Deputat Naftalanda MÜALİCƏ MƏRKƏZİ TİKDİRİR

Hüquqşünas: “Milli Məclisin Etika komissiyası da bu faktla bağlı tədbir görməlidir”

96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputatı Mahir Aslanovun Naftalanda müalicə-sağlamlıq mərkəzi tikdirmək istəməsi ilə bağlı məlumat yayılıb. Contact.az saytının xəbərinə görə,  Naftalan Şəhər İcra Hakimiyyəti Mahir Aslanova müalicə-sağlamlıq mərkəzi (MSM) tikmək üçün artıq icazə verib.

Sayt yazır ki, Milli Məclisin deputatı Mahir Aslanov Naftalan (Şirvan prospekti, 4C) ərazisində 0.83 hektar torpaq sahəsinə malikdir və orada iki korpusdan ibarət 7 mərtəbəli müalicə-sağlamlıq mərkəzi tikəcək.

Məlumata görə, müalicə-sağlamlıq mərkəzinin layihəsini “Arxdizayn MS” hazırlayıb. Mərkəzin sahəsi 11,3 min hektar olacaq.

Öncə onun deputat kimi fəaliyyətinə nəzər salaq. Mahir Aslanov kimdir?

Mahir Aslanov ile ilgili görsel sonucu

İnternetdə axtarış verdikdə Mahir Aslanovla bağlı ortaya ancaq neqativ xəbərlər çıxır. Onun fəaliyyətini əks etdirən hər hansı bir vikipediya materialı belə mövcud deyil. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olan 4-cü çağırış üzrə deputat Mahir Aslanovun parlamentdə çıxışlarına da demək olar ki, rast gəlinmir. Onun yalnız 2016-cı ildə siqaretlə bağlı bir çıxışı ictimaiyyətə tanışdır. Həmin çıxışından sonra isə o, sosial şəbəkələrdə tənqid atəşinə tutulmuşdu. O zaman media yazırdı ki, 6 ildə bir dəfə çıxış edən Mahir Aslanov  böyük problemlər qaldığı halda, siqaretdən danışıb.

Aslanovun adı tikinti, mebel, logistika, klub-restoran biznesində də hallanır.  2015-ci ildə mətbuatda yazılan məqalədə qeyd olunub ki, deputatın özündə bir çox sahəni birləşdirən nəhəng biznes şəbəkəsi var. Bildirilib ki, bu şəbəkə Mahir Aslanova məxsus olan “Kəpəz Group” tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahələri əhatə edir: “Bu şirkət 1992-ci ildə fəaliyyətə başlayıb. ”Kəpəz Group" tikinti, mebel (istehsalı və daşınması), daşımaçılıq, restoran (klub), mehmanxana biznesi, həmçinin təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Bundan başqa, Mahir Aslanovun onlarla iri yük daşımaçılığı ilə məşğul olan TIR-ları var".

2016-cı ildə Aslanovun adı daha çox oğlu ilə bağlı hallanıb. Belə ki, il başlar-başlamaz - yanvarın 6-da aznews.az saytında yazılan məlumatda qeyd olunur ki,  Yeni il bayramı günlərində avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı “Maserati” markalı bahalı avtomobili  cərimə meydançasına aparılıb. Məlum olub ki, sürücü Famil Mahir oğlu Aslanovdur. Onun iş adamı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Mahir Aslanovun oğlu olduğu müəyyən edilib...

Bəs deputat biznes fəaliyyəti ilə məşğul ola bilərmi?

hüquqşünas Əsabəli Mustafayev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, qanunlarımıza görə, deputatın biznes fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır: “Deputata kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağandır. Onlar ancaq elmi işlə, pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Əgər belə bir hal varsa, mətbuat yazmalı, ictimai qınaq yaranmalıdır. Milli Məclisin Etika komissiyası da bu faktla bağlı hər hansı bir tədbir görməlidir. Onların işi bilavasitə budur”.

“Deputatın statusu haqqında” Qanunun 17 maddəsində aşağıdakılar qeyd olunur:

Deputat qanunazidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalı, Azərbaycan Respublikası Milli Məclisinin və onun komitə və komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir.

Deputatın maddi təminatı ilə bağlı olan 21-ci maddədə isə göstərilir ki, deputat hər ay vəzifə maaşı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır.

Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır. Bu ilin may ayında 21-ci maddəyə edilən dəyişikliyə görə deputatları maaşları artırılıb. Belə ki, dəyişikliyə əsasən, MM-in sədri 2475 manat (əvvəl 2250 manat olub), sədrin I müavini 2227 manat (əvvəl  2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (əvvəl 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (əvvəl 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (əvvəl 1575 manat olub) maaş alırlar.






Fikirlər