“Saxta profil yaradanlar arasında məmurlar da var”

““Saxta profil yaradanlar arasında məmurlar da var”

 Azərbaycan İnternet Forumunun prezidenti, "Multimedia" Mərkəzinin direktoru Osman Gündüzün Qafqazinfo”ya müsahibəsi:

- Hazırda İKT sahəsində işlər necədir?

- Məlum hadisələrdən sonra İKT sektorunda da, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də vəziyyət bir müddət durğun idi. Yəni, əvvəlki inersiya, temp bir az yavaşlamışdı. Nazirlikdəki dəyişiklikdən sonrakı bir neçə durğunluq aylarını bu sahə üçün itirilmiş dövr adlandırardım. 
Ancaq son dövrlərdə keçirilən tədbirlər, nazirlik tərəfindən atılan addımlar, ölkə başçısının sərgidə və dəgər İKT tədbirlərdə iştirak etməsi müəyyən canlanmalara səbəb olub. Prezidentin son İKT tədbirlərində iştirakını yeni komandaya, yeni nazirə dəstək kimi də dəyərləndirmək olar. Bütün bunlar baş verən çalxalanmalardan sonra publikda İKT sektoru ilə əlaqəli formalaşan mənfi imici aradan qaldırmağa kömək edir. Demək olar ki, növbəti il üçün start vəziyyətimizi yaxşılaşdırmışıq. Ən önəmlisi də odur ki, bu yaxınlarda iqtisadiyyatın bütün sahələri ilə bağlı “Strateji Yol Xəritəsi" hazırlandı. Həmin yol xəritəsində telekomnikasiyaya da yer ayrılıb və bir çox mühüm planlar var.

- Həmin “Strateji Yol Xəritəsi”ndə İKT ilə bağlı konkret hansı təkliflər irəli sürülüb və hansı yeniliklər gözlənilir?

- İKT sektorunda rəqabətyönümlü bir mühitin formalaşdırılması, müstəqil tənzimləyici qurumun yaradılması, özəlləşdirilmənin həyata keçirilməsi, elektron ticarətin, rəqəmsal iqtisadiyyatın inkişafını stimullaşdırmaq, elektron hökumət quruculuğunu gücləndirmək istiqamətində təkliflər və s. irəli sürülüb.

Köhnə rəhbərliyin dövründən müzakirə olunan bir məsələ var ki, hələ də reallaşmayıb. Bizdə uzun müddətdir ki, İKT sektorunda tənzimləyən də, idarə edən də, kommersiya ilə məşğul olan da nazirlik özüdür. Loru dildə izah etsək, deyə bilərik ki, bu qurum həm qayda-qanunu müəyyənləşdirir, həm də qanuni kommersiya ilə məşğuldur. Hazırda həm dövlət provayderləri var - Bakinternet, Aztelekom.net , AzDataCom, həm də özəl. Elə bil ki, biz dövlətə pul veririk, onlar da bizim pulumuzla kommersiya fəaliyyəti ilə məşğul olurlar. Bu anormal bir haldır. İstər-istəməz burada normal, sərbəst rəqabətdən söz gedə bilməz. Burada ancaq planlı rəqabətdən söhbət gedə bilər. Dünyada isə bu belə tənzimlənir ki, İKT sektorunda müstəqil bir telekommunikasiya şurası olur. Onun üzvləri də prezidnet tərəfindən müəyyən olunur. İKT sektorundakı bütün tənzimləmələr də bu Milli Telekommunikasiya Şurası tərəfidən həyata keçirilir. Starteji yol xəritəsində də bu öz əksini tapıb.

“Bizim tariflərin analoqu yoxdur”

- Yeni qaydalara görə dövlət provayderlərinin ləğvi nəzərdə tutulur?

- Yox, özəlləşdirmə işləri aparılacaq. Hazırda infrastruktur yenilənirsə, ilk növbədə dövlət qurumları özəlləşdirilməlidir. Məsələn, Aztelekom, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Bakinternet , AzTelekomNet və s. bunların hər biri ya tam, ya da qismən özəlləşdirilməlidir. Yol xəritəsində aparıcı xətt odur ki, dövlətin investisiya yükü özəllərin üzərinə qoyulsun.

Hazırda böyük problemlərdən biri də İKT sektorunda tətbiq olunan tariflərdir. Bizim tariflərin analoqu yoxdur. Fiber-optik xətt çəkmək istəyən şəxş 1 kilometr üçün fantastik qiymətlər ödəmək məcburiyyətində qalır. Kabel-kanal sistemindən istifadə, icarə, layihələşmə və s. kimi xərclər artıq istifadəçidən fantastik məbləğlər istəməyə məcbur edir.

