NAZİM BƏYDƏMİRLİ: "Təəssüf edirəm ki, milli MƏCLİSDƏ..."

"Bank faizlərinin yüksək olmasının nəticəsini müzakirə etməkdənsə, bu nəticənin kökündə duran səbəbləri ortaya çıxarsaq daha effektiv olar”.

Bunu Sherg.az-a bu gün Milli Məclisin iclasında deputat Siyavuş Novruzovun "Banklar insanları soyur" fikirlərinə münasibət bildirərkən iqtisadçı-ekspert Nazim Bəydəmirli deyib. 
O bildirib ki, kredit faizlərinin yüksək olması haqqında illər boyu danışılır, amma çıxış yolları göstərilmir:
"Baxmayaraq ki, bizim valyuta ehtiyatlarımız xaricdə kifayət qədər çoxdur və işlənir. Onun illik gəliri isə heç bir faiz etmir. İllik olaraq, bir faizdən aşağı xarici maliyyə instrumentlərində saxlanır. Yaxşı olardı ki, Siyavuş Novruzov bunu törədən səbəbləri də danışardı ki, Azərbaycanda niyə kredit resursları bahadır. Problemin kökündə duran səbəbləri danışmasaq nəticə haqqında danışmaq özü doğru addım deyil. Təəssüf edirəm ki, Milli Məclisdə həmişə nəticələr müzakirə olunur. Nəticə haqqında danışılır, amma onu törədən səbəblərin aradan qaldırılması üçün xarici bazarın Azərbaycanda işləməsinə icazə verilməlidir. İqtisadiyyatdakı monopoliya aradan qaldırılmalıdır. Təkcə bank sektorunda müxtəlif araşdırmalar var. Təkcə Beynəlxalq Bankın neçə milyardlarla kreditləri Sahibkarlara Kömək Milli Fondu vasitəsilə ayrı-ayrı sahibkarlara çox aşağı faizlərlə verilməli olduğu halda böyük holdinqlərə gedir. Bunun haqqında hörmətli deputatlar danışsınlar. Çünki büdcəyə nəzarət edən Milli Məclis və onun orqanlarıdır. Ancaq büdcə vasitəsilə verilən vəsaitlər niyə həmin sahibkarlara deyil .arxasında məmur duran böyük holdinqlərə verilir. Bu məsələlər müzakirə olunsa, daha məqsədəuyğun olar. Yenə qeyd edirəm, nəticəni müzakirə etmək deyil, bunu yaradan səbəbləri aradan qaldırmaq daha effekt verir. Azərbaycanın vəsaitləri xaricdə saxlanıldığından özümüzə resurslar çox bahadır. İstehlak kreditləri 30 faizdən, biznes kreditləri isə 20 faizdən yuxarıdır. Belə şəraitdə iqtisadi fəaliyyət artıb, stimullaşdırma yarana bilməz. Ona görə, biz istehlakçılar bahalı məhsullar alıb, bahalı xidmətdən yararlanmağa məcburuq. Çünki sahibkarlar götürdüyü kreditin xərcinin hamısını satdığı malın və göstərdiyi xidmətin üzərinə qoyur”.
Qeyd edək ki, bu gün Milli Məclisin iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov kommersiya banklarının yerli sahibkarlığın inkişafı ilə bağlı kreditləri yüksək faizlə verməsinin qarşısının alınmasını təklif edib.






Fikirlər