Vəzifəm Mənim SƏRVƏTİMDİR

QULU M

Qulu Məhərrəmli

Yəqin ki, yaşlı və orta nəsil Vaxtanq Kikabidzenin bir vaxtlar məşhur olmuş “Ötən illərim mənim sərvətim, var-dövlətimdir” lirik mahnısını yaxşı xatırlayır. Həmin mahnı elə indi də ara-sıra səslənir və melodiyası adamda keçmişə əməlli-başlı xiffət hissi oyadır. Ömürdən keçən mənalı illərin insanın sərvətinə çevrilməsi fikri də çox düşündürücüdür.

Mən əminəm ki, babat musiqi zövqü olan tipik azərbaycanlı məmur da bu mahnını yaddaşında yaxşı saxlayıb, ən azı “var-dövlət” söhbətinə görə. Hətta, ola bilsin ki, bizim məmur kefi kök olanda bu mahnını zümzümə də edir. Amma burası var ki, Azərbaycan kimi yerdə məmur deyilən adamın kefi heç də həmişə yaxşı olmur, xüsusən mətbuat burnunu ora-bura soxub onların gizlinlərini aşkara çıxarıb tənqid edəndə, sosial şəbəkələr elə hey qabırğalarına döşəyəndə əhvalları pozulur. Büdcə oğurluğu, vəzifədən sui-istifadə, dövlət vəsaitinə kəm baxma, saxtakarlıq, aldatma, rüşvətxorluq bizim əksər məmurların hamının bildiyi həmin o “gizlin” işlərindəndir.

Əlbəttə, başqa ölkələrdə belə “incə” xətalara, xüsusən dövlət büdcəsindən oğurluğa və xalqın cibinə girməyə görə adamı ciddi cəzalandırır, yediyini burnundan gətirirlər. Bizdə isə belə şeylərə görə heç kimin burnu qanamır. Tənqidə də milçək vızıltısı kimi baxırlar. Ona görə ki, xalqın kisəsinə göz dikmiş bütün iriçəkili məmurları təhlükələrdən qoruyan VƏZİFƏadlı sehrli bir istehkam var.

* * *

Hələ B.Yeltsinin prezidentliyi dövründə Rusiya qəzetlərinin birində çap olunmuş “Vəzifə ən yaxşı əmtəədir” adlı məqalə heç yadımdan çıxmır. Ölkədə özəlləşdirmənin qüsurlu aparılmasını tənqid edən həmin yazının canı bu idi ki, Rusiyada vəzifə tutan məmurların əksəriyyəti xalqa xidmət etmək əvəzinə dövlət büdcəsini talamaq, rüşvət almaq, öz cibini doldurmaq, ailəsi üçün gün-güzəran yaratmaq üçün çalışır. Ona görə də Rusiyada çox adam vəzifəyə can atır, bunun üçün rüşvət verməkdən belə çəkinmirlər. Müəllif yazırdı ki,bu səbəbdən də indi Rusiyada vəzifə ən bahalı əmtəəyə çevrilib və qubernatorluqdan tutmuş, milis rəisi və prokurora qədər, nazirlikdən tutmuş idarə rəisliyinə qədər hər vəzifənin konkret qiyməti (preyskurantı) var.

Bu məqaləni Moskvada oxuyanda gözümün önünə Azərbaycanda vəzifə sorağı ilə pulu əlində qapı-qapı gəzib vasitəçi axtaran adamlar gəlmişdi. Sonradan mən bu adamların bəzilərini can atdıqları vəzifədə görmüşdüm. Xoşbəxt olduqlarını gizlətmirdilər, deyirdilər ki, vəzifə hər şeydir, pul, səlahiyyət, geniş imkanlar, qohum-əqrəba və dost-tanış üçün iş görmək, uşaqlara gün ağlamaqdır.Vəzifənin verdiyi şövqlə danışır, çəkinmədən hər şeyi deyirdilər, amma vəzifənin çətinliyini, ictimai məsuliyyətini dilə gətirmirdilər. Heç bu barədə danışmağa ehtiyac da yox idi, çünki onlar vəzifəni yalnız yaxşı pul qazanmaq və bir də yuxarıdan verilən hər hansı tapşırığı sözsüz yerinə yetirmək kimi qavrayırdılar. Vəzifə üçün yaxşı idarəçilik təcrübəsi, bilik və bacarıq, cəmiyyət qarşısında məsuliyyət və müəyyən əxlaq tələb edən sovet dövründən sonra ölkədə yeni məmur nəsli fərqli bir düşüncə ilə formalaşırdı.