- İnternetin qiyməti də kifayət qədər bahadır. Bəs bununla bağlı yaxın gələcəkdə hər hansı bir tədbir görüləcək?

- Ümumiyyətlə, bizdə hələ də internetin keyfiyyəti və qiyməti ilə bağlı problemlər qalmaqdadır. Hətta deyərdim ki, bəzi sahələrdə pisliyə doğru da dəyişib. Beynəlxalq statistika da göstərir ki, ölkə üzrə hər istiafdəçiyə düşən internet sürəti qonşu ölkələrdən aşağıdır. Naziriliyin, əlaqədar qurumların bu sahəyə nəzarətinin gücləndiriməsinə ehtiyac var.

“Əli Abbasova şöhrət ordeni də verilmişdi”

- Nazirlikdə məlum dəyişikliklər aparılanda siz Əli Abbasovun işinin öhdəsindən gələn nazir olduğunu demişdiniz. Onun haqqında kifayət qədər müsbət fikirdə olduğunuz hiss olunurdu. İndiki rəhbərliyin həyata keçirdiyi dəyişikliyi müsbət qiymətləndirmək olarmı?

- Sözün düzü, bunu demək üçün hələ tezdir. Eks-nazirin zamanında da telekommunikasiya sahəsində irəliləyişlər də, problemlər də var idi. Xatırlayıram, təkcə dövlət provayderlərindən birinin aylıq gəlirinin 4-5 milyon olduğunu hesablamışdıq və bu qurumun özəl provayderlərə yaratdığı problemləri də açıqlamışdıq. Sonradan məlum oldu ki, ümumiyyətlə idarəetmədə, nazirliyin tabeliyindəki telekommunikasiya qurumlarına nəzarətdə ciddi səhvlər olub. Elə götürək, kosmik infrastrukturun yaradılmasını, İKT sahəsində beynəlxalq inteqrasiyanı, innovasiyalar sahəsində inftrastrukturun fromalaşmasını və s.. Səhv etmirəmsə, Əli Abbasova şöhrət ordeni də verilmişdi. Yeni rəhbərlik üçün isə qiymət vermək , düşünürəm ki hələ tezdir. 

- Nədənsə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rəhbər vəzifədə olan şəxs bu sahənin mütəxəssisi olmur. Bu da sonradan problemlərin yaranmasına, qurumda ikinci və üçüncü dərəcəli şəxslərin daha çox söz sahibi olmasına səbəb olur.

- Əlbəttə, mütəxəssis olsa, onun üçün daha asan olardı. Ancaq dediyiniz o ikinci və üçüncü şəxslər komandada bu sahəni kifayət qədər yaxşı bilirsə, problemlər olmur. Əlbəttə yeni nazir gəlibsə, yeni də komanda formalaşdırmalıdır. O vaxt proseslər başlayanda mən bir status yazmışdım ki, əgər telefon dirəyinə dırmaşan montyoru da, hansısa kod yazan proqramçını işdən çıxarası olsalar, biz batdıq. Xoşbəxtlikdən elə də dərinə gedilmədi.

“Qanundakı qeyri-müəyənlik sui-istifadə hallarına şərait yarada bilər”

- Saxta profillərlə mübarizə yenidən gündəmdədir. Hətta bununla bağlı Cinayət Məcəlləsinə 148.1 maddəsinin əlavə olunması da nəzərdə tutulub. Ancaq çox insan, hüquqşunaslar bu yolla təhqir və böhtanın qarşısının alına bilməyəcəyini deyir. IP ünvanı Kanada göstərilən birinə necə cəza vermək olar? Sizin fikriniz necədir.

- Həm ölkəmizdə, həm də dünyada saxta profillərlə bağlı problem var. Ancaq bu problemin həlli üçün bizdə irəli sürülən bu mexanizmi biz təkmil hesab etmirik. Bu mexanizmdə sanki bir çəkindirici, qorxuducu məqamlar var. Deyir ki, belə etsən, biz də belə edərik. Ancaq necə edəcəksən? Bax bu sual cavabsızdır.

