“Eynulla Fətullayev heç kimin adamı ola bilməz”
MTN olayları, Akif Çovdarovun davam edən məhkəməsi, Amerika seçkiləri... Gündəm yenə yetərincə qaynardır. Hər zaman eksklüziv məlumatları və səs-küy doğuran açıqlamaları ilə fərqlənən baş redaktor Eynulla Fətullayevi redaksiyamıza dəvət edib, söhbətləşdik. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, baş redaktorun müavini Azər Ayxan, baş direktorumuz Ələsgər Süleymanov, yazarlar Həmid Herisçi və Sevinc Telmanqızının iştirakı ilə qonağımızı sorğu-suala çəkdik. Hamımız “xəbər dənizi”nin içində üzsək də, qonağımızın bir çox mövzularla bağlı fərqli informasiyaları söhbət zamanı üzə çıxdı.
Amma təəssüf ki, söhbəti qanqaraldıcı bir mövzu, Eynulla Fətullayevin bu yaxınlarda baş vermiş ata itkisi ilə başlamaq zorunda qaldıq.
R.Arifoğlu:
- Bir müddət öncə atanız Emin Fətullayevi, atanızı, bir dostunuzu itirdiz... O, həm də bizim dostumuz idi. Siz həbsdə olanda biz onunla çox dostlaşmışdıq. Atanız haqda bir neçə kəlmə deyə bilərsizmi? Onun itkisi, onun sizin həyatınızdakı rolu, yeri...
- Mən düşünürdüm ki, həyatda ən ağır sınaqlardan çıxmışam və məni daha heç bir faciə, itki sarsıda bilməz. Sanki bütün əsas sınaqlar arxada qalmışdı. Amma inanmazdım ki, ata itkisi bu qədər ağır və sarsıdıcı olar. Çünki mən həm atamı, həm də dostumu itirmişəm. Bunu dəfn günü də dostlara dedim... Atam mənimlə uşaqlıqdan münasibətlər sistemini elə qurmuşdu ki, biz onunla dost kimi hər şeydən danışa bilirdik. Bizimçün qapalı mövzu yox idi həyatda. Həqiqətən də mənimçün böyük mənəvi dayaq, arxa idi. Onun ölümündən sonra çox böyük boşluq hiss etdim. Bu boşluğu doldura bilmirəm və əminəm ki, heç vaxt doldura bilməyəcəm.
S.Telmanqızı:
- Hazır deyildiz bu itkiyə? Qəfilmi oldu? Xəstəlik, ya..?
- Qəfil xəstəlik idi. Xərçəngdən dünyasını dəyişdi. Üç həftə ərzində biz onu itirdik. Şiş beyninin nəfəs mərkəzi və ürəyə cavab verən hissəsində idi. Türkiyədə əməliyyat elətdirdik. Amma sona qədər xəstəliyini ondan gizlətmişdik. O, çox mübariz insan idi. İstəmirdim ki, depressiyaya qapılsın. Hətta mən bir dəfə ona dedim ki, papa, narahat olma, mən sona qədər səninləyəm. Soruşdu ki, sona qədər... Ölümündən üç-dörd gün qabaq idi. Nəysə, həyatdı, Allahın hökmüdür.
S.Telmanqızı:
- Sizə son sözü nə oldu?
R.Arifoğlu:
- Halallaşma imkanı oldumu?
- Təbii oldu... Ümumiyyətlə, ondan öncə də səmimi söhbətlərimiz olurdu, müzakirələr edirdik. Nədəsə razı idi, nədəsə razı deyildi. Mən onunla dost idik, açıq müzakirələr aparırdıq.
R.Arifoğlu:
- Bayaq dediz ki, mən çox əziyyətlər çəkmişəm, çox sınaqlardan keçmişəm. Elə vaxt olub ki, sizin əldə etdiyiniz, qurduğunuz hər şeyi sıfırlayıblar. Siz həbsə gedib - gəlib, hər şeyi yenidən, sıfırdan başlamısız... Yeni başladığınız bu proses, qurduğunuz media resursları, onların vəziyyəti hazırda nə yerdədir? Siz əsasən rusdilli oxuculara xitab edirsiz. O məkanda da informasiya müharibəsi gedir. Azərbaycan informasiya resursu olaraq o, informasiya müharibəsi göstəricilərinə cavab verirmi?
