Yeni agentlik “Youtube” kanallarına da nəzarət edəcək?

Yeni agentlik “Youtube” kanallarına da nəzarət edəcək?

Yanvarın 12-i Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Bu fərmana əsasən, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun bazasında Medianın İnkişafı Agentliyi yaradılıb. Məlumata görə, agentliyə audiovizual media məlumalarına da nəzarət etmək səlahiyyəti verilib. Bu isə yeni yaranan qurumun “YouTube” kanallarına da nəzarət edəcəyi haqda məlumatların yayılmasına səbəb olub. 

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, bu məsələlər yeni media qanunu qəbul olunduqdan sonra aydın olacaq:

“Kütləvi informasiya vasitələri haqqında” Qanun artıq müasir dövrün tələblərinə cavab vermir. Aparılan bu islahatlar çərçivəsində həmin qanun dəyişdiriləcək və adı “Media” Qanunu qoyulacaq. Bu qanununun əhatə dairəsi həm də onlayn media sferasını əhatə edəcək. Düzü, mən burada sosial şəbəkə profillərinin tənzimlənməsi üçün hansısa bir addımın atılacağını gözləmirəm. Əsasən sosial şəbəkə üzərindən fəaliyyət göstərən KİV qurumlarının fəaliyyətinə baxılacaq. Yəni kimlər ki özlərini kütləvi informasiya vasitəsi hesab edir, onların fəaliyyətinə nəzarət olunacaq. Çünki bu sahədə çox ciddi qarışıqlıq var. 

Belə ki, sosial şəbəkələrdə adını qəzet, TV, onlayn KİV qurumu qoymuş müxtəlif qurumlar var ki, onlar şəxsi profil kimi yaradılıb. Lakin şəxsi profillərlə KİV arasında böyük fərq var. Bir insan özünün sosial şəbəkə profilində şəxsi fikirlərini bölüşür. Kütləvi informasiya vasitəsini şəxsi profillərdən fərqləndirən məqam ondan ibarətdir ki, burada xəbər verərkən xəbərin standartlarına əməl olunmalıdır. Yəni xəbər araşdırılmış, dəqiqləşdirilmiş, obyektiv olmalıdır. Burada subyektiv fikirlər önə çəkilməməlidir. 

Amma təəssüf ki, bizdə sosial şəbəkələr üzərində yaradılan qurumlar özlərini kütləvi informasiya vasitəsi elan etdikləri halda, şəxsi duyğularını paylaşırlar. Xəbər standarları ciddi şəkildə pozulur. Hesab edirəm ki, bu məsələyə aydınlıq gətirilməlidir. Şəxsi profilin və KİV-də əks xəbərlərin standarlarının necə olduğu dəqiq göstərilməlidir”.

Həmsöhbətimiz vurğulayıb ki, yeni yaradılan Media İnkişafı Agentliyinin bu məsələlərin tənzimlənməsini həyata keçirməsi üçün qanunvericilik məsələyə aydınlıq gətirməlidir:

“Bizim dəyişdirilmək üzrə olan qanunvericilikdə  xəbərin, xüsusilə qəzet və televiziyanın standartları müəyyən edilib. Amma təəssüf ki, həmin müəyyənləşdirmə onlayn media üçün keçərli deyil. Yeni qəbul edilən qanunda o da müəyyənləşəcək və bu da öz növbəsində məsələlərdə tənzimləmə missiyasının həyata keçirilməsinə imkan verəcək”.






Fikirlər