Azərbaycanda 18 ailənin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ
Cəlilabadda 26 nəfərin koronavirusa yoluxduğu Ağdaş kəndi xüsusi nəzarətə götürülüb və hazırda burada ciddi karantin rejimi tətbiq edilir. Yenisabah.az Baku.Tv-yə istinadən xəbər verir ki, kənd sakinlərinin, əsasən də 65 yaşdan yuxarı insanların çölə çıxmaması tövsiyə olunur. Hazırda kənddə koronavirus aşkarlanan xəstələrin evlərində dezinfeksiya tədbirləri həyata keçirilir. GEM-in əməkdaşı Sücəddin Hüseynovun sözlərinə görə, kənddə 18 ailədə bu virus aşkarlanıb. “Yoluxan insanların evlərində oluruq, hər birinin yataq otağı, mətbəxi də daxil olmaqla bütün evi dezinfeksiya edirik. İnsanlara da evdən çölə çıxmamaq tövsiyə olunur” – deyə Sücəddin Hüseynov qeyd edir. Qeyd edək ki, Cəlilabadın daha dörd kəndində - Həziabad, Bəciravan, Alar, Şıxlar kəndlərində də COVİD-19 infeksiyasına yoluxma halları aşkarlanıb. Xəstələr müxtəlif xüsusi rejimli xəstəxanalarda müalicə olunurlar.