“Həmin an yüksək rütbəli dövlət məmurunun kabinetində Cəmil Həsənlinin gözündən yaş gəlmişdi”
|
- Əfsanəvi sovet aktyoru Rolan Bıkovun gözəl bir sözü var: “Mən yıxıldım, ayağa qalxıb yolu yenidən davam edəcəm”. 2007-ci ildə ümummilli resurslarımız var idi. Bir günün içində hər şey dağıldı. Daha sonra yenidən hər şeyə sıfırdan başlamalı oldum... Mən hər səhər oyananda, ilk hissim o olur ki, özümdən və öz işimdən narazıyam... Nə zamansa, günə oyananda özümdən və işimdən razı olsam, o zaman artıq uğrunda mübarizə aparacaq zirvə olmayacaq.
R.Arifoğlu:
- Çox fəlsəfəsi yanaşma olmadımı? Bu, bir menecer yanaşmasından çox uzaqdır axı...
- Xeyr, mən özümdən çox narazıyam. Həmişə axtarışlardayam. Dünya mediasına hər gün baxıb, müqayisələr aparır, özümü qeyri-mükəmməl hiss edirəm, mükəmməl olmaq üçün çalışıram. Hesab edirəm ki, uğurun formulu budur. O insan ki, düşünür ki, həyatda hər şeyə nail olub və əldə edib, artıq yeni uğur qazanmaq üçün şansı yoxdur, demək, resurslar bitib. Amma hazırda haqqin.az saytına hər gün 500 minə yaxın ziyarətçi daxil olur. Məni sevindirən odur ki, istifadəçilərin 65 faizi Azərbaycandan daxil olursa, təxminən 35 faizi xaricdəndir. Rusiyada, Ermənistanda, Ukraynada bizi çox oxuyurlar. Bir də Qərb ölkələrində ekspert heyəti çox oxuyur. Bəzən saytımıza Küveytdən, Mərakeşdən daxil olurlar. Bəzi ölkələrdə bizim sayta giriş qadağan olunub. Məsələn, Özbəkistanda bizim sayta girişi bağlayıblar. Bu da İslam Kərimovun qızı Gülnarə Kərimova barədə bizim saytda ilk xəbər gedəndən sonra olub. Gülnarə Kərimova həbs olunanda bu barədə ilk məlumatı biz yazmışdıq. Çünki mən tvitterdə onun izləyicisi idim. 3 il bundan öncə onun həbsini yazandan sonra bizi Özbəkistanda blokladılar. Qazaxıstanda da, eynilə prezidentin qızından yazandan sonra bizi blokladılar...
R.Arifoğlu:
- Yəni türmə fasiləsindən sonra qurduğunuz media resursları artıq oxunur, müzakirə olunur, hətta o qədər təsirlidir ki, bəzən cəzalandırılır...
- Oxunur təbii ki. İnsan barədə ən yaxşı qiyməti onun tənqidçisi və bədxahı verir. Gültəkin Hacıbəyli özü etiraf etdi... Amma bir şeydə haqsız idi - izlənmə məsələsində. Çünki izlənmə statistikası var, bunu internetdə çox asanlıqla müəyyən etmək olur. Ümumiyyətlə, mən Azərbaycan dilində internet resursu anlayışını qəbul edə bilmirəm. Çünki internet özü qlobaldır, buna deyirlər qlobal hörümçək. İnternet resursu iki dildə effektli ola bilər - rus və ingilis dillərində...
R.Arifoğlu:
- Bəs daxili auditoriya? Onun informasiya tələbatı?
- Mən sizinlə razıyam. Artıq dünyada siyasi konyektur və siyasi trendlər elə qlobal xarakter alıb ki... Bizim saytda Trampın prezident seçilməsi xəbəri partlayış yaratdı. Heç bir Azərbaycan xəbərinin oxunma statistikası onu üstələyə bilmədi. O xəbər qısa zamanda 23 min İP gətirdi idi.
R.Arifoğlu:
- Yeri gəlmişkən, mən Amerikadakı seçki günü bir köşə yazdım - 30 minə yaxın adam oxudu. Halbuki cəmi 15 dəqiqə ərzində yazdığım ilkin müşahidələrim idi...
E.Fətullayev:
- Rauf bəy, gəlin ona baxaq ki, 20 il bundan öncə Amerika, Fransa seçkiləri barədə xəbərlər Azərbaycanda bu qədər maraqla qarşılanırdımı? Əsla.
R.Arifoğlu:
- Yəni deyirsiz ki, bu vəziyyət Azərbaycan üçün yeni standartlar yaradır?
- Nəinki Azərbaycan, ümumiyyətlə, bütün dünya üçün. Ona görə də bu gün dünya internet şəbəkəsi BMT-nin 5 dilindən ibarətdir. Onun ən vacib seqmenti rus dilidir. Biz kiminlə rəqabət apara bilərik? Bizim əsas bazar rusdilli oxuculara xitab edən auditoriyadır. Məsələn, bizim sayt Ukraynanın əksər saytlarından çox oxunur.
S.Telmanqızı:
“Adını deməyəcəyim bir müavini dedi ki, Əli Kərimli 2013-cü ildə Cəmil Həsənli vasitəsilə hakimiyyətə bir ziyalı silləsi vurdu”
|
- İndi siz nə təklif edirsiz? Milli internet resursları öz fəaliyyətini dayandırsın və...
- Yox, azərbaycandilli saytlar lazımdır. Amma mən ona görə deyirəm ki, üstünlüyü rus dilinə vermişik. Əsas platforma rus dilindədir. Çünki internetdə sərhəd yoxdur. Bu, daha çox oxucu gətirir.
R.Arifoğlu:
- Eynulla bəy, bayaq təpkilərdən danışdız. Milli Şura ilə bağlı da nəsə gərginlik var. Niyə sizi zaman-zaman hədəfə gətirirlər? Bunun səbəbi nədir?
- Məni hər zaman bu sual maraqlandırır. Biz sizinlə 20 ildir ki, tanışıq. Siz hər zaman proseslərin mərkəzində olmusuz. Mən də mərkəzdə olmasam da, yaxınında olmuşam. Mən hər zaman jurnalist fəaliyyəti ilə məşğul olmuşam. Dövlət işini çıxmaq şərtilə - 2-3 il nazir müşaviri olmuşam - hər zaman jurnalistika ilə məşğul olmuşam...
R.Arifoğlu:
- Türmə dönəmini çıxmaq şərtilə, neçə il fasiləsiz jurnalistika ilə məşğul olmusuz?
- İlk yazılarımı 1992-ci ildə “İstiqlal” qəzetinə yazırdım... Demək istəyirəm ki, mən heç zaman milli demokratik düşərgə adlanan məkanda olmamışam. Biz “Monitor”da çox ciddi, sərt tənqidlər yazmışıq hökumətlə bağlı. Amma eyni zamanda müxalifətlə bağlı da kəskin yazmışıq. “Gündəlik Azərbaycan”da da həmçinin. Amma gəlin 2006-cı ildəki ittihamları yada salaq. Onda deyirdilər ki, Eynulla Fətullayev hakimiyyətə işləyir.
S.Telmanqızı:
- Cəmil Həsənlinin ittihamında da sizin “hökumətin adamı” olmanız yer alır. O deyir ki, zamanında sizi Milli Məclisdə müdafiə edəndə hökumət deputatları ona “Eynulla bizim adamımızdır, qaydaları pozub, cəzasını çəkir, çıxandan sonra yenə bizim adamımız olacaq”, deyibmiş...
