MÜƏLLİM VƏ SƏHİYYƏ işçilərinin maaşları ilə bağlı deputatdan MÜHÜM TƏKLİF
“Hökumətin hesabatının forma və məzmunu dəyişməlidir. Hesabatda ayrı-ayrı sahələr üzrə hədəf göstəriciləri də burada yer almalıdır. Yalnız bu zaman nəticə əsaslı hesabat ola bilər”. AzerTaym.az bildirir ki, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisdə Hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib. Millət vəkili vurğulayıb ki, inkişafla yanaşı tənqidlər də səsləndirilməlidir ki, bu problemlər aradan qaldırılsın. “Bundan başqa, deputatların təkliflərinə bəzi hallarda ya cavab verilmir, ya da uyğun cavab verilmir. Məsələn, ötən il nazirliklərin təmiri ilə bağlı ayrılan 10 milyon manat vəsaitlə bağlı sualımıza adekvat cavab verilməyib. Əgər 10 milyon böyük rəqəm deyilsə, bunu məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönləndirməliyik. Bu gün hərbiçilərin evində belə məcburi köçkünlər yaşayır. Biz müharibə şəraitində yaşayan ölkəyik məcburi köçkünlərin hamısı mənzillə təmin edilməlidir ki, hərbçilərimizin də mənzil problem həll olunsun”, - deyə F.Mustafa bildirib. Millət vəkili təhsil işçiləri ilə səhiyyə sistemi arasında maaş məsələsində kəskin fərq olmasının da narahatedici məqam kimi qiymətləndirib: “Bu iki sosial sahə arasında bu fərqin olması doğru deyil. Bunun ağır nəticəsini vətəndaş çəkir. Bundan başqa təklif edirəm ki, diaqnostik qiymətləndirmə və yüksək nəticə göstərən müəllimlərin maaşları digərlərindən fərqləndirilsin. Bir sıra ölkələrdə südlə benzinin qiyməti eynidir. Bizdə benzin 90 qəpik, süd 1 manat 50 qəpikdir. Süd uşaqların inkişafı üçün önəmlidir, bir sıra ölkələrdə bununla bağlı məktəblərdə aksiyalar keçirilir”.