Biz Azərbaycan İnternet Formunda 3-4 dəfə yığışdıq, ancaq yekdil qərar qəbul edə bilmədik. Fikir ayrılıqları oldu. Qanundakı qeyri-müəyənlik sui-istifadə hallarına şərait yarada bilər. Məsələn, bir nəfərin üstünə gedib deyə də bilərlər ki, bu saxta profil sənindir, sübut eləsin ki, onun deyil.

Rusiyada uşaqların təhlükəsizliyi adı altında bir sistem formalaşdırıblar. Hər hansı bir xəbər saytında erotik bir söz getsə, pornoqrafiyadır deyə bağlayacaqlar. Burada adam yox, sistem işləyir. Məsələn, saytınızda hansısa şairin şeirində bir erotik söz tutsa, sayt bağlana bilər. Hökumətə o saytı bağlamaq lazımdırsa, bağlayır.

Əvvəllər bizdə də adi bir millət vəkili saytı bağlatdıra bilirdi. İndi işlər ciddiləşib, məhkəmənin qərarı olmadan, kimsə nəsə edə bilmir.

“Saxta profil yaradanlar arasında vacib şəxslər, məmurlar da var”

- Təhqir, böhtan, iğtişaşa çağırışı saxta profillə də, real profillə də yazanda cinayətdir. Bundan öncə də saxta profillə kimisə təhqir edəndə hüquq-mühafizə orqanlarına şikayət edilirdi və əslində, onu kimin yazdığı onsuz da bəlli olurdu. Belə olan halda, hökümət niyə məhz saxta profilləri belə qabartdı?

- Bu, mənim subyektiv fikrimdir. Saxta profil yaradanlar təkcə sadə vətəndaşlar deyil ki, dövlət məmurları da var. Güman ki, məmurlar bu yolla kimlərəsə informasiya ötürür. Bu yolla onlara çəkindirici bir mesaj verilir. İstənilən halda bu qanunun çəkindirici məqamları daha çoxdur.

- Son zamanlar ölkədə startap sözünü daha çox eşidirik. Hazırda bu sektorda vəziyyət necədir. Bizdə bu sahəyə kimlər dəstək verir. Başqa ölkələrdə bu sahəyə yatırım edən “biznes mələklər” bizdə də varmı?

- Biz 2012-ci ildən start-up hərəkatına başlamışıq. Ancaq bu 4 ildə, müəyyən inkişaf yolu keçə bildik. Bu sahədə ən böyük problem elə siz deyən investor məsələsidir. Hələ də bu sahəyəyə yetəri qədər investisiya qoymaq istəyən təbəqəni formalaşdıra bilmədik. Bu dəqiqə investora yaxınlaşıb feysbuk yaradacam, 100 min ver desən, deyəcəklər ki, o pula torpaq alıb, ev tikirəm. Bizdəki fərdi sahibkarlar tikintiyə, torpağa pul qoyub cüzi gəlir götürməyi sevir, daha milyardlar yox. Start-upın bir tərəfi də təhsillə bağlıdır. Əvvəlcə təhsil yerinə qoyulmalıdır ki, bu sahədə dirçəliş ola bilsin. Biz elə sahələr tapa bilərik ki, külli-miqdarda pul götürə bilək. Götürək elə bu oyunları. Bu yaxınlarda hamı “pokemon go” oyunundan danışırdı. Mən bir vaxt ayırdım, bunun gəlirlərini hesabladım, sonra da büdcəmizlə müqayisə etdim. Büdcəmiz bu il 9 milyard olub, bunun da yarısı neftdən gələn gəlirdi. Bu ölkəyə neftdən gələn gəlir bir oyun üçün tum çırtlamaq kimi bir şeydir. Olmaz ki, biz də bu kimi şirkətlər yaradıb bütün ölkəni vergidən azad edək?!

“Görünür ki, vicdan 20 dənədir”

- Siz texnologiyanı inkişaf etdirməyin vacibliyindən danışırsınız, ancaq sosial şəbəkələri bağlamağı təklif edənlər var. Dövlət qurumlarının informasiya açıqlığı, məlumat bazalarının açıqlığı məsələsinə aydınlıq gətirməyinizi istırdik.

- Dünyada Açıq Hökumət təşəbbüsü deyilən bir yanaşma var. Hazırda yerli icra orqanlarının informasiya açıqlığı tam bərbad vəziyyətdədir. Təsəvvür edin ki, açıqlanması məcburi olan informasiyaların cəmi 10 - 15 %-ni icra orqanların bəsit formalı saytlarında tapmaq olar.

