«QOCALAR EVI»NIN SAKINLƏRI VƏ IŞÇILƏRI ETIRAZA QALXDILAR - VIDEO

 «QOCALAR EVI»NIN SAKINLƏRI VƏ IŞÇILƏRI ETIRAZA QALXDILAR- VIDEO

ƏƏSMN öz gözündə tiri görmür: Bilgəh “Qocalar Evi”ni dizicırıqlar “şpana”sı idarə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir. Nazirlikdən verilən məlumata görə, məqsəd işçilərin əsassız yerə işdən çıxarılmasının, ixtisarının qarşısının alınmasıdır. Bununla bağlı Xidmət altsistem vasitəsilə dəfələrlə işəgötürənlərə izahat, məlumat, xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar, bildirişlər göndərib.

Bununla belə, nəzarət zamanı son günlər ayrı-ayrı işəgötürənlər tərəfindən karantin dövründə (mart və aprel aylarında) altsistemdə qeydiyyata alınmış əmək müqavilələrinin bir qisminə xitam verildiyi, hətta bəzən bağlanmış əmək müqaviləsinə bir gün və ya bir neçə gün sonra xitam verildiyi müşahidə olunub.

Dövlət Əmək Müfəttişliyi Xidməti bir daha bütün işəgötürənlərə xəbərdarlıq edir ki, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verən, həmçinin karantin dövründə şəxslərin sərbəst hərəkətini təmin etmək məqsədi ilə “Əmək müqaviləsi bildirişi” altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcək.

Maraqlıdır ki, ƏƏSMN başqalarının gözündə tük axtardığı halda öz gözündə tiri görmür. Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə, Nazirliyin tabeçiliyində olan  Müharibə və əmək əlilləri üçün pansionatın (El arasında Qocalar evi kimi tanınır) bir neçə ay əvvəl təyin olunmuş yeni direktoru Samirə Mehdiyeva özü yeni komanda formalaşdırmağa və əmək qanunvericiliyinin tələbləri ilə hesablaşmayaraq “köhnə” işçiləri qovmağa qərar verib. Bu barədə bir az sonra. Hələliksə, pansionatın cəmiyyətdəki missiyasını xatırladaq və tarixçəsinə kiçik bir ekskursiya edək.

TARİXİN SİLİNƏN VƏ SİLİNMƏYƏN İZLƏRİ

Bilgəh qəsəbəsində yerləşən pansionatda qanunla onları saxlamağa borclu övladları olmayan pensiya yaşlı tənha vətəndaşların və əlillərin dövlət himayəsində yaşadığı ümumi tipli bir müəssisədir. 150 yerlik bu müəssisədə tənha vətəndaşlar və əlillər daimi olaraq yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təmin olunurlar.

Pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 1998-ci ildə ulu öndər Heydər Əliyev bu pansionatda olub, veteranlarla görüşüb. 2013-cü ildə pansionata yeni həyat verilib. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə pansionatın yeni korpusunun açılışı olub. İndi burada 250-yə yaxın çox sakin yaşayır.

Heydər Əliyev Fondu da ahılların ən böyük qayğıkeşidir. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaşlı insanlarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Bu kateqoriyadan olan insanlar üçün müxtəlif tədbirlər təşkil olunur — qocalar səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dəfələrlə pansionatın sakinləri ilə görüşüb, onlarla birlikdə nahar süfrəsi arxasında səmimi söhbət edib. Pansionatda yaşayanların alqışlarla qarşıladıqları Leyla Əliyeva onların danışdıqları həyat hekayələrini heyranlıqla dinləyib, onların qayğıları ilə maraqlanıb. Pansionatın böyük qayğıkeşlərinin ziyarətlərini əks etdirən fotoşəkillər müəssisənin dəhlizlərində divardan asılmış stendlərdə yer alıb.

Amma pansionatda yaşayan ahıllardan birinin verdiyi  məlumata görə, Samirə Mehdiyeva direktor təyin olunan kimi ilk gördüyü işlərdən biri həmin stendlərin çoxunu, ələlxüsus da Leyla xanım Əliyevanın sabiq direktor Qətibə Əsədova ilə birgə görüntüləndikləri fotoşəkilləri yandırmaq olub: “Bu tədbir sabiq direktorun yaxşı təəssürat bağışladığı qocaların narazılığına səbəb olub. Bəziləri isə stenddə öz şəkillərinin də götürüldüyünə məyus olublar”.

