TOZ-TORPAQDAN QORXMAYAN qalstuksuz NAZİR
...-ci ilin isti avqust günlərindən biri idi. Qobustanın qora bişirən çöllərində idik. Səhər saatlarına baxmayaraq, sapsarı çöllərdə nəfəskəsən isti hakim idi. Günəşin yandırıcı şüaları az qalırdı adamın başını deşə. Bir azdan ölkə üzrə taxıl biçininə start veriləcəkdi, bu barədə telereportaj hazırlamaq niyyətindəydim. Taxıl sahəsində texnikalar sıra ilə düzülmüş, dəvət olunmuş nümayəndələr, fermerlər intizar hissi ilə kənd təsərrüfatı nazirinin yolunu gözləyirdilər. Nazirlik əməkdaşları kənara çəkilib yavaşca xısınlaşırdılar.. "cənab nazir üçün çətin olacaq!", "kombayn taxılı biçəndə toz qalxır, elə edək üst-başı batmasın!", "gərək gəlməyəydi!" tipli narahatlıq hisləri ifadə olunurdu... Nəhayət, nazirin qara "Cip"i göründü, tozlu kənd yolu ilə bizə doğru gəlirdi. Nazir ....ovun avtomobildən enməsi ilə kombaynların işə düşməsi bir oldu. Görənlər bilir ki, kombayn işləyəndə barabanda xırdalanmış samanı sürətlə ətrafa səpələyir, təzyiq o qədər güclü olur ki, ətrafda toz effekti yaradır, bu, hətta nəfəs yollarında problemi olanlar üçün xoşagəlməz haldır... Qara, laklı ayaqqabıları toz-torpağa bulaşan nazirin Günəşin təzyiqi altında bir andaca pörtən sonra ətrafdakılara "elə edin ki, üstümə toz qonmasın!" əmrini verməsi "qayğıkeş" məmurları lap çaşdırdı. Bir dəstə adam kombaynların dalınca cumdu ki, onları dayandırsın, bəziləri isə təlaşla ora-bura qaçışdılar. Nəticə belə oldu ki, nazir tez avtomobilə əyləşərək, biçin prosesini kondisionerin sərin havası altında izlədi, mobil telefonla ora-bura zəng vurub xımır-xımır danışdı, axırda çıxıb getdi. Müsahibə vermək xahişimi isə "gələrsən, kabinetdə danışaram" deməklə mədəni yolla geri çevirdi. O vaxt ağsaqqal bir fermerin dediyi cümlə indi də yadımdadır: "əlinin qabarı, üstünün tozu olmayandan..." Yeni kənd təsərrüfatı naziri İnam Kərimovun lüzumsuz rəsmiyyəti bir kənara ataraq, qollarını çırmalayıb fermer və sahibkarlarla görüşünü izləyəndə bu hadisəni istəmədən xatırladım. Mənim üçün maraqlı idi ki, İ.Kərimov hansı yolu seçəcəkdi, özündən əvvəlkilər kimi qışda isti, yayda sərin kabinetdə pozlar verib tədbirlər keçirəcək, yoxsa kəndə üz tutacaq?! Bəli, yeni, gənc nazir sələflərinin etmədiyi bədən dilini ortaya qoydu: qalstuku, pencəyi çıxardı, qollarını çırmalayıb regionlara getdi. Cəmiyyətin ondan gözlədiyi yalnız bu idi: qida istehsalı kimi strateji sahənin idarə edilməsinə rəhbərlik edən nazirin ayağı torpaqda olmalıdır. Yaddaşım məni aldatmırsa, 2004-cü ilə qədər kənd təsərrüfatı naziri işləmiş İrşad Əliyevdən sonra heç bir nazir bu jestləri etməmişdi. Kənd təsərrüfatı kimi ağır bir sahəni kabinetdən idarə etmək mümkün deyil, görünür İ.Kərimov bunu gözəl anlayır. Əslində cəmiyyətimizdə belə bir məmur tipinə böyük ehtiyac var, sıravı xalq bu gün hər bir vəzifəli şəxsən eyni təqdimatı gözləyir. Ölkə prezidenti "dövlət məmuru təvazükar olmalıdır"-deyəndə bu cür məmur tipinin personajını nəzərdə tutur. İ.Kərimov nazir kreslosuna oturmağa gələn gün vəd etmişdi ki, torpaq adamlarına yaxın olacaq, ilk addımları göstərir ki, vədinin üzərində duracaq. Qənaətimcə, yeni kənd təsərrüfatı naziri üzərindəki məsuliyyəti tam anlayır, niyyəti ölkənin qida sektorunda əsaslı və şəffaf dəyişikliklər yaratmaqdır. "Aqrolizinq" kimi ağır bir iqtisadi sistemin rəhbərliyinə 33 yaşlı bir gənci gətməklə çevik, təmənnasız komanda prinsipinə malik olmasını göstərdi. Bu addımla da aktivinə daha bir xal yazmış oldu. İ.Kərimovun ilkin davranışları göstərir ki, kənd təsərrüfatının mövcud problemlərini öyrənməyə çox maraqlıdır, problemlərin həllini elə reallıqlarda axtaracaq. O, kabinet naziri olmayacaq, fəaliyyətinin böyük hissəsini səyyar vəziyyətdə işləyəcək. Cocuq Mərcanlıda qarğıdalı səpinində iştirak edərək, toz-torpaqdan çəkinməyib aqreqatın dalınca addımlaması isə şəxsən mənim üçün çox maraqlı mənzərə idi... Bu gün yerli istehsalçılarımızın ən böyük problemlərindən biri inamsızlıq faktorudur. Adının və jetslərinin mənası ilə qarşı tərəfdə inam yarada bilən nazir bu boşluğu doldursa, çox problemlər öz həllini tapacaq... modern.az