BAKININ BİTMƏYƏN İSTİLİK DƏRDİ VƏ… - Yaşar Həsənov 10 milyonları hara xərcləyib?
“2012-ci ildə büdcə layihəsinə ölkə ərazisində istilik sistemi üzrə yaranan zərərin ödənilməsi, istilik sistemi və təchizatı obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat ayrılıb. 2011-ci ildə isə ayrılan vəsait 19 milyon manat olub. 2005-2010-ci illərdə isə istilik sisteminə üst- üstə təxminən 77 milyon manat ayrılıb. Dostlar, bu rəqəmlərlə başınızı ağrıtmaq istəmirəm. Sadəcə cənab Yaşar Həsənovun nəzərinə çatdırmaq istəyirəm ki, mənim seçicilərimin hələ də istilik məsələsi həll olunmamış qalıb və mən millət vəkili kimi rəsmi müraciətimi bu rəqəmlərin yoxlanması üçün Hesablama Palatasına və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etməyə hazırlaşıram”. Bu fikirlər deputat Adil Əliyevə məxsusdur. Millət vəkili hələ 4 il əvvəl Bakıda seçicilərinin istiliklə bağlı şikayətlərinə bu cür reaksiya vermişdi. Bunu Milli Məclisdəki çıxışı zamanı da bəyan etmiş, deputat həmkarları da onu dəstəkləmişdi . Hörmətli Adil Əliyevin göstərilən vəsaitlərin təyinatı ürə xərclənib-xərclənmədiyinin yoxlanılması üçün Hesablama Palatasına və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib-etmədiyindən xəbərimiz yoxdu. Ancaq bu dəqiqdir ki, 2004-cü ildən bu yana Bakının istilik sisteminə nəzarət edən Yaşar Həsənov hələ də vəzifəsinin başındadır. Rəhbərliik etdiyi qurumun adı 2 dəfə dəyişsə də o, toxunulmazlığını qoruya bilib. Üstəlik bu müddət ərzində Yaşar Həsənovun paytaxtın istilik sistemində təmir və tikinti işlərini qaynı və bacısı oğlunun nəzarətinə verdiyi də deyilir. Yəni, ayrılan 10 milyonların xərclənməsini Y.Həsənov başqalarına deyil, öz yaxınlarına tapşırıb. Bir də o məlumdur ki, deputat Adil Əliyevin hələ 2012-ci ildə Milli Məclisin tribunasından səsləndirdiyi problemlər, nəinki həllini tapıb, əksinə, daha da artıb. Bu il Azərbaycanda qış havası vaxtından əvvəl, hələ oktyabrın sonlarından hiss olunsa da, nə mənzillərə, nə də məktəb və xəstəxanalara istilik verildi – hökumət, soyuq havaya baxmayaraq, israrla istilik sistemini işə salmadı. Bu, qanunvericiliklə əsaslandırıldı, bildirildi ki, qış rejiminə noyabrın 15-dən tez keçilə bilməz. Çünki Nazirlər Kabineti həmin gün “Azəristiliktəchizat” ASC-yə istiliyi təmin etməklə bağlı əmr verir. Ancaq noyabrın 15-i gəlsə də, paytaxtda və digər iri şəhərlərdə yaşayış binaları, məktəblər, səhiyyə ocaqları və bir sıra digər ictimai obyektlərin istiliklə təminatında ciddi problemlər müşahidə olundu. Bu gün isə artııq noyabrın 27-dir. Qış rejiminə rəsmi keçidin üstündən 12 gün keçməsinə baxmayaraq, hələ də paytaxtın müxtəlif ərazilərindən istiliklə bağlı şikayətlər gəlir. Məsələn, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsi, bina 1, blok 1-də yaşayan sakinlər “AzPolitika.info”ya göndərdikləri məktubda mənzillərinə hələ də istilik verilmədiyini bildirirlər. Onlar, Nəsimi rayon istilik idarəsinə dəfələrlə müraciət etsələr də, problemlərinin həll olunmadığını qeyd edirlər və Prezidentdən kömək istəyirlər. Bəzi binalara isə istilik verilsə də, nəinki evlər, heç boruları belə qızdırmır. Məsələn, Xətai rayonu ərazisində binaların əksəriyyətində bu problem yaşanır. Konkret olaraq Zığ Şosesində yeni təmir olunmuş binalarda, royandakı bir sıra məktəblərdə bu problem yaşanır. “Azəristiliktəchizat” ASC isə problem həll etmək əvəzinə, ya həqiqətə uyğun olmayan məlumatlar verir, ya da bəhanələr gətirir. “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətinin rəhbəri Rafiq Əliyev Lent.az-a açıqlamasında bildirib ki, onların balansında olan bütün yaşayış binaları istilik sistemləri ilə tam təmin olunub: “Bizə aid olan elə bir qazanxanamız yoxdur ki, işləməsin”. Halbuki faktlar bunun tam əksini göstərir. “Azəristiliktəchizat” ASC-nin rəhbərliyi isə bunun günahını ya vətəndaşların, məktəb rəhbərlərinin, ya da başqa qurumların üzərinə atır. Məsələn, “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev “Yeni Müsavat”a müsahibəsində istilik temperaturunun aşağı olmasının, siniflərin tam qızdırılmamasının məsuliyyətini öz üzərlərindən