Açıq məlumat bazaları ilə vəziyyət isə ümumiyyətlə acınacaqlıdır. Xaricdə hər ölkə bir açıq məlumat portalı yaradır və bütün dövlət qurumları açıq məlumat bazasını həmin serverə qoyur. Bu gün bizim DATA.gov.az portalında cəmi 20 məlumat bazası var, Qazaxıstanda, Rusiyada isə bu rəqəm 1000-dir. Sual yaranır ki, məlumat bazaları niyə yerləşdirilmir? Çox güman ki, Rabitə və Yüksək Texonologiyalar Nazirliyi digər nazirliklərə bununla bağlı məktub ünvanlayıb. Nazir də məktubu alıb, baxıb, ciddiyə almayıb. Bu qədər. Kim öz vicdanı ilə qoyubsa, qoyub. Görünür ki, vicdan 20 dənədir.

- Bu, informsiya tərəfi idi, bəs xidmət məsələsi üçün nə etmək olar? Nə qədər elan olunsa da ki, elektron hökumət qururuq, amma yenə də vətəndaşlardan kağız formasında infromasiya tələb olunur.

- Dünyada vətəndaşla bağlı informasiya hansısa bir dövlət qurumunda varsa, digərləri səndən yenidən hər hansı bir sənəd istəyə bilməz. Ancaq bizdə necədir. Bir misal çəkim, TQDK qəbul prosesini yekunlaşdırır, universitetlərə qeydiyyat başlayır. Universitetlərin tələb etdiyi sənədlərə bir baxın: yaşayış yerindən arayış, TQDK-da var, qəbul sənədi, TQDK-da var, Ödəniş qəbzi, bankda var. Yəni, siyahıda olan bütün informasiyalar dövlətdə var. Adi bir sənəd üçün adam məcburdur ki, iş yerindən icazə alıb hansısa rayona gedib gəlsin. XXI əsrdə bu, sadəcə güməli bir haldır. Biz yox, bir az da onlar əziyyət çəkməlidir.

- Hazırda MilliNet 2016-nın yekun səsvermə mərhələsidir. Ötən illərin və bu ilin namizədlərinə baxdıq. Nəsə hazırda mətbuatda əsas yer tutan saytların adı gözümə dəymədi. Bu nəyin nəticəsidir?

- Biz MilliNeti Azərbaycan internetinin “Oscar”ı hesab edirik. Bu, könüllü bir yarışmadır. Qalib gələn 4 il müddətində verə bilməz. Bəzən də, öz resursunda problem olan qurumlar müsabiqədə iştirak etməkdən çəkinir. Çünki bizdə müzakirə var. İnformasiya, dizayn və texniki baxımından resurslar dəyərləndirilir. Bəzən elə olub ki, insanlar müsabiqədən çəkilmək istədiklərini deyiblər. Birmənalı olaraq biz müsabiqəyə haram qatmağa qoymuruq.

“Göydə amansız rəqabət gedir”

- Ölkəyə internet trafikinin demək olar ki, yalnız Delta Telekom-dan daxil olması hələ də davam edir?

- Hazırda ölkədə iki belə provayder var. Biri “Azərtelekom”du, digəri “Delta Telekom”. İndi “Delta”nın yükü biraz azalıb, bəzi şirkətlər ordan çıxıb “AzərTelekom”a köçüblər. Beynəlxalq tarfikin ölkəyə daşımasının 80 faizi “Delta”nın, 20 faizi “Azərtelekom”un üzərindədir. Hər ikisi özəl qurumdur.

- Kosmosa göndərdiyimiz “Azerspace” peyki hansı statusludur və bu illər ərzində bizə nə xeyir verib?

- Bizim peyk kəşfiyyat tipli yox, telekommunikasiya tiplidir. İsrailin kosmosda 40-a yaxın kəşfiyyat peyki var. Göydə amansız rəqabət gedir. Biz öz peykimizi buraxmaq istəyəndə məlum oldu ki, artıq yer yoxdur. İkinci göndərdiyimiz aşağı radiuslu peykin kəşfiyyat xarakterli olub-olmadığını bilmirəm. Biz peyklərdən yalnız TV kanallarının yayımı üçün pul qazanmırıq. Televiziya yayımlarının artıq perspektivi yoxdur. Əsas pul informasiya satışından əldə olunur. Biz peykdən informasiya alıb xaricdə onu lazım olan yerlərə, ölkələrə elmi tədqiqat aparan zavodlara satırıq. Bu da məxfi olduğu üçün biz burdan nə qədər pul qazanıldığını bilmirik.

