“Məhkəmə adamı tərbiyələndirəcək ki?” - Hüquq müdafiəçisi Hicran Hüseynovanın işçisindən danışdı
“Məhkəməyə müraciət etsəm mənimlə məmurların nə fərqi olar ki? Məhkəmə adamı tərbiyəndirəcək ki? İnsan peşəkar olmaqla yanaşı tərbiyə sahibi də olmalıdır”. Bu sözləri "Yeni Sabah.az"a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovla aralarında baş verən qalmaqaldan danışarkən bildirib.
Mirvari Qəhrəmanlı əlvavə edib ki, Elgün Səfərovun işlədiyi qurumu müdafiə etməsinə etirazı yoxdur. Amma təhqir yolverilməzdir: “Əlbəttə ki, işlədiyi qurumu hər kəs müdafiə edə bilər. Amma təklifə, tənqidə qarşı təhqir? Deməli, bu komitə doğrudan da ləğv olunmalıdır. Sosial şəbəkələrdə yaşlı məmurları təhqir, tənqid edir, hətta bəzilərinə ölüm də arzulayırlar. Bu da gənc, peşəkar məmur. Buyursun, cəmiyyət qəbul etsin. Böyük məmur olanda döyə, həbs etdirə də biləcək”. Xatırladaq ki, "Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova struktur Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsini təklif edib. Mirvari Qəhrəmanlı isə sözügedən komitənin mövcudluğunun hiss edilmədiyini bildirib. "Ailə uşaq komitəsinə ehtiyac duyulur ki? Yaxud bu komitənin varlığını kimsə hiss edir ki? Bu komitə demək olar ki yoxdur”, - deyə hüquq müdafiəçisi vurğulayıb.
Elgün Səfərov Mirvari Qəhrəmanlının bu fikirlərinə sərt reaksiya verib və hətta onu təhqir etməkdən belə çəkinməyib: “Komitə Azərbaycanda gender bərabərliyi və məişət zorakılıqla mübarizə sisteminin yaradılmasında iştirak edib. Bizim fəalliyətimiz hər gün aparılır: təlimlər, proqramlar, hesabatlar, preventiv tədbirlər, qurbanlarla iş, psixolojı və hüquqi yardım və s. Olan səlahiyyətlərlə müqayisə etsək bu son 15 il ərzində görülən işlər müqayisə edilməzdi. Bu işdə Hicran xanımın çox böyük töhvəsi var. QHT-nin və Komitənin fəalliyyəti birgə olmalıdır. QHT-lər dəstək almalıdır. Komitə ləğv edilsə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində mərkəzi qurum olmayacaq. Sonda bir söz də deyim: İt hürər, karvan keçər”. Mirvari Qəhrəmanlının Elgün Səfərova cavabı gecikməyib: "Kor özünsən. Ayıb olsun sənə. Heç gözləməzdim səndən. Mən düşündüyümü, gördüyümü deyirəm. Buna görə məni təhqir eləməlisən ki? Sonda isə deyirəm; İt özünsən.Tərbiyəsiz! Mən fikrimi bildirdim sən məni təhqir etdin. Bəlkə də nəvəm yaşındasan. Sənə kim haqq verib məni təhqir etməyə? Səni aşağılayacaq nəsə yazdım ki? Yenə də utan, yerə gir. Mən səni tərbiyəli peşəkar bir insan hesab edirdim. Gör sizə müraciət edən qadınlarla necə davranırsınız”. Hüquq müdafiəçisi Komitə yetkilisindən üzr istəməyi tələb edib. Lakin Elgün Səfərov susmağa üstünlük verib.