“XOŞBAXTLIĞ”A QAFİYƏ AXTARANLAR

Hərçənd, stendlərdə Samirə Mehdiyevanın dostluq etdiyi sakinlərdən bir ahıl, deyilənə görə vaxtilə müəllimə işləmiş qadının şəkillərinə toxunulmayıb. Digər sakinlər bu ayrı-seçkiliyi həmin qadının “yazı-pozu adamı” olması və direktorun onun demaqoqluğundan ehtiyatlanması ilə əlaqələndirilər: “Kişinin qızı arada guya şeirlər yazır. Mənasız söz yığnağıdır. Heç qafiyəsi, hecası düz gəlmir. Direktor ondan başqa qocalara qarşı təzyiq vasitəsi kimi istifadə edir”.

Xüsusi imtiyazı olan, “Bəxt üzüyü” filminin personajı şair Moşu Göyəzənlinin axtardığı “xoşbaxtlığ”a qafiyəni tapmış sakinlərdən biri də Nubar adlı yaşlı qadındır. Həmin qadının tündməcazlığı üzündən digər sakinlərlə yola getməməsi səbəbindən tez-tez yaşadığı otağı dəyişmək şakəri var. Direktor ona vaxtaşırı olaraq istədiyi otağı satır. Nubarın bu yaxınlarda Şəmsəddin adlı başqa sakinlə əməlli-başlı davası düşüb.

Bildirilir ki, Samirə Mehdiyeva vəzifə başına keçəndən ümumiyyətlə pansionatda iş elə qurulub ki, sakinlərə pul tələsi qurulur. Yaxşı mikroiqlim, komfortlu şərait istəyən sakinlər direktora “görüm-baxım” etməklə bu istəklərinə nail ola bilərlər. Məlumatda həmçinin qeyd olunur ki, direktor qocaların aldıqları pensiyanı “səmərəli” xərcləmələri üçün nəzarət mexanizmi də fikirləşibmiş. Mühafizəçiyə göstəriş veribmiş ki, yaxınlıqdakı bankomatdan pensiya hesablarındakı pulu çıxaranda siyahı tutub kimin nə qədər aldığını qeyd etsin. Lakin bu planı iflasa uğrayıb. Məsələ burasındadır ki, pansionatın əlavə korpusuna Ramanadakı Gənc Əlillər Evindən bir qrup gənc sakin yerləşdirilib. Gənc əlillərdən Qabil adlı biri mühafizəçinin bu əməlini müşahidə edərək telefonuna çəkib və mühafizə xidmətinin rəisinə göndərib. Təbii ki, direktor belə bir tapşırıq verdiyini boynuna almayıb. Məsələnin “şişməməsi” üçün həmin mühafizə naryadını pansionatdan uzaqlaşdıraraq xidmət yerini dəyişdiriblər.            .  

DİZİCIRIQLAR “ŞPANA”SI

Təzə direktorun imza atdığı “yeniliklərdən” biri də pansionatda özü üçün əlavə kabinetlər yaratması olub. Məlumata görə, müəssisənin həm birinci, həm də ikinci korpusunda direktorun kabineti, hər birində də katibə otağı, dincəlmə otağı olduğu halda, əsas korpusun ikinci mərtəbəsində qocaların ümumi istifadəsi üçün nəzərdə tutulan “Məişət Otağı”nı da özəlləşdirib, həmin sektoru dörd  hissəyə böldürərək, özünə üçüncü iqamətgah qurur. “Mən bura 500 manat maaşa işləməyə gəlmişəm” deyən direktor pansionatın konstruksiyasına yolverilməz dəyişikliklər etdiyi bu layihəsini həyata keçirmək üçün ilkin olaraq ustaya 700 manat zəhmət haqqı ödəyib.

