Ölkənin internet problemi düzəldi, amma...
Ekspertlər bildirirlər ki, internet problemlərinin yaşanması ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhlükədir
Noyabrın 16-da ölkədə yaranan internet problemi hələ tam həllini tapmayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, hadisənin fəsadların aradan qaldırılması üzrə tamamlama işləri davam edir: "Azərbaycanın qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator - "Delta-Telekom" MMM Data Mərkəzinin əsas kabellərinin birində noyabrın 16-da tüstülənmə baş verib.
Hadisəyə dərhal reaksiya verilərək qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidməti də cəlb edilib. Hadisə zamanı açıq yanğın halları baş verməyib, kabellərin əriməsi nəticəsində yaranan tüstü avadanlıqlarda qismən nasazlıq yaradıb. Bununla əlaqədar sistemin ümumi işi dayandırılıb və nəticədə ölkədə internet əlaqəsində kəsinti yaranıb. Hadisə zamanı ölkəmizin tranzit marşrutu üzrə fəaliyyətdə heç bir dayanma baş verməyib və normal xidmət göstərilməsi təmin olunub.
Həmçinin digər operatorların alternativ kanalları üzrə ölkədə internet əlaqəsi mövcud olub və bu imkanlardan rabitənin təşkili üçün istifadə edilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, aidiyyəti digər dövlət orqanlarının nümayəndələri hadisə yerində olub. Hadisə yerində tüstülənmənin baş verməsi və onun təxirəsalınmaz işlərinin dərhal başlamasına maneələr yaratması səbəbindən internet əlaqəsinin bərpası vaxt tələb edib, gərgin və fədakar əmək nəticəsində saat 21.00 radələrində internet əlaqəsi bərpa olunub. Hazırda ölkədə internet əlaqəsi bərpa edilib və bank sektorunda, dövlət təşkilatlarında və digər sahələrdə internet vasitəsilə göstərilən xidmətlərin fəaliyyəti, o cümlədən fərdi istifadəçilər tərəfindən istifadə təmin edilib. Hadisənin fəsadlarının aradan qaldırılması üzrə tamamlama işləri davam edir".
İnternet üzrə mütəxəssis Vahid Qasımov isə "Yeni Müsavat"a açıqlamasında qeyd edib ki, ölkədə internet təhlükəsizliyi aşağı səviyyədədir: "Düzdür, noyabrın 16-da baş verənlərdə təhlükəsizliklə əlaqədar prinsipcə heç nə yoxdur. Bizim əsas internet provayderimizin texniki standartlara diqqətlə riayət etməsi lazım idi. Yanğına qarşı müdafiə sistemləri mövcud olmalı idi. İkincisi, alternativ giriş kanallarının, "data senter"lərin olması lazım idi. Bu cür standartlara riayət olunsa, problem yaranması minimuma enər. Ancaq ümumilikdə belə bir texniki problemlərin olması labüddür. Hər şeyi əvvəlcədən bilmək mümkün deyil. Ancaq "Delta-Telekom"un problemi tez bir zamanda aradan qaldırmasını da qeyd etmək lazımdır. Mən hesab edirdim ki, həmin problemin aradan qaldırılması 2-3 gün çəkəcək. Amma bir gecədə kifayət qədər operativ həll ediblər. Ümid edirəm ki, bu problemdən sonra onlar sistemlərini təkmilləşdirəcəklər. Əslində, Azərbaycanın üç əsas provayderi var. Problem, sadəcə, "Delta"da deyil. Bir balaca daha ehtiyatlı olsaydılar, alternativ iki yerdən internet alsaydılar, ölkə bu günə düşməzdi. Etibarlı şirkətlər, dövlət qurumları işlədiyi provayderlərdən tələb etməlidirlər ki, heç olmasa, iki alternativ yerdən internet alınsın, ancaq Rusiyadan gəlməsin. Peykdən və sair yerlərdən alınsın. Bu, bizim üçün təcrübə oldu. Daha diqqətli olmaq lazımdır".
