NAZİR: “Əlillik və pensiya təyinatları üzrə CİDDİ qanunsuzluqlar aşkarlanıb
Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid verilmiş tapşırıqların icrası sahəsində görüləcək işlərə dair müşavirə keçirilib. Nazirlikdən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti sosial müdafiə proqramları çərçivəsində həssas qruplara dövlətin qayğısının daim artmasına imkan verir. Eyni zamanda, sosial təminat sistemində şəffaflığın tam təminatı Prezident tərəfindən nazirlik qarşısında müəyyən edilən vəzifələr sırasındadır. Dövlət başçısı Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial təminat sahəsində ciddi islahatlar aparılmasını, yol verilmiş pozuntuların aradan qaldırılmasını, bu sahədə şəffaflığın tam təmin edilməsini, sosial ədalətin bərqərar olunmasını tapşırıb. Nazir həmçinin Prezident İlham Əliyev tərəfindən qeyri-formal məşğulluğa qarşı ciddi tədbirlərin görülməsi, burada həm inzibati, həm də institusional elementlərdən istifadə olunması, bağlanmış iş yerlərinin təhlilinin aparılması, hər il 6-7 min insanın özünüməşğulluq proqramına cəlb olunması ilə bağlı tapşırıqlar verdiyini diqqətə çatdırıb. S.Babayev bildirib ki, ünvanlı dövlət sosial yardımın təyinatı üzrə son iki ayda aparılan araşdırmalar yardımların təyinatında bir sıra hallarda ünvanlılığın pozulduğunu, yardım üçün müraciətlərlə əlaqədar maddi-məişət müayinələrinin aparılması zamanı qeyri-obyektiv yanaşmalara, nəticədə qeyri-qanuni yardım təyinatlarına yol verildiyini, sosial yardım üçün müraciətlərin bir hissəsinin məhz nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbələrinin İP ünvanlarından daxil edildiyini və s. aşkara çıxarıb. Bu sahədə pozuntuların aradan qaldırılması üçün institusional və inzibati xarakterli ciddi tədbirlər görülür, həmçinin DSMF-nin yerli şöbələrinin bu sahədə ciddi nöqsanlara yol vermiş rəhbərləri və əməkdaşları işdən kənarlaşdırılır. Bir neçə yerli şöbənin əməkdaşlarının qanunsuz hərəkətləri barədə materiallar hüquq mühafizə orqanlarına təqdim edilib. Ümumilikdə sosial yardım sistemində subyektiv yanaşmaların aradan qaldırılması, sistemin aztəminatlı ailələrə əlçatanlığının tam təmin edilməsi, sosial yardım proqramının özünüməşğulluqla əlaqəli mexanizminin formalaşdırılması üçün qısa müddətli və orta müddətli dövr üçün müəyyən edilən fəaliyyət istiqamətləri üzrə işlər aparılır. Nazir sosial sığorta daxilolmaları üzrə büdcə proqnozlarına əməl olunması sahəsində DSMF-nin bir sıra rayon və şəhərlər üzrə göstəricilərinin aşağı olduğunu, bu istiqamətdə ciddi tədbirlərin görülməsini, proqnozların düzgün tərtib olunması və icrası üçün metodologiyanın hazırlanmasını tapşırıb. S.Babayev araşdırmalar nəticəsində pensiya təyinatı sahəsində də ciddi qanunsuzluqların, saxta sənədlər tərtib olunmaqla pensiya təyinatlarının aparılması hallarının aşkar edildiyini, belə hallarla bağlı hüquq-mühafizə orqanlarına məlumat verildiyini deyib. Nazir ümumilikdə pensiya təyinatı sisteminin elektronlaşdırılması ilə bu sahədə şəffaflığın tam təmin ediləcəyini qeyd edib. S.Babayev stasionar və səyyar formada sosial xidmətlər sahəsində də ciddi nöqsanların mövcud olduğunu, sosial xidmət müəssisələrində ştat vahidləri üzrə işə qəbul edilənlərin sayı ilə faktiki işləyənlərin sayı arasında fərqlərin aşkar olunduğunu, belə halların aradan qaldırılması üçün tədbirlərin görüldüyünü qeyd edib, sosial xidmətlərdə formal yanaşmaların aradan qaldırılmasını tapşırıb. S.Babayev məşğulluq orqanlarının bir sıra tədbirlərinin bəzən formal xarakter daşıdığını deyib, məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, özünüməşğulluq proqramında növbəliliyin pozulmasının qarşısının alınması, vətəndaşların proqrama cəlb olunması zamanı müəyyən edilmiş kateqoriyalara (sosial cəhətdən həssas qruplara) üstünlük verilməsi prinsipinə əməl olunması, işsizlikdən sığorta təyinatı ilə bağlı vətəndaşların müraciətlərinə bərabər və ədalətli yanaşmanın təmin olunması, habelə işsizlikdən sığorta sistemi ilə bağlı işəgötürənlər arasında daha geniş məlumatlandırma işlərinin aparılması və s. barədə tapşırıqlar verib. Nazir əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin təkmilləşdirilməsi üçün bu sahədə İKT imkanlarından geniş istifadə olunmasını, elektron protokol layihəsinin tətbiqini, “ASAN Xidmət”in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən monitorinqlərin nəticələri ilə bağlı təqdim olunan məlumatlar üzrə aidiyyəti araşdırmalarını operativ şəkildə yerinə yetirilməsini və s. tapşırıb. Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində aidiyyəti qurumlarla birgə tədbirlərin getdikcə gücləndirildiyini vurğulayan S.Babayev bildirib ki, bu sahədə nəzərəçarpan nəticələr əldə olunması üçün daha səmərəli alətlərdən, stimullaşdırıcı tədbirlərdən istifadəyə xüsusi önəm verilir. S.Babayev vurğulayıb ki, Prezident tərəfindən verilən tapşırıqların yüksək səviyyədə icrası, vətəndaşlara daha keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi, sosial ədalət prinsipinin rəhbər tutulması və vətəndaş məmnunluğunun təmin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi konkret və məqsədyönlü tədbirlərin görülməsini, qeyd olunan istiqamətlərdə ciddi dönüş yaradılmasını qısa müddətdə təmin edəcək. Müşavirədə dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələr üzrə görüləcək işlər müəyyən olunub, nazirliyin struktur bölmələrinin rəhbərlərinə aidiyyəti göstərişlər verilib. AzerTaym.az