“QAÇKINKOM” sədri Əli Həsənovun NƏVƏSİNİN məhv etdiyi yaşıllıq ərazidən REPORTAJ ( FOTOLAR, VİDEO )

Sakinlər etiraz edir: “Heydər Əliyevin saldırdığı yaşıllıqları bəzi məmurlar məhv edib, yerində obyekt tikirlər”

Bir neçə gün öncə “Yeni Müsavat”ın elektron poçtuna Sumqayıt sakinlərindən şikayət daxil olmuşdu. Şikayətdə Sumqayıt şəhərində, Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağının məhv edildiyi bildirilirdi.  Musavat.com dərhal məlumatı xəbərə çevirib, ictimailəşdirdi.

Dünən “Yeni Müsavat” qəzetinin müxbiri məsələni araşdırmaq üçün Sumqayıta gedib, həmin ünvana baş çəkib.

Qeyd edək ki, “yaşıl terror” beşinci mikrorayonda, köhnə Sumqayıt parkının ərazisində baş verib.

Ərazidə olduğumuz zaman müşahidə etdik ki, təqribən 50 sota yaxın ərazidə 100-ə yaxın şam ağacı məhv edilib. Yaşıllıq ərazi 24/138 və 24/139 saylı binaların yaxınlığında yerləşdiyi üçün, hadisə sakinlərin gözü önündə baş verib.

Adıçəkilən binaların sakinləri ilə görüşüb, onların fikirlərini də işıqlandırmağa çalışdıq: “Biz uşaqlıqdan bu parkın ərazisində yaşayırıq. Sovet dövründə atalarımızın, babalarımızın bu ağacların əkilməsində zəhməti böyük olub. Sumqayıt günü-gündən abadlaşır, gözəlləşir. Ancaq bəzi insanlar şəxsi məqsədləri üçün yaşıllıqları məhv edib, 100-dən çox ağacı kökündən kəsiblər. Kəsdiklərini kəsiblər, kəsə bilmədiklərinin üzərini torpaqla basdırıblar. Bəzilərinin izlərini belə tapmaq mümkün deyil. Qanunsuz əməllərini beləcə ört-basdır edirlər”.

Həmin ətrafda yaşayan bir neçə sakinlə birgə yaşıllıq olan ərazidə qısa müşahidə apardıq. Ağacların bir çoxu kökündən çıxarılıb, çıxara bilmədikləri isə kəsilib, kötüyü  torpaqla örtülüb. O da aydın oldu ki, icra başçısının göstərişi ilə məhv edilən çoxillik ağacların yerində tinglər əkilib. Dəqiqləşdirmək üçün sakinlər əkilən yeni tingləri saydı. 75 tingin əkildiyini, təqribən 30-a yaxın isə torpaq altında gizlədilmiş çala yerlərinin olduğunu aşkarladıq.

Adının çəkilməsini istəməyən sakin Sumqayıt şəhər rəhbərliyinin məsələni şəxsən nəzarətə götürdüyünü bildirdi:“Təqribən 3-4 gün öncə buraya xeyli sayda rəsmi şəxslər gəldi. Sonradan məlum oldu ki, ağacların kəsilməsinin səbəbini araşdırmaq üçün şəhər rəhbərliyi, Sumqayıt şəhər prokuroru əraziyə gəlib”.

Sakinlər bildirir ki, mərhum prezident Heydər Əliyevin vaxtilə saldırdığı yaşıllıq zolaqlar onun çörək verdiyi, vəzifəyə təyin etdiyi məmurların ərköyün övladlarının tamahının qurbanına çevrilib: “Belə çıxır, Ulu Öndərin əkdirdiyi ağacları, ondan yadigar qalan yaşıllıqları Əli Həsənovun ərköyün nəvəsi məhv edib, yerində obyekt tikdirir. 6-7 ay öncə Əli Həsənovun başqa bir nəvəsi avtoqəza edib neçə adamın həyatına son qoydu. Biz gözləməzdik ki, bu cür qalmaqaldan sonra bu ailənin bəzi üzvləri yenidən belə əmələ yol verərlər. Vallah mat qalırıq bu cür məmurların rəftarına. Prezidentdən nümunə götürsünlər. İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib, onlara təpinib ki, özlərini xalqın xidmətçisi kimi aparsınlar, görünür, bəzi məmurlar bundan nəticə çıxarmaq əvəzinə, daha betər işlərlə məşğuldular”.

Bu mövzu ilə bağlı ötən saylarda da yazmışdıq ki, Sumqayıtda yaşıl soyqırım törədən şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi Emil Həsənlidir. Bunu şəhər sakinləri də “Yeni Müsavat”a bildiriblər: “Bu onun ilk əməli deyil. Sumqayıtda bir neçə yerdə restoran və hotelləri olduğunu eşitmişik. Çox güman ki, babasına və vəzifədə çalışan atasına güvənərək buranı zəbt edib, obyekt tikmək niyyəti var. İnanırıq ki, bu özbaşınalığı edənlər məsuliyyətə cəlb ediləcək”.

Xatırladaq ki, Ə.Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir. Deyilənə görə, E.Həsənlinin atası hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutur.

“Yeni Müsavat”a daxil olan məlumata görə, artıq faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

 

Yazıda adları çəkilən şəxslərin mövqeyini dinləməyə, dərc etməyə hazırıq.






Fikirlər