“Azərbaycanda koronavirusdan ölənlərin sayı 300-ü ÖTƏCƏK...
“Koronavirus ABŞ-da yeni yayılmağa başlayanda ən yaxşı ssenaridə 125 min, pis ssenaridə isə 250 min şəxsin həyatına son qoyacağı proqnozu məni çox təəccübləndirmişdi. O zaman Tramp bu proqnozu açıqlayanda ölkə üzrə ölənlərin sayı 300-400 nəfər idi. Bu proqnozu ilk dəfə eşidəndə koronavirusdan ölüm hallarının bu qədər də çox olacağına inanmamışdım. Koronavirus bu günə qədər ABŞ-da 120 955 nəfərin, bütün dünyada isə 479 133 canını alıb. Azərbaycanın indiyə qədər heç bir proqnoz yoxdur, nə yaxşı və nə də pis ssenarilər qurulmayıb. Hətta bu işə məsul olan Nazirlər Kabineti yanında operativ qərərgah sabah nələrin baş verəcəyini belə dəqiq deyə bilməz. Çünki elmi yanaşma, təhlil və proqnozlaşdırma işi aparılmır”. "AzerTaym.az" bildirir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib. Q.İbadoğlu qeyd edib ki, bu işə məsul olanların birisi testlərin sayını artırıb, sifarişləri öz laboratoriyasına, həkimlərin təlimini yaratdığı ictimai təşkilata yönəltməklə, digərləri tibbi ləvazimat və dərmanların, başqaları tibbi avadanlıqların alveri ilə pul qazanır: “Bu işlərə ümumi nəzarət edəsi şəxslər də rayonlarda dram teatrı, tədris korpusu, idman kompleski və sair obyektlərin açılışını keçirirlər. Azərbaycanda bu günə qədər koronavirusdan 180 nəfər ölüb, hazırda 6613 nəfər virus daşıyıcısı xəstəxanada yerləşdirilib. Bu mülki statistikadır, qapalı institutlarda (həbsxanalarda və hərbi hissələrdə) nələr olduğunu bilmirik. Mülki statistikaya görə, ölüm faizi 2,2 olduğundan hazırda xəstəxanada yerləşdirilənlər arasından da ölüm sayı ən azı 145 nəfər ola bilər. Son zamanlar gündəlk ölüm əmsalı orta hesabla 6 nəfərə qalxıb. Bu gedişlə 1 ayda daha 180 nəfər itirə bilərik. Bu isə o deməkdir ki, ən yaxşı ssenari üzrə Azərbaycanda koronavirusun 1-ci dalğasının qurbanları indiki saydan 2 dəfə, orta və pis ssenaridə isə 3-5 dəfə çox ola bilər. Yəni belə davam edərsə tezliklə koronavirusdan ölənlərin sayı 300 nəfəri ötəcək. Bu dəhşətli rəqəmləri yazmaqda məqsədim odur ki, hər kəs virusu ciddiyə alsın, blsin ki, vəziyyət getdikcə ağırlaşır və nəzarətdən çıxır. Odur ki, Allah deyib dayanmayın. Görünür ki, Allah da bu gözəgörünməz bəla ilə bizi çəkir. Bir də ki, Allahın yanında o qədər böyük günahlarımız var ki, belə çətin məqamlarda onları bağışlayıb dadımıza çatacağına da əmin deyiləm. Bir sözlə, özünüzü və ailənizi özünüz qoruyun!”