- Eynulla heç kimin adamı ola bilməz. Jurnalistlər iki hissəyə bölünə bilər: canavarlar və gözətçi köpəklər. Rauf bəy haqda heç kim “bizim adamdır” deyə bilməz. Çünki Rauf bəy peşəkar jurnalistdir. Mənim haqqımda da heç kim bu sözü işlədə bilməz. Cəmil Həsənlinin məntiqini başa düşmürəm. Deyir ki, biz onu zamanında müdafiə etmişik. Niyə müdafiə etmisiz? Çünki haqlarım pozulub, qanunsuz həbs olunmuşam...
R.Arifoğlu:
- Bu minnət diqtə edir ki, siz ömür boyu sizi müdafiə etmiş adama borclu olasız...
- Bu, alim təfəkkürü deyil.
S.Telmanqızı:
- Amma birinci daş sizin tərəfinizdən atılmışdı...
- Xeyr. Tramp prezident seçiləndən və Türkiyədəki məlum həbslər, respressiyalar başlayandan sonra mən yazdım ki, dünyada və regionda yeni situasiya yaranıb, bu situasiyada siz İlham Əliyevin diktator olduğunu deyirsiz. İlham Əliyev diktatordursa, onda Cəmil Həsənli ilə Əli Kərimli şəhərin mərkəzində, Milli Məclisin on addımlığında, mərkəzi meydanlardan birində çıxıb tərəfdarları ilə birgə necə şüarlar səsləndirir? Axı diktatura belə olmur. Azərbaycanda diktatura olsaydı, Cəmil Həsənli ilə Əli Kərimlini o stadiona yığıb güllələyərdilər. Diktator güllələyir. Diktator stadion verir ki, mitinq keçirsinlər?
R.Arifoğlu:
- Mənə maraqlı gələn nədir, bilirsiz? Onları tənqid, hətta təhqir edən çox adam var. Amma məhz sizə çox həvəslə reaksiya verirlər, mübahisəni siz başlasaz da özləri davam etdirməkdə maraqlıdırlar. Nəyə görə sizin sözlərinizə bu cinahda bu qədər həssasiyyət var?
- Eyni şeyləri mən də sizin haqqınızda deyə bilərəm. (gülür)
R.Arifoğlu:
- (İroniya ilə) Məni çox istəyirlər.
E.Fətullayev:
- Söhbət ictimai rəyə təsir imkanlarından gedir.
S.Telmanqızı:
- Bu cür dartışmalarla siyasi reytinqin artırılması, gündəmdə qalmaq cəhdini nəzərdə tutursuz?
- Deyək ki, biz bir analitik məqalə yazırıq. Onlar görür ki, burda məntiq, həqiqət var. Narahat olurlar. Ona görə də bu qədər emosional şəkildə cavab verirlər.
R.Arifoğlu:
- Çox ağır cavablar yazırlar. Məsələn, bir jurnalist nəsə yazıb, onu qıcıqlandıra bilər. Bu, jurnalistin işidir. Amma bir siyasi liderin bu qədər çirkli ifadələrdən istifadə etməsinə necə baxırsız?
- Cəmil müəllim alimdir, tarixçidir. Mən bir dəfə onun kitabını oxumaq istədim, 20 səhifədən artıq oxuya bilmədim...
R.Arifoğlu:
- Mən heç oxumamışam. Amma Pənah Hüseyn deyir ki, çox yaxşı alimdir.
- Alim kimi yaxşı ola bilər. Amma maraqsız yazır. Konseliarikdir də. Söhbət üslubdan gedir. Tarixi təsvir etməkdən gedir.
S.Telmanqızı:
- O da sizi plagiatlıqda ittiham edir. Nərimanov haqda yazdığınız kitabın köçürülmə olduğunu, sizin də bunu etiraf etdiyinizi deyir...