Foto-stendləri dəyişdirməsindən belə başa düşmək olar ki, Samirə Mehdiyeva pansionatın nüfuzlu qonaqlarının yolunu gözləyir ki, onlarla özü şəkil çəkdirib sonra sərgiləsin. İnanılası deyil ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva pansionatın “Məişət Otağı”nın yoxa çıxmasından məmnun qalsın. Mənbə bildirir ki, təzə direktorun hazırki “işgüzar” qiyafəsinə görə heç bir mötəbər rəsmi qonaq onunla şəkil çəkdirməyə razılıq versin: “Dizi cırıq cins şalvarla işə gəlir. İxtiyarında əlavə otaqların çox olmasını istəməsi də  yəqin qeyri-rəsmi qonaqlarını rahat qəbul etməsi üçündür. Başına yığdığı, işə götürmək istədiyi təzə adamlar əsasən boşanmış gənc qadınlardan ibarətdir. Əndamları şalvarlarına sığmayan bu dizicırıq, əllərində açar-brelok oynadan “şpana” üzvlərini pansionata bahalı xarici avtomobillərdə gətirib-aparırlar. “Təzələrin” sırasında Arif adlı bir kişi də vardır ki, onun da işi direktora “donos” çatdırmaqdan ibarətdir. Pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi rejimin sərtləşdirildiyi dönəmdə hələ əmrləri veriməmiş  bu “mamli-matan” işçilərin sərbəst hərəkət etmələri üçün necə icazə verildiyi naməlumdur”.

Mənbə həmçinin məlumat verib ki, xanım direktor de-yure olmasa da, artıq de-fakto rəfiqələri üçün vəzifə bölgüsü də aparıb: “Nurlana adlı rəfiqəsinə anbarı tapşırıb. Həmin qadın elə anbardaca gecələyir. Tibbi yoxlamadan, koronavirus testindən keçmədən ərzağa “nəzarət” edir. Həqiqi anbardar vəzifəsini daşıyan Vüsal Mikayılova isə məcburən iki dəfə “könüllü” işdən çıxma barədə ərizə yazdırıb. Baş mühasib dirəniş göstərsə də, ona “EvdəQal, maaşını al” məsləhəti verib işə buraxmır. Təsərrüfat bacısı, pensiyaya çıxmasına il yarım vaxt qalmış, bütün kollektiv və sakinlər tərəfindən müsbət xarakterizə olunan Qüdrət  adlı xanıma da qapını göstərib, ən yaxşı halda sanitar işinə keçirə biləcəyini təklif edib. Aynurə adlı sanitarı da qovub. Açıq-aşkar hamıya deyir ki, siz köhnə direktorun kadrlarısınız, mən sizinlə işləmək istəmirəm”.

“BİZƏ İTİN-PİŞİYİN BƏYƏNMƏYƏCƏYİ YEMƏYİ VERİRLƏR…”

Di gəl, işdən çıxarmaq istədiyi şəxslər hüquqları uğrunda mübarizəyə qərar verdikləri üçün Samirə Mehdiyeva yeni komanda formalaşdırmaq planını həyata keçirməyin hüquqi həllini tapa bilməyib. Çünki pansionatın sakinləri də həmin şəxslərin qovulmasına etiraz edirlər.

Mənbə bildirir ki, Samirə Mehdiyeva məhz öz korruptiv planlarını həyata keçirmək üçün təzə komanda formalaşdırmaq istəyir: “Məsələ burasındadır ki, pansionatın sakinlərinin normativə uyğun qida rasionundan onlara verilməli olan ərzaqların kəsilərək mənimsənilməsi məhz vəzifəli şəxslərin – baş mühasibin, anbardarın əli ilə həyata keçirilməlidir. Sabahın menyusu axşamdan tərtib olunmalı, səhər tezdən divara hamının görəcəyi yerə asılmalıdır. Anbardan filan kəmiyyətdə ərzağın çıxarılaraq mətbəxə verilməsi də həmin vəzifəli şəxslər tərəfindən imzaları ilə təsdiqlənməli, möhürlənməlidir. Əgər legitim baş mühasib və anbardar işdə deyil, evlərindədirlərsə, onlarlı qeyri-legitim əvəz edən şəxslərin səmimiliyinə, ərzağı oğurlayıb mənimsəmədiklərinə necə inanmaq olar? Bu yarıtmaz idarəçiliyin nəticəsidir ki, sakinlər onlara verilən xörəyin həm kəmiyyətindən, həm keyfiyyətindən şikayətlənirlər. Hər gün kiloqramlarla qırmızı ət, balıq və başqa qiymətli ərzaq mənimsənilir”.

