Prokuror nazirin şərikinə 8 il CƏZA İSTƏDİ

1499238038_yaver-merdan

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesə hakim Şəkər Məmmədova sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək S.Nəbiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, “Hacı Camalxan” kəndli fermer təsərrüfatının təsisçisi və sahibi Ə. Camalov Qarabağ müharibəsi veteranı Samir Nəbiyevi ona qarşı dələduzluq etməkdə ittiham edib. bu iddia əsasnda da S. Nıəbiyev barəsində cinayət işi açılıb. Belə ki, Əlikram Camalov S.Nəbiyevin ona birgə biznes qurmaq təklifi etdiyini iddia edib. Bildirib ki, S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına (əslində piştaxta olub- red.) yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.
Ə.Camalov onunla razılaşdığını və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verdiyini bildirib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib. Əvəzində bütün mallarını təklif etsə də qarşı tərəf razılaşmayıb. Və S.Nəbiyevdən şikayət edib. Onun şikayəti əsasında S.Nəbiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
İş bir müddət idi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə araşdırılırdı. Hətta prokuror Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Ancaq ittihamın əsassız olduğunu bildirən S.Nəbiyevin vəkili Ceyhun Yusifov ötən iclasdakı çıxışında məhkəmə istintaqının təzələnməsini xahiş etmişdi. Məhkəmə də vəsatəti təmin edib, işə məhkəmə istintaqı təzələnməklə yenidən baxılacağını bəyan etmişdi.

Ötən prosesdə Əlikram Camalov da məhkəməyə ərizə ilə müraciət edib və dəymiş ziyandan imtina etdiyini bildirib. O, S.Nəbiyevi bağışladığını qeyd edib.






Fikirlər