Deputat telekanal rəhbərlərini İTTİHAM ETDİ
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Musa Qasımlı telekanal rəhbərlərini Azərbaycanın milli qəhrəmanlarını, dahilərini və tarixi abidələrini şühbə altına alan verilişlər verməkdə ittiham edib.
“AzerTaym”ın Modern.az-a istinadən məlumatına görə, Musa Qasımlı telekanal və media rəhbərlərini bu məsələdə məsuliyyətli olmağa və onları Azərbaycanın milli maraqlarına zərbə vurmamağa çağırıb.
“Düzdür, bu gün senzura yoxdur. Lakin bundan sui-istifadə etmək lazım deyil. Bu gün telekanallarda milli və tarixi şəxsiyyətlərimizin milli kimliyini şübhə altına alan verilişlərin şahidi oluruq. Hesab edirəm ki, belə verilişlər bəzi xarici mərkəzlər tərəfindən hazırlanır və onların maliyyə dəstəyi ilə həyata keçirilir. Bunun da hədəfi bəllidir. Bu yolla xarici mərkərlər Azərbaycana qarşı məkrli planlarını həyata keçirməyə çalışırlar. Guya azərbaycanlılar hər hansı dünya səviyyəli tarixi şəxsiyyət yetirə bilməz, onlar aborigen deyil, yüksək mədəniyyətə malik deyillər.
Ona görə də TV və digər media rəhbərlərini məsuliyyətli olmağa çağrıram. Bir daha təkrar edirəm ki, senzura yoxdur. Amma bundan tarixi şəxsiyyətlərimizi, qəhrəmanlarımızın milli kimliyini, tarixi abidələrimizin tarixini şübhə altına alan verilişlər hazırlamaq və ya yazılar yazmaqla cəmiyyətdə belə şübhələrə yol açmaq düz deyil. Hesab edirəm ki, media rəhbərləri məsuliyyətini dərk etməli və fəaliyyətlərini milli maraqlar və onun müdafiəsi istiqamətində qurmalıdırlar”.