- Kitabdan söz getmir... Mən 2-ci kursda oxuyanda yazdığım essedən danışır... O zaman Cəmil Həsənli kommunist idi. Fəxrlə yazır ki, mən Lenin kitabxanasında araşdırma aparanda Eynulla uşaq olub... Mən bir gün belə komsomol olmamışam. Kommunist Partiyasının üzvü də olmamışam. Amma bu keçmiş kommunistlər bir günün içində gəlib milli demokrat oldular. Dünənə qədər Nərimanovu təbliğ edib, onun kultunu yaradanlar onu təhqir etməyə başladılar. Mən özümdə bunlara cavab vermək ehtiyacı hiss etdim. Dözə bilmədim. Nərimanov mənim ikinci kursda kurs işim olub. Bu adam bir tələbənin kurs işini təhlil edir, Rauf bəy...
“Mən düşünürdüm ki, həyatda ən ağır sınaqlardan çıxmışam və məni daha sarsıdıcı, faciəvi bir hadisə gözləmir”
|
R.Arifoğlu:
- Cəmil Həsənli bir tələbənin diplom işini necə tapıb, necə məlumatlıdır?
- Mənim yazım o zaman böyük əks-səda verdi. Mən yazdım ki, mən bir tələbə olaraq bunları yazmışam. Siz kommunist olmusuz, bu ideyaları satmısız. Sonra gəlib milli demokrat olmusuz, o ideyaları da satmısız. İndi də oldular neokomminist. Əli Kərimli də, Cəmil Həsənli də. Sonra milli demokrata çevrildilər. Metamarfoz yenidən baş verə bilər. Mən də cavab verdim, 17 yaşımda.
S.Telmanqızı:
- Cəmil Həsənli isə deyir ki, siz zamanında bu plagiatlığınıza görə üzr istəyib, hönkür-hönkür ağlamısız...
- Bu bilirsiz nəyə cavab verir? Mən yazmışam ki, niyə Cəmil Həsənli müxalifətçi olub? Axı Cəmil Həsənli Misir Mərdanovu tərifləyirdi, Fərhad Əliyevin kabinetindən çıxmırdı, Zağulbada ikinci hökumət bağında qalırdı. YAP nomenklaturasının içindən çıxmayan adam idi. 2004-2010-a qədər onun çevrəsi belə idi. Prezident Administrasiyasından xüsusi olaraq xahiş edirdi ki, onu ikinci hökumət bağına göndərsinlər. Çünki bilirdi ki, YAP nomenklaturası ora toplaşır, orda xüsusi xahişlər etmək olur, şəxsi kontaktlar əldə edilir... Cəmil Həsənli praqmatik insandır, siyasi romantikadan uzaqdır... 2010-cu ildə onu çağırıb deyirlər ki, cənab prezident sənə ev verdi, bütün şəraitlər yaradıldı, yaşlı adamsan, sənin növbən bitdi. İndi Rasim Musabəyovun növbəsidir... Həmin an yüksək rütbəli dövlət məmurunun kabinetində Cəmil Həsənlinin gözündən yaş gəlmişdi. Mən bunu yazdım, Cəmil Həsənli də mənə cavab olaraq o ağlamaq söhbətini yazdı.
S.Telmanqızı:
- O zaman da sual qoyulur ki, bu qədər gizli məlumat sizdə hardandır? Sizə bu gizli səs yazıları ötürülür?
- Azərbaycan balaca ölkədir. Burada bir insan haqda hansısa bir informasiya, hadisə, rəy daha tez yayılır. Hamı hamını tanıyır. Bilirik ki, hansı proseslər baş verir. Əli Kərimlinin adını deməyəcəyim bir müavini dedi ki, Əli Kərimli 2013-cü ildə Cəmil Həsənli vasitəsilə hakimiyyətə bir ziyalı silləsi vurdu. Bu, faciədir. Cəmil Həsənli Əli Kərimli kimi bir siyasi aferistin siyasi mübarizəsində vasitə rolunda çıxış etdi.
R.Arifoğlu:
- Amma deyirsiz ki, Cəmil Həsənli praqmatikdir. Bu cür siyasi praqmatiki nə vadar etdi ki, bu çevrəyə özünü salsın?