MÜLKƏDAR-oliqarxların TORPAQ imtahanı
Çəpərlədikləri torpaqları ya əkib-becərməli, ya da təhvil verməli olacaqlar Prezident seçkilərindən sonra kənd təsərrüfatı naziri postunda edilən dəyişiklik bir neçə çox mühüm məqsədə nail olunmasına hesablanıb. Bu məqsədlərdən biri vəsaitlərdən səmərəli istifadə, təyinatdan yayındırmalara qarşı sərt tədbirlərin həyata keçirilməsinin təmin olunmasıdır. Artıq yeni təyin olunan nazir İnam Kərimov bu istiqamətdə real addımlar atmağa başlayıb. Daha bir istiqamət kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinin əhatəliliyinə nail olunmasıdır. Bu sahədə də yeni nazirin ilkin tədbirləri görünməkdədir. Əldə etdiyimiz məlumata görə, Heydər Əsədovun əvəzlənməsinin digər mühüm bir məqsədi təyinatı üzrə istifadə olunmayan torpaqlardan səmərəli istifadənin təmin olunmasıdır. Bu xüsusda əsas diqqətin böyük sahələrlə alınaraq istifadəsiz buraxılan, yaxud təyinatından kənar məqsədlərlə istifadə olunan torpaqlara yetirilməsi nəzərdə tutulur.
Onu da qeyd edək ki, son illərdə rayonlarda oliqarxlar tərəfindən kütləvi şəkildə iri torpaq sahələrinin alınması geniş vüsət alıb. Xüsusilə şimal, dağlıq Şirvan, qərb və dağlıq cənub rayonlarında min hektarlarla torpaq sahiblərindən alınıb, yaxud uzunmüddətli müqavilələrlə yerli icra hakimiyyətlərindən icarəyə götürülüb. Vəziyyət o həddə çatıb ki, Milli Məclis üzvləri bu çəpərləmələrə etiraz edərək, onların rayonlarda kənd təsərrüfatının, turizmin inkişafına ciddi əngəl yaratdığını bildiriblər. Ölkə prezidenti də müxtəlif toplantılardakı çıxışlarında kənd təsərrüfatının inkişafına nail olmaq üçün əkinəyararlı bütün torpaqlardan səmərəli istifadə olunmasının gərəkdiyini vurğulayıb, torpaq sahələrinin boş saxlanması, yaxud təyinatından kənar məqsədlərlə istifadə olunmasının yolverilməz olduğunu qeyd edib. Son illərdə torpaqlardan səmərəli istifadənin təmin olunması məqsədilə qanunvericliyə bir sıra dəyişikliklər edilib. Vergi Məcəlləsinə edilən dəyişikliklə kənd təsərrüfatı istehsalına cəlb olunmadan boş saxlanılan 1 hektar əkinəyararlı torpaq sahəsinə görə 1000 manat vergi cəriməsi müəyyənləşdirilib. Bu cərimə sahəsi 1 hektardan artıq olan torpaqlara tətbiq olunur. Vergi cəriməsi ilə yanaşı, İnzibati Xətalar və Cinayət Məcəllələrinə də ciddi dəyişikliklər edilib. Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə edilir. Qeyd edilən əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə, fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 5000 manat miqdarında cərimə olunur. Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə isə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma əməllərinə yol verənlər səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunsuz hasarlama, özbaşına tikinti və digər qanuna zidd əməllərə kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, əgər şəxslər tərəfindən belə hərəkətlər təkrar, eləcə də qulluq mövqeyindən istifadə edilməklə törədilərsə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Dəyişikliklər dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri barədə qəbul edilən qanunsuz qərarlara da aiddir. Belə ki, dövlətin mülkiyyətində olan torpaqların bələdiyyələrə, fiziki və ya hüquqi şəxslərə mülkiyyətə (istifadəyə və ya icarəyə) verilməsi barədə qanunsuz qərar qəbul edən vəzifəli şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin belə şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilir. Bunlarla yanaşı, belə cəza tədbirləri dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinə də şamildir. Bu torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilməsi də cinayət məsuliyyətinə səbəb olur. Belə ki, belə qərarlar qəbul edən vəzifəli şəxslər məsuliyyətə cəlb olunur və 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilir. Bu dəyişikliklərlə bərabər, bütün rayonlarda araşdırmalara başlanılıb. Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə aparılan yoxlamalar zamanı istifadə olunan və olunmayan torpaqları müəyyənləşdirilib. Lakin maraqlıdır ki, müəyyən olunan faktların böyük əksəriyyəti üzrə real addımlar atılmayıb. Bu amilin nəzərə alınaraq, ölkə rəhbərliyi tərəfindən yeni kənd təsərrüfatı nazirinə çəpərləmələrin qısa zamanda ləğv edilməsi, əkinəyararlı torpaqların bütünlüklə aqrar istehsala cəlb olunması üçün bütün səlahiyyətlərin verildiyi bildirilir. Çox tezliklə torpaq sahibi oliqarxlar ya torpaqlarda prioritet elan edilmiş bitkilərin əkilməsini təmin etmək, ya da onu dövlətə qaytarmaq seçimi ilə üz-üzə qoyulacaqlar.