Bakıda görünməmiş hava:Kimlərə pis təsir edir? – AÇIQLAMA
"Bu ilin sentyabr ayı nisbətən mülayim temperatur rejimi ilə səciyyələnsə də, birinci ongünlükdə bəzi günlər arasında olan temperatur fərqi 20 dərəcəyə çatıb. Belə ki, sentyabrın 2-də Bakıda temperaturun 36.1, Sumqayıtda 38.2 dərəcəyədək yüksəlməsini, sentyabrın 8-də və 19-da isə 17.5 dərəcə isti olmasını qeyd etmək olar". Maraqlıdır, dəyişkən hava insan orqanizminə necə təsir edir? Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında farmakoloq Aydın Əliyev bildirib ki, bu cür hava dəyişikliyi xüsusən ağır xəstəlikləri olan insanlar üçün mənfi fəsadlar yarada bilər:
"Biz bundan sonra belə temperatur dəyişikliklərinə yumşaq desək, öyrəşməliyik. Bu gün dünyada təbiəti öz təbii axarından çıxarırlar. Təbiət təmiz su, təmiz hava, təmiz torpaq, təmiz qidadır. Bunlar bir yerdə təbii təbiəti təşkil edir. İndi görün, dünyada təbiilik qalıbmı? Qidalarımız süni, dərmanlarımızın çoxusunü görürsünüz, nə gündədir, ekoloji durum pis. Ancaq silahlar, radiasiya, texnologiya. Hamısı da insan sağlamlığının əleyhinə olan proseslərdir. Ona görə də bədənə lazım olan oksigenin azalması, karbonun miqdarının artması belə təlatümlər ortaya çıxarır. Təbii ki, belə hava dəyişimləri orqanizmə ziyandır. Bədən normal temperatura öyrəşib. Dünyanı idarə edənlər fikirləşməlidir ki, bu dünyