"Manatın sabitliyi üçün 3 milyard manatdan artıq vəsaitlə valyuta bazarına müdaxilə edilib" - Vüsal Qasımlı

"Manatın sabitliyi üçün 3 milyard manatdan artıq vəsaitlə valyuta bazarına müdaxilə edilib" - Vüsal Qasımlı

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən pandemiya nəticəsində qlobal iqtisadiyyat 2020-ci ildə 3%, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9% azalacağı halda, Azərbaycan iqtisadiyyatı cəmi 2,2% kiçiləcək.

 "AzerTaym.az" bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, Orta Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən 11 ölkəsinin içərisində Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündədir.

"Azərbaycan da OPEC+ çərçivəsində neft hasilatını azaldır və aşağı neft qiymətlərindən itirir, sadəcə Prezident İlham Əliyevin rəhbərliyilə qeyri-neft sənayesinin sürətli artımı və hökumətin effektiv anti-böhran tədbirləri hesabına ölkəmizdə iqtisadi tənəzzülün qarşısı daha səmərəli alınır. Təkcə onu demək kifayətdir ki, postsovet məkanında pandemiyadan əvvəl və sonra BVF-nin verdiyi iqtisadi artım proqnozları arasındakı ən az fərq olan ölkələrdən biri Azərbaycandır, yəni pandemiya başqalarına nisbətən bizim iqtisadi artıma daha az təsir edib. Çünki ölkəmizdə pandemiya ilə mübarizə büdcəsi təxminən 3,5 milyard manat təşkil edir və vaxtında anti-böhran tədbirləri müəyyənləşdirilib, eyni zamanda manatın sabitliyi üçün 3 milyard manatdan artıq vəsaitlə valyuta bazarına müdaxilə edilib", - deyə V. Qasımlı qeyd edib.

Ekspertin fikrincə, "postsovet məkanında yeganə olaraq Azərbaycan hökuməti milli valyutanın sabitliyini təmin etməklə əsas riskləri öz üzərinə götürdü və makroiqtisadi sabitliyi qorudu. Yeri gəlmişkən, pandemiyanın təsirilə neft ixrac edən və tam üzən rejimə malik bütün ölkələrin valyutası devalvasiyaya uğramışdır.”

V. Qasımlı deyib ki, pandemiyanın iqtisadiyyata təsiri ilə mübarizədə iki mərhələ olacaq: “Hazırda böhranın dərinləşməsinin qarşısı alınır və sabitlik qorunur, ikinci mərhələdə iqtisadiyyatın bərpası başlayacaq. İqtisadiyyatın bərpası üçün ucuz maliyyə, yüngül vergi yükü və tələbi yaradan bazarlara çıxış daha önəmlidir.”

Hazırda dünyadakı suveren fondlara təsirlərin üç istiqamətdə olduğunu deyən Vüsal Qasımlının fikrincə, aşağı neft qiymətləri suveren fondların gəlirlərini azaldır, qiymətli kağızlar bazarında 20-25 faizlik eniş aktivləri dəyərsizləşdirir və pandemiya ilə mübarizədə suveren fondların xərcləri artıb: “JPMorgan-ın hesablamarına görə, qlobal pandemiyanın təsiri ilə dünyadakı suveren sərvət fondları təxminən 1 trilyon dollar dəyərində kapital itkisinə məruz qalıb. Körfəzdəki suveren fondların aktivlərinin bu ilin sonuna qədər 296 milyard dollar azalacağı proqnozlaşdırılır. Dünyanın ən iri suveren fondu – Norveçin Pensiya Fondu bu ilin ilk rübündə 113 milyard dollar, başqa sözlə, Azərbaycanın Dövlət Neft Fondunun həcmindən az qala üç dəfəyə qədər böyük dəyəri itirmişdir. Qlobal şoklar nəticəsində bu ilin ilk rübündə Azərbaycanın Dövlət Neft Fondunun aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq isə 2,1 milyard manat olmuşdur.Dövlət Neft Fondunun investisiya portfelinin 80 faizindən çoxunu likvid və sabit gəlirli alətlər təşkil etdiyindən, qlobal şokların fondun aktivlərinə təsirini minimuma endirmək mümkündür. Eyni zamanda Fondun investisiya portfelinin 66 faizinin ABŞ dollarında olması və bu valyutanın real effektiv məzənnəsinin bu ilin əvvəlindən 8,5 faiz bahalaşmasıaktivlərin dəyəri üçün əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, Dövlət Neft Fondunun vəsaitlərinin 22,8 faizinin saxlandığı avronun da real effektiv məzənnəsi bu ilin əvvəlindən 3 faiz bahalaşıb.”

Vüsal Qasımlı bildirib ki, Dövlət Neft Fondunun istiqrazlar və pul bazarı alətlərinin 37,8 faizinin yerləşdirilmə müddətinin 1 ilə qədər olması, imkan verir ki, likvidlik ehtiyacları qısa zamanda ödənilsin: “İstənilən halda, Azərbaycanda xarici borclanmaya və devalvasiyaya getmədən böhranla daxili imkanlar hesabına mübarizə aparılması, post-pandemiya dövründə iqtisadi bərpa prosesinə müsbət təsir edəcək”.






Fikirlər