  Günün sonrakı saatlarında redaksiyanın telefonuna pansionatın hüquqları pozulmuş işçilərinin və ahıl yaşlı sakinlərindən bəziləri zəng vurub şikayətlərini bildirdilər.

Sevil Fərəcova: “Bizə verilən yeməyi  heç pişiyin qabağına atsan, yeməz. Duzu da yoxdu. Boşqabın içində şarik boyda kiçik ət parçası üzür. Adını da qoyublar küftədi”.

Vitaliy: “Verdikləri xörəyi heç it də bəyənməz. Sümükdən, kartofdan, bir də sudan ibarətdir”. Amma 3-5 manat pul ödəyə bilsən, əlavə xörək verirlər”.

Şəfaq Səfərəliyev: “Çox diqqətcil, qayğıkeş bir sanitar vardı – Aynurə xanım. Hansı səbəbdənsə, işdən çıxardılar. İndi bizə baxan yoxdur. Yerinə də başqasını təyin etməyiblər”.

Cəfər Məmmədov: “Bir ildi burdayam. Son aylar, xüsusilə bu xəstəlik söhbəti ortaya çıxandan bəri nə yeməyimiz yeməkdi, nə içməyimiz içmək. Aynurə adlı sanitarkamız vardı. Hər səhər gəlib bizə baş çəkirdi, qulluq göstərirdi. Lazım gələndə dükana göndərirdik, istədiimizi alıb-gətirirdi. Onu da işdən çıxarıblar, bizə xidmət eləyən yoxdu. Hökumət yaşlılara bayıra çıxmamağı tövsiyə edib, əməl edirik. Amma burda yemək sarıdan korluq çəkəndə neyləməliyik?

Vüsal Mikayılov (anbardar): “Pansionatın sakinləri zəng edib mənə deyirlər ki, harda qalmısız, burda bizə ərzaq vermirlər. Anbarın açarlarını direktor məndən alıb. Halbuki, işdən çıxıramsa, yerimə təyin olunana, yaxud, müvəqqəti həvalə olunan şəxsə təhvil-təslim aktı ilə verməliyəm. Soruşanda da deyir, mən sizlərlə işləmək istəmirəm, kimə istəyirsiz-şikayət edin”.

“İFLİC BALALARIMI DA GÖTÜRÜB PREZİDENT APARATINA GEDƏCƏYƏM…”

Aynurə Zakir qızı (sanitar bacısı): “Beş ildi bu pansionatda işləyirəm. Qaçqınam. İki xəstə uşağım var, iflicdirlər. Ramana Əlillər Evindən bura göndərilmiş  Humay adlı gənc xanım var. Direktor ona xarab elektrik pilətəsi verib. Demə, pilətənin naqillərinin üstü açıqmış. Humay ehtiyatsızlıq edib, cərəyan vurub. Ölümdən qayıdıb. Mən də təsadüfən şahid oldum. Sorağı yuxarılara çıxdı. Soruşdular, mən də olanı danışdım. Axı faktı dana bilməzdim. Direktor o vaxtdan mənlə zidd düşdü, yalan danışıb onu müdafiə etmədiyimə görə məni burdan uzaqlaşdırır. Tərəfini saxlayan o biri sakinləri də öyrədib Humayın üstünə salıb ki, ifadəsini dəyişsin. Mən bu ədalətsizliklə barışmayacağam. İflic balalarımı da götürüb düz Prezident Aparatına gedəcəyəm”.

Vüsal müəllim və Aynurə xanım həmçinin bildirdilər ki, üzləşdikləri haqsızlıqlar barədə  nazirlikdə şöbə müdiri işləyən Vüqar Behbudova xəbər ediblər. O isə araşdırıb məsələni yoluna qoyacağını vəd etsə də, heç nə etməyib, sonradan şikayətçilərin telefon zənglərini də açmayıb.

Redaksiya olaraq biz də öz növbəmizdə bütün bu sadaladığımız və digər məsələlərlə bağlı ƏƏSMN rəhbərliyinə yazılı sorğu göndərdik. Amma cavab yoxdur. Nazirlikdəkilərin başı qarışıqdır — “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirməklə, işçilərin əsassız yerə işdən çıxarılmasının, ixtisarının qarşısının alınması ilə məşğuldur.
Deryaz.az






Fikirlər