Eyni proses az qala keçmiş sovet respublikalarının hamısında, o cümlədən M.Saakaşviliyə qədər qonşu Gürcüstanda da gedirdi. Bu ölkədə də adamları vəzifələrə bacarığına görə deyil, tamamilə başqa subyektiv meyarlara, o cümlədən alıb-vermək qabiliyyətinə görə təyin edirdilər. Ona görə də vəzifəni ən yaxşı əmtəə hesab edən və buna görə də həmin vəzifənin quluna çevrilərək xalqı və dövləti yaddan çıxaran qorxulu məmurlar ordusu yetişirdi. Şüurca deformasiyaya uğramış bu zədəli ordu cəmiyyətin də əxlaqını pozmağa, dəyərləri sıradan çıxarmağa başlamışdı. Bu səbəbdən də indi MDB məkanında məmurların çoxu üçün ictimai məsuliyyəti unudaraq şəxsi maraqlarla yaşamaq, tamahkarlıq, vəzifədən sui-istifadə, öz biznes şəbəkəsini yaratmaq, kriminallaşma, dövlət büdcəsindən oğurluq etmək dəbdə olan naqisliklərdir. Pis burasıdır ki, bəzi ölkələrdə həmin naqisliklər bacarıq və ləyaqət kimi qələmə verilir. Azərbaycanda isə bu naqisliklər həm də müstəqilliyi gözdən salır, yaşlılarda sovet dövrünə nostalji, gənclərdə isə sabaha ümidsizlik yaradır.

* * *

Əlbəttə, kimin vəzifəyə hansı yolla və necə gəlməsi vacib şərtdir, amma ondan daha önəmlisi adamın bu vəzifədə necə çalışması, etimadı necə doğrultmasıdır. Vəzifəyə təyin edilmiş şəxs projektor işığı altına düşür, hər tərəfdən aydın görünür: davranışı, əxlaqı, ağlı, düşüncə tərzi, səviyyəsi, hansı dəyəri daşıması və s. Vəzifə həm də insanı bir rentgen kimi göstərir, nəyi var üzə çıxarır, artıq naqislikləri gizlədə bilmirsən, yaxşısı düz olmaqdır.

Vəzifə taxtına çıxanların çoxu bu həqiqəti dərk etmək istəmədiklərindən ciddi problemlərlə üzləşir, həm də başqalarına problem yaradırlar. Məsələn, onlara elə gəlir ki, kresloya oturan kimi bir gecənin içində ağılları artır, səviyyələri yüksəlir, əvvəllər sahib olmadıqları yeni qabiliyyətləri “üzə” çıxır. Ətrafdakılar müticəsinə təzim etdikcə, yaltaqlar saxta təriflər söylədikcə onlar özlərində qeyri-adi keyfiyyətlər “kəşf” etməyə başlayırlar. Hətta, bəzilərində ədəbi istedad da fontan vurmağa başlayır.

Əlaqələri genişləndikcə, sözləri keçərli olduqca, tutduğu vəzifənin sayəsində pullar qazanıb işlər aşırdıqca insan həmin vəzifənin gücünü və cazibəsini aydınca görür, bir növ sehrə düşərək reallıq hissini itirir. Beləliklə, vəzifə onun üçün ən yaxşı əmtəəyə, həyat mənbəyinə, yaşamaq və var olmaq vasitəsinə çevrilir. Məhz buna görə bizdə adamlar vəzifədən dördəlli yapışıb qopmaq istəmirlər, onu həyatlarının mənası sayır və bu vəzifəni qorumaq üçün bütün gücü ilə çalışırlar. Və bu yolda nəyi və kimi desən qurban verməyə hazır olurlar…

(Ayna.az)






Fikirlər