“Məmurlar cəzalanmasa, vəziyyət dəyişən deyil” - MM-dəki müzakirələrə iqtisadçı ŞƏRHİ

"Hesab edirəm ki, inhisarçılıq aradan qaldırılmasa, bütün sahibkarların qanun qarşısında hüquq bərabərliyi təmin olunmasa, vəziyyət dəyişən deyil”. 

Bunu BakıPost.az-a sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli dünən Milli Məclisdə deputatların hökumətə qiymət artımı və bank sektorunda olan vəziyyətlə bağlı səsləndirdikləri etirazlara münasibət bildirərkən deyib. 
 Onun sözlərinə görə, vəziyyətin düzəlməsi üçün əsas məsələlərdən biri də məmur sahibkarlığına son qoyulmasıdır: "Çox təəssüf ki, Milli Məclis həmişə nəticəni müzakirə edir, nəyin ki onu doğuran səbəbləri. Yəni hökumət üzvləri Milli Məclisdə iştirak edərkən giley-güzardan daha çox bu bahalığı doğuran səbəb, kredit faizlərin artımı nədən qaynaqlanır, monopoliya inhisarçılıq haqda fikir yürütməlidir. Yoxsa hamı təkrar edir ki, faiz artıqdır, sahibkarlar vətəndaşları soyur. Bunu demək çox asandır. Amma onun səbəbləri nədir, niyə belə olur, necə onu aradan qaldırmaq haqda danışılmır. 
Azərbaycan öz valyuta ehtiyatlarını xaricdə illik olaraq 1 faizdən aşağı digər maliyyə institutluları vasitəsilə idarəetməyə verir. Amma bizim ölkəmizdə kommersiya bankları bu cür resurs tapa bilmirlər. Əgər Mərkəzi Bank uçot faizini 15 və ya daha yuxarı qaldırırsa, yaxud əmanətləri qəbul etdikdə faizlər 15-dən qəbul edilirsə, bu zaman həmin banklar heç olmasa 20 faizlə verməlidir ki, öz xərclərini qarşılasın. Bu mənada kommersiya banklarını hər şeydə günahlandırmaq doğru deyil. Ona görə də hesab edirəm ki, inhisarçılıq aradan qaldırılmasa və bütün sahibkarların qanun qarşısında hüquq bərabərliyi təmin olunmasa, eyni zamanda məmur sahibkarlığına son qoyulmasa məsələ dəyişən deyil. 
Dövlət büdcəsinə nəzarəti Hesablama Palatası həyata keçirir. Palata da birbaşa Milli Məclisin tabeçiliyində olan qurumdur. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə verilən aşağı faizli kreditlər hansı istiqamətlərə yönəlir? Həqiqi sahibkarlara çatdırılırmı? Yoxsa bu vəsaitlər yüksək çinli məmurların arxasında durduğu şirkətlərə gedir? Bu suallara cavab tapılmalıdır. 
Kifayət qədər jurnalist araşdırmaları var ki, bölgələrdə açılan müəssisələr bir müddətdən sonra bağlanır. Bunun kökündə duran səbəb vəsaitin, həmin layihələrin qiymətlərinin çox yüksək şişirdilməsi və dövlət büdcəsindən ayrılan vəsaitlərini mənimsəmələrdir. O cümlədən Beynəlxalq Bankın vasitəsilə o sahibkarlarla kredit resursları verilib ki, bunlar bu və ya digər formada kiməsə yaxındırlar, kiminlərinsə adamlarıdır. Hesab edirəm ki, məclisdə bu sahədə danışılsa yaxşı olar”. 
İqtisadçı hesab edir ki, qiymət artımın qarşısını almaq üçün sahibkarlıqala məşğul olan məmurları işdən çıxartmaq lazımdır: "Qiymətlərin şişirdilməsi ilə bağlı niyə idxal monopoliyasından danışılmır? Məsələn, 1 manata ölkəyə daxil olan məhsul vətəndaşın alması üçün marketə gedəndə 10 dəfələrlə artır. Bunun da səbəblərini aradan qaldırmaq lazımdır. Deputatlar məsələnin məmur sahibkarlığı ilə əlaqəli olduğunu deməli, hökumət üzvlərindən monopoliyanı yaratmamağı tələb etməlidir. Vətəndaş haqda düşünsünlər. O zaman heç kim qiymətlərin şişirdilməsindən şikayətlənməyəcək. 
Gürcüstan müqayisə də bizdə dərmanlar 3 dəfə bahadır. Bunun səbəbi də, ancaq inhisarçılıq, məmurun dövlət vəzifəsindən istifadə edib biznesi ilə məşğul olmasıdır. Bunun qarşısını həmin məmurları işdən çıxarmaqla və cəzalandırmaqla almaq olar”.






Fikirlər