Azərbaycan İnternet Forumunun (AİF) rəhbəri Osman Gündüz isə bildirib ki, internet bağlantısının kəsilməsi ölkənin internet təchizatının 90 faizini təmin edən "Delta Telecom" şirkətində baş verən yanğınla bağlı olub: "Azərbaycan İnternet Forumu bildirir ki, 16 noyabr tarixdə bütün ölkə ərazisində internet təchizatı sahəsində ciddi problem yaranıb. Ölkə ərazisinin böyük bir hissəsində 6 saat müddətində internet olmayıb. Bu müddət ərzində daimi onlayn əlaqə tələb olunan müəssisə və təşkilatların, dövlət və özəl sektorun, xüsusi əhəmiyyətli qurumların, internet media qurumlarının, bank sektorunun fəaliyyətində ciddi problemlər yaşanıb. AİF bildirir ki, internet bağlantısının kəsilməsi ölkənin internet təchizatının 90 faizini təmin edən "Delta Telecom" şirkətində baş verən yanğınla bağlı olub. Yanğın nəticəsində şirkətin texniki sistemində, serverlərində ciddi problemlər yaranıb və internet təchizatı mümkünsüz olub. Yanğının səbəbləri haqqında hələlik şirkət tərəfindən rəsmi açıqlama verilməyib. Hazırda hüquq-mühifizə orqanlarının bununla bağlı təhqiqat apardığı bildirilir. AİF bildirir ki, baş verən hadisə, uzun müddət ölkənin qlobal dünyadan ayrılması, informasiya münasibətlərinin mümkün olmaması, xüsusilə də daimi onlayn əlaqənin vacib olduğu sahələrdə internet problemlərinin yaşanması ölkənin informasiya təhlükəsizliyi üçün ciddi xəbərdarlıqdır. AİF bildirir ki, son illərdə ölkənin milli informasiya fəzasının formalaşması istiqamətində, informasiya təhlükəsizliyinin qorunması istiqamətində müəyyən işlər görülüb. Dövlət və özəl sektorda informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün müəyyən addımlar atılıb.
AİF "Delta Telecom" tərəfindən Azərbaycan internetinin qlobal dünyaya bir neçə fərqli magistral kanallar üzərindən bağlantısının qurulması istiqamətində son illərdə atdığı addımları da müsbət dəyərləndirir. Bununla belə, AİF bildirir ki, baş verən hadisə onu göstərir ki, atılan addımlar yetərli deyil və ölkənin informasiya təhlükəsizliyi məsələsinə daha konseptual yanaşmaq vacibdir. Hökumət baş verənlərin təkrarlanmaması üçün dərhal ciddi tədbirlər görməli, bu sahədə rəqabətli mühitin, alternativlər üzərində infrastrukturun formalaşması üçün tədbirlər görməlidir. Müasir dövrdə informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin əsas tərkib hissəsi olmasını nəzərə alaraq AİF ölkənin dayanıqlı informasiya təhlükəsizliyi sisteminin, informasiya infrastrukturunun alternativ təchizatlar və alternativ informasiya şəbəkələri üzərində qurulmasını zəruri hesab edir. AİF dövlət və ictimai sektorda bir müddət müzakirə olunan yeni milli informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanması məsələsinin yenidən gündəmə gətirilməsini vacib hesab edir. AİF bu kimi halların bir daha təkrarlanmaması üçün, ən qısa 2-ci səviyyəli provayderlərin, daimi onlayn əlaqənin əhəmiyyətli olduğu qurumların da informasiya şəbəkəsinin alternativlər üzərində qurulmasının vacib olduğunu diqqətə çatdırır. AİF baş verən hadisənin səbəbləri haqqında ictimaiyyətə rəsmi açıqlamanın verilməsini vacib hesab edir".