ev dustağıdır.
S.Telmanqızı:
- Hazırda Akif Çovdarovun məhkəməsi gedir. İzləyirsizmi? Onun məhkəməsindən MTN işi adına nə gözləyirsiz? Necə düşünürsüz, A.Çovdarov hansısa formada ifşaedici fiqur ola biləcəkmi? Yoxsa Gülər Əhmədova, Hacı Məmmədov kimi sona qədər dövlətə öz sədaqətini nümayiş etdirəcək?
- İzləyirəm təbii ki. Bizim müxbir hətta zalda oturub, prosesləri izləyir. Onsuz da Akif Çovdarova mənim hörmətim yox idi. Amma düşünürəm ki, Hacı Məmmədov Akif Çovdarovdan daha ləyaqətli adamdır. Çünki kişi eşafota da alnı dik, ləyaqətlə getməli, son ana qədər ləyaqətini qorumalıdır.
S.Telmanqızı:
- Siz onun aclıq etməsinə görə bu qənaətə gəlmisiz?
- Yox, aclığa görə deyil. Siz onun replikalarına, özünü müdafiəsinə baxın. Hacı Məmmədov müəyyən mənada alicənab idi...
S.Telmanqızı:
- (Gülərək) Eynulla bəy, Hacı Məmmədov qadın qaçırırdı, hansı alicənablıqdan danışırıq?
- Yox e, mən onu demirəm. Ləyaqət kodeksindən danışıram. Bu adam kislorod balonu ilə məhkəməyə gəlir, skamyaya uzanır. Sən generalsan e... Heç olmasa mundirinə hörmət elə.
“Mən tarixdə belə presedent görməmişəm ki, xüsusi xidmət orqanlarının rəhbəri həbsxanaya girsin”
|
S.Telmanqızı:
- Belə çıxır ki, bərkə-boşa dözümləri yoxdur.
- Razısız mənimlə? Adam məhkəmədə skamyasında uzanır. Piri babanın nağıllarından sitatlar gətirir. Mən Hacı Məmmədovun proseslərini də izləmişəm. Özünü aparması, vücudu, davranışı, sözləri. Heç vaxt heç kimdən nəsə xahiş etmədi. Nə soruşurdularsa deyirdi ki, mən eləmişəm, düz eləmişəm, filan şeyə görə etmişəm.
S.Telmanqızı:
- Bəs Akif Çovdarov nə edəcək, sizcə? Sınacaq sonda?
- O, artıq sınıb. Akif Çovdarov hakimin qarşısında diz çöküb uşaq kimi ağlayır.
R.Arifoğlu:
- Niyə heç Eldar Mahmudovun adını çəkmir? O xətt açıq görünür.
- Axı Akif Çovdarov Eldar Mahmudovun sanki sağ əlidir.
R.Arifoğlu:
- Həm də bir xilas kəməri kimimi baxır?
- Düşünmürəm. O bilir ki, oyun bitib. Bu, ona nə verəcək ki? Heç nə. Sadəcə, bu gün Akif Çovdarov özünü xilas etmək istəyir. Xilası da bilirsiz nədə görür? Ölmək istəmir. Bilir ki, 15 il həbs onuncun ölüm hökmüdür.
S.Telmanqızı:
- Necə düşünürsüz, hələ də hansısa şansı qalıbmı? Bu manevrlər ona hakimiyyətin rəhmini qazanmağa imkan verəcək?
- İnanmıram. Bu adam təpədən dırnağa qədər cinayətkardır. O, azadlığa çıxsa, daha bu haradan ədalət mühakiməsi oldu? 200-dən artıq epizod var. Necə xilas olunacaq? Akif Çovdarov çox qorxaq adamdır. Mən bunu onunla görüşdə də hiss etdim... Sentyabrın 25-də mənim ad günüm idi. Təcridxanada idik. Məni çağırdılar. Girdim rəisin otağına. Gördüm ki, böyük masa açılıb. Akif Çovdarov da içəridə. Dedi ki, bu masa sənin üçün açılıb. Mən də artıq 6-cı ay idi ki, borşla qreçka yeyirdim.
Sovqat da buraxmırdılar. Gördüm ki, masanın ortasında da bir viski butulkası. Dedim ki, bu viskini içə bilərəm? Ani olaraq düşündüm ki, bunu zəhərləyib. Açığı, ölmək istəyirdim. Mənəvi cəhətdən çox yorulmuşdum. Təsəvvür edin ki, aylardır həbsdəyəm və məndən Elmar Hüseynovla bağlı saxta ifadə verməyimi tələb edirlər, bu tərəfdən də ağır ittihamlar. Düşündüm ki, mənim qismətimdir, içəcəm bu viskini... Ölərəm ölərəm, qalaram qalaram. Götürdüm o viskini başıma çəkdim. Qoydum masanın üstünə. Akif Çovdarovla bir-birimizin gözünün içinə baxdıq...
S.Telmanqızı:
- Bu ad günü qonaqlığının, jestin səbəbi, məqsədi nə idi?
- Məqsəd körpü yaratmaq. Çünki mən artıq ittihamlarımı demişdim.
S.Telmanqızı:
- Sizinlə bağlı sonuncu cəhdi bu oldu?
- Bəli, sonuncu cəhdlərdən biri idi. Orda çox maraqlı epizod oldu. Biz söhbət edəndə nəsə həbsxanadan söz düşdü. Dedi ki, Allah göstərməsin, Allah göstərməsin... Qulaqlarını çəkdi, “kış kış” elədi. O məlum jest... Guya mənə psixoloji təsir etmək üçün idi. Həbsxananın necə ağır olduğunu mənə yeritmək üçün etdi. Akif Çovdarov həbsə girəndə nəyə görəsə bu mənzərə gözümün qabağına gəldi. Çox qorxaq adam idi. Cinayətkarlar hər zaman qorxurlar. İnsan nə zaman adam öldürür? Qorxaqlıqdan. Çox nadan, savadsız adam olub. O, ömründə kitab oxumayıb...
H.Herisçi:
- Akif Çovdarov Rostovda oxuyub. Mən özüm Rusiyanın ali məktəblərində oxumuş biri olaraq deyirəm ki, orda təhsil almaq, diplom almaq heç də asan məsələ deyil. Necə oxuyub onda?