- Yadınızdadırsa, Delta Telecom-da ötən ilin bu vaxtları yanğın oldu. Sonradan bildirildi ki, orada yanan MTN avadanlıqları olub. Bu hadisə təsadüf idimi?

- Şübhələnmək üçün müəyyən məqamlar var idi. Birincisi, ölkə prezidenti burada yox idi, ikincisi, orada montaj işi aparan əməkdaşlardan biri tədqiqat başlayandan sonradan yoxa çıxdı. Düşünməyə əsas verən belə faktlar var.

“Yaxın gələcəkdə simkartlar heç nəyə lazım olmayacaq”

- İnsanların rabitə vasitəsilə izlənilməsi prosesi necə baş verir? Sizcə bu barədə vətəndaşları məlumatlandırmalıyıqmı?

- İzlənmə var qanuni, izlənmə var qanunsuz. Bizim qanunvercilik də İKT sahəsində zəruri hallarda hüquq-mühafizə orqanlarına izlənmə üçün icazə verir. Amma bunun da öz şərtləri var. Dövlət qanunvericilikdə nəzərdə tutulan qaydalardan kənara çıxsa, bu qanunsuz izlənmə olur. Qanunvericilikdə qeyd olunur ki hansı cinayətlərə görə vətəndaşın emaili, watsapp-ı, mobili izlənə bilər? Polis səndən toyuq oğurluğuna görə şübhələnirsə, qanun onun səni emailini və ya mobilini izləməsinə icazə vermir. Qanun polisə deyir ki, əziyyət çək, özün tap. Əgər toyuq oğurluğuna görə səni izləyib, danışıqlarını dinləyiblərsə, sən həmin qurumu məhkəməyə verə bilərsən. Amma sən dövlət əleyhinə, insanlıq əleyhinə cinayətdə, terror törəkməkdə şübhəlisənsə, onda bütün əlaqə vasitələri izlənə bilər.

- Bəs izləmənin özü necə həyata keçirilir ? İnfromasiya necə toplanır?

- Burda da qəliz bir şey yoxdur. Sistem elə qurulur ki, sənə gələn, sənin göndəridiyin imeyl, mesaj həm də səni izləyənə gedir. Bir də belə bir prkatika var ki, müəyyən sözlər əlavə edilir, məsələn, prezident, bomba, terror. Bu sözlərin istifadə olunduğu mesajlar təhlükəsizlik qurumunun süzgəcindən keçir. Azərbaycanda belə bir avadanlığın olub-olmadığını bilmirəm. Bu prosesin bir də başqa tərəfi var. Sənə şübhəli kimi “papka” açıldı, izləndin, hər şeyini öyrəndilər, sonda məlum oldu ki, sən günahsızsan. Bəs indi necə olacaq? Onda xüsusi komissiya qurulur və sənin “papka”n yandırılaraq məhv edilir.

- İnternet, komputer, rabitə sahəsində yaxın 10-20 ildə bizi nə gözləyir?

- Bütün sahələrin robotlaşdırılması başa çatacaq. Əşyaların interneti deyə bir məsələ var, bu dəhşətli trenddir. Bütün şirkətlər çalışırlar ki, özünün istehsal etdiyi avadanlığı internetə inteqrasiya etsin. Böyük məlumat bazaraları sahəsində də yenilik gözlənilir. Çünki milyonlarla faydalı məlumat var, amma gün ərzində məsələn, “facebook”da 4-5 belə məlumat qarşımıza çıxır, halbuki “facebook” faydalı məlumatlarla dolub-daşır. İndi mütəxəssislər fikirləşir ki, necə edək insanlara məhz ona lazım olan məlumatı təqdim edək. Böyük məlumatların idarə olunması problemə çevrilib. Sosial şəbəkələr artıq canlı yayımı tətbiq edir. Bu o deməkdir ki, hamnın televiziyası var. Buna görə də yaxın illərdə indiki klassik televiziyalar yoxa çıxacaq. Həmçinin, indiki mobil operatorlar da sıradan çıxacaq. Əgər mən sənə “facebook”, “skype” və ya “whatsapp” hesabımdan zəng edib danışıramsa, simkartlar heç nəyə lazım olmayacaq. Yaxın illərdə mobil telefonları əvəzləyən adi bir qurğu olacaq, internetə qoşulacaq və hər şey onunla həll olunacaq.

 

“Saxta profil yaradanlar arasında məmurlar da var”

 






Fikirlər