"İnsanın həm dirisinə, həm də ölüsünə sahib çıxan insan kimi həmişə CAVİD müəllimi xüsusi dəyərləndirmişəm"

“Qayıdandan sonra istəyərdim ki, Azərbaycan Yazıçılar Birliyinin Kəlbəcərdə filialını yaradaq...”
 
"AzerTaym.az" moderator.az-a istinadən şair Adil Cəmilin müsahibəsini təqdim edir:
 
- Adil müəllim, işğaldan azad edilmiş yerlərimizə, doğulduğunuz Kəlbəcər rayonuna getməmisiniz ki hələ?
 
- O torpaqlarımıza hələ ki, gedə bilməmişəm. Amma inşallah getmək qismət olar. 
 
- Xalq artisti Rəmiş dünyasını dəyişdi. Adamın bir anlıq içində keçdi ki, onu Ağdamda dəfn etsinlər. Amma bu indiki vəziyyətdə alınmadı...
 
- Bu da bir reallıqdır. Biz hələ ordakı dağılmış qəbirlərimizə baxıb ağlayırıqsa, bu saat orda kimisə dəfn etməyin məqamı deyil. Yəni inşallah buna da bir az zaman, vaxt lazımdır.
 
- Bəs Kəlbəcər işğal olunandan sonra onunla bərabər siz kəlbəcərlilərə daha hansı zərbələr dəydi?
 
- Bir kəlbəcərli kimi atamı və daha sonra anamı itirdim. Onlar elə Kəlbəcər həsrətilə dünyasını dəyişdilər. Cavid müəllim (Cavid Qurbanov) sağ olsun ki, o vaxt Masazırda bir yer almışdı, atam və anam da orda dəfn olundu. Həmin qəbiristanlıqda dəfn edilən mərhumların əksəriyyəti demək olar ki, kəlbəcərlilər və bir də laçınlılardı. İnsanın həm dirisinə, həm də ölüsünə sahib çıxan insan kimi mən həmişə Cavid müəllimi xüsusi dəyərləndirmişəm. Həmyerlilərimizin də taleyindən bu bir qırmızı xətt kimi keçib. Bəzən olur ki, insan dünyasını dəyişəndə onu dəfn etməyə problem yaranır, yer də tapılmır. Bu bizim həyatımızın gerçək tərəfidir. Bunun özü isə böyük savab, insana insaniyyətlikdən gələn bir şeydir ki, insanın son mənzilində ona bir mənzil yeri verməyi də bir kişilikdi, qeyrətdi ki, insan son mənzilə də getmək üçün yerdə qalanlarına problem yaratmasın. O cəhətdən Cavid müəllimə təşəkkür edirəm ki, həmişə həssaslıqla insanlarımızın taleyi haqqında fikirləşib. Bizim camaat elə məskunlaşma baxımından da ən çox Masazır tərəfdə yaşayır. Mən Kəlbəcərdən uşaq vaxtından çıxmışam, amma ordan gələn böyüklər üçün Kəlbəcərsiz daha çətin idi, nəinki mənim üçün. Çünki o torpağın üstündə onlar daha çox duruş gətirmişdi, o havadan, sudan onlar daha çox qidalanmışdı. O ki, qaldı yeni nəslin şüuru altında bir qan yaddaşında Kəlbəcər var. Bu həmişə də belə olacaq.
 
- Aşıq Ədalət Dəlidağlı dedi ki, mən burda daşı-daş üstə qoymadım. Gözlədim ki, Kəlbəcər azad edilsin, orda öz evimi tikəcəm. Bir də Vətən müharibəsində iştirak edən gənclərin toyunda təmənnasız iştirak edəcəyini bildirdi. Siz bəs Kəlbəcərə qayıdandan sonra nə iş görməyi planlaşdırırsınız?
 
- Mən Kəlbəcərə qayıdandan sonra istəyərdim ki, Azərbaycan Yazıçılar Birliyinin Kəlbəcərdə filialını yaradaq. Bu bizim digər bölgələrimizdə də var. Mən Kəlbəcər ədəbi-mühitinə məxsus koloriti yaşatmaq, ənənəni davam etdirmək üçün qələm adamlarını bir araya gətirib, yaxşı bir təşkilat yaratmaq istəyərdim. Onların əsərlərinin nəşrinə isə yardımçı olardım. Kəlbəcərdə demək olar ki, əhalinin yetmiş faizi şeirə, sözə meylli və söz qabiliyyəti olan adamlardı. 






Fikirlər