atıb: “Mənim borcum deyil axı məktəbin içinə baxım. Mənim vəzifə funksiyama aid deyil və müqaviləmdə də nəzərdə tutulmayıb. Əgər məktəb istəyirsə ki, “Azəristilik” olaraq biz həmin məktəbin daxili sisteminə xidmət edək, zəhmət çəkib müqavilə bağlasın, mən adam ayırım və gündəlik o məktəbin içi ilə məşğul olsun. Mənim məktəblə müqaviləmin sərhədi məktəbin girişində bitir. Tutaq ki, bu iddialar əsaslıdır. Elə isə niyə əksər binalarda da eyni problem yaşanır? Əksər binalarda vətəndaşlar öz vəsaitləri hesabına məhz “Azəristilik”in əməkdaşlarına yeni istilik sistemləri quraşdırtsalar da, gecə-gündüz batarayeların havasını açıb buraxsalar da, mənzillər qızmır. “Azəristiliktəchizat”ın abonent və müştəri xidmətinin rəhbəri Rafiq Əliyev mətbuata müsahibəsində problemin onlarla bağlı deyil, “Azəriqaz”dan asılı olduğunu bildirib. Qeyd edib ki, “Azəriqaz” köhnə borclara görə qazanxanaların qazını kəsib: “Bu gün borc var, biz onu danmırıq. O borc da mübahisə mövzusudur. Çünki köhnə “Bakıistilik”dən qalıb, onu biz ödəməli deyilik, miras qalan borclardır. Bu gün bizdən ödəməyi tələb edirlər, amma biz heç cari borclarımızı tam ödəyə bilmirik, o ki qaldı köhnə borc ödəyək… biz köhnə borclarla bağlı hökumətə müraciət etdik, hökumətdə buna baxılır. Yəqin bizə hansısa köməklik göstəriləcək”. O, problemin vaxtında həll olunmamasını da qəribə şəkildə əsaslandırıb: “Bizim mövsüm noyabrın 15-də başlayır, “Azəriqaz” da gəlib həmin tarixdə qazanxanaların qazını kəsib. Yayda qazanxanamız işləmirdi ki, tədbir görək.” Rafiq Əliyev açıqlamasında qazanxanaların təxminən yarısının qazsız olduğunu və dolayısıyla binaların da çoxunda istilik olmadığını etiraf edib. Ancaq qəribədir ki, “Azəriqaz” İB isə bu iddiaları yalanlayır. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev bildirib ki, “Azəristiliktəchizat” ASC tərəfindən müraciət olunan qazanxanaların hamısı qazla təmin esilib: ““Azəristiliktəchizat” ASC deyir ki, mən “Azəriqaz”dan qaz ala bilmirəm? Bu mümkün deyil. Bizə müraciət olunan qazanxananın qazla təmin olunması üçün aidiyyatı qurumlar tərəfindən müvafiq sənədlər “Azəriqaz” İB-nə təqdim olunmalıdır… Biz “Azəristiliktəchizat” ASC tərəfindən müraciət olunan qazanxanaları istiliklə təmin etmişik”. Yəni, dövlət qurumları günahı həmişəki kimi bir-birinin üstünə atmaqla məşğuldurlar. Ölkə vətəndaşları, paytaxt sakinləri isə dərdlərini deməyə ünvan tapmırlar. Redaksiyamıza müraciət edən sakinlər “Azəristiliktəchizat” ASC–nin 956 saylı “Qaynar xətt”inə edilən zənglərə cavab verilmədiyini, qurumun ərazi üzrə idarəsinin telefonlarının isə daim məşğul olduğunu bildirirlər. Bu üzdən şikayət etməyə də yer tapmırlar. Əlaclarının ya mətbuat vasitəsilə, ya da etiraz aksiyaları keçirərək səslərini ölkə rəhbərliyinə çatdırmağa qaldığını bildirilər. Prezident İlham Əliyev isə xatırladıb ki, “Azəristiliktəchizat” Bakının və bütün ölkənin istilik problemini aradan qaldırmaq üçün yaradılıb.“Azəristiliktəchizat”ın rəhbərliyi isə görünür 10 milyonları “yerbəyer” etməyə başı qarışdığından Prezidentin tapşırığını da unudub, öz məsuliyyətini də. Bunu özünü Corc Buşla müqayisə edən Y.Həsənova xatırladan olacaqmı? Haşiyə: Qeyd edək ki, “Azəristiliktəchizat”ın rəhbəinin özünü Corc Buşla müqayisə etməsini bir neçə il əvvəl virtualaz.org saytına açıqlamasında ASC-nin adının çəkilməsini istəməyən əməkdaşı deyib. O, bildirib ki, bir dəfə sədrdən iclaslara telefonla qatılmasının səbəbini soruşublar: “Sədr isə cavabında dedi ki, bəs siz kinolara baxmırsınız? Corc Buş da iclaslara telefonla qatılır. Hətta Rəsul Quliyev də partiyasını telefonla idarə edir…” AzPolitika.info
2013-cü ildə istilik sisteminin təmirinə yenidən 10,9 milyon ayrıldığını bilsək də, son 3 ildə bu istiqamətdə daha neçə milyon ayrıldığı haqda da konkret rəqəmlər məlum deyil.
Siyirməm də oradadır, monometrim, termometrim də. Ən tələb olunan parametrlə onun istiliyini verirəm. İndi məktəbin içində bir batareya qızır, bizi qızmır. Bunu tənzimləmək lazımdır, havasını açıb buraxmaq lazımdır, hər il açıb yumaq lazımdır. Hansı məktəbdə batareyaları açıb yuyurlar?”