CAVİD QURBANOV: “Ağdam istiqamətində 20 km yol yatağı hazırdır, Şuşa dəmiryolu isə...”

Cavid Qurbanov: “Ağdam istiqamətində 20 km yol yatağı hazırdır, Şuşa dəmiryolu isə...”

"Şuşaya dəmir yollu xətti çəkiləcək".
 
Bu sözləri jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. O bildirib ki, Qarabağda dəmir yollarının tikintisi 3 istiqamətdə aparılır:
 
"Ağdam tərəfdə artıq 20 km yolun yatağı hazırdır, bu günlərdə işlərə başlanılacaq. Əsasən 3 istiqamətdə işləyirik. Bunlardan biri Horadiz-Naxçıvan istiqamətindədir, 111 km-dir. Orada su elektrik stansiyası tikildiyindən buna görə də göl əmələ gəlir. Həmin gölə görə yolumuz kənara çəkilir, həm də uzanır. Hazırda Şuşaya da dəmir yolunun çəkilişi ilə bağlı layihələndirmə işləri aparılır.
 
Oralarda tunellər bir az çoxdur, həm də ərazi dağlıq zonadır. Bildiyiniz kimi cənab Prezident Şuşanı Azərbaycanın mədəniyyət mərkəzi elan edib. Ona görə də yəqin ki, oraya elektrik qatarının çəkilməsi vacib olacaq. Bu barədə tapşırıq da verilib. Qərar necə olacaq, bunu deyə bilmərəm, amma biz proyekti hazırlayırıq".
 
Cavid Qurbanov qeyd edib ki, Qarabağda dəmir yolu xətlərinin çəkilişinə mane olan əsas amil ərazilərin minalı olmasıdır:
 
"Hazırda əsas çətinlik minatəmizləmə prosesi ilə əlaqədardır. Ermənilər o qədər mina basdırıblar, hər yer mina ilə doludur. Yol sərhədlə getdiyinə görə daha çox həmin yerlərə mina basdırıblar ki, istifadə oluna bilməsin. Əməkdaşlarımız hətta bir dəfə bilmədən maşınla minanın üzərindən keçiblər. Sadəcə bəxtləri gətirib ki, mina partlamayıb".
Cavid Qurbanov onu da əlavə edib ki, Ağdamdakı dəmir yolu xəttinin tikintisini  yerli, digərlərini isə Türkiyə şirkətləri həyata keçirir.






Fikirlər