“Hər kəs bilir ki, Qarabağın işğalının arxasında hansı qüvvələr dayanır” – ƏFLATUN AMAŞOV
“Paşinyanın demaqogiyası öz kölgəsini yekə görməkdən başqa bir şey deyil. Bir ölkənin ki, dövlət sərhədində başqa ölkənin əsgərləri keşik çəkir, onun rəhbərinin danışmağa ümumiyyətlə sözü olmamalıdır”. Bunu Trend-ə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə.Amaşov bildirib ki, Ermənistanın baş naziri ağzıköpüklü populist bəyanatlar verərkən ilk növbədə bunu düşünməlidir: “Düşünməlidir ki, kağız üzərində müstəqil olmasına baxmayaraq, necə bir rəzil ölkəyə başçılıq edir. Əlbəttə, hakimiyyətə yeni gəlib, özü də küçədən gəlib və ona görə də küçə ritorikasından yararlanır. Ancaq hətta bu ampluada olmağı xoşlayan adamı da sərhədində dalğalanan bayrağın digər ölkənin bayrağından aşağıda dayanması faktı incitməlidir, vicdanı sızlamalıdır. Paşinyan Qarabağın işğalının erməni xalqının qüdrəti olmadığını da düşünməlidir. Hər kəs bilir ki, ermənilərin Qarabağ müharibəsindəki uğurunun arxasında hansı qüvvələr dayanırdı və indi də dayanır”. Millət vəkili qeyd edib ki, N.Paşinyan son günlər səsləndirdiyi sərsəm fikirlərlə onu hakimiyyətə gətirən küçə davranışlarını Dağlıq Qarabağ münaqişəsi üçün də tətbiq etməyi düşünür: “Deməzdim ki, bu, düşünülməmiş addımdır. Paşinyan nələrisə hesablayıb, amma öz səviyyəsinə uyğun. Bu adam bilmir ki, Dağlıq Qarabağ münaqişəsi üzərindən daxildəki gərginliyi azaltmağa hesablanmış gediş edərkən Sarkisyanı hakimiyyətdən uzaqlaşdırdığı metodların tətbiqi onu uçuruma aparır. Onun dedikləri münaqişə ilə bağlı beynəlxalq norma və prinsiplərə qarşı açıq etinasızlıqdır. Paşinyan düşünürsə ki, sərsəmləmələri ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa yeni şərtlər diktə edəcək, bunun özü də absurddur. Reallıq budur ki, Azərbaycan hərbi əməliyyatları bərpa etsə, ölkəmiz heç bir halda Qarabağ münaqişəsi üzrə nizamlanma prosesini pozmuş olmaz”. Deputat deyib ki, bu baxımdan Prezident İlham Əliyevin Biləsuvarda ictimaiyyət nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlərdə 2016-cı ilin aprel döyüşlərini, Naxçıvandakı uğurlu hərbi əməliyyatları xatırlatması kifayət qədər ciddi mesajdır: “Cənubi Qafqazdakı sabitliyin pozulmasının faktoru kimi çıxış etmək Ermənistanı və erməni xalqını tam iflasa aparan yoldur. Azərbaycan heç bir halda öz torpaqlarının işğalı faktı ilə barışmayacaq. Azərbaycan Cənubi Qafzaqdakı sabitliyin və inkişafın qarantıdır. Ermənistan sabitliyi pozacaqsa, layiqli cəzasını alacaq”.