"Ölkəmizdəki xarici diplomatlar dilimizi öyrənməlidir" — Dilçi-alimdən daha bir qalmaqallı təklif
"Azərbaycanda daimi yaşamaq hüququ almaq istəyən əcnəbilər Azərbaycan dilini öyrənsin" Bu fikirləri Ölkə.Az saytına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda elmi işçisi Cahid İsmayıloğlu deyib: "Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları üçün təsərrüfathesablı Azərbaycan dili kurslarının yaradılması, eyni zamanda Azərbaycanda daimi yaşamaq hüququ almaq istəyən əcnəbilər üçün Azərbaycan dili, tarixi və hüququn əsaslarından imtahanların təşkil edilməsi, dövlət dilinin tətbiqi işini təkmilləşdirəcək və daha geniş istifadəsini təmin edəcəkdir". C.İsmayıloğlu diploatik nümayəndələri də Azərbaycan dilini öyrənmələyə səsləyib: "Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri və diplomatik nümayəndələri də şəxsən bu işə cəlb edilməli, Azərbaycan dilinin öyrənilməsi və bu dildə danışmaq tövsiyə olunmalıdır". Xatırladaq ki, bir müddət öncə C.İsmayıloğlunun Azərbaycanda rus dilində tədrisin ləğv edilməsi ilə bağlı təklifi böyük qalmaqala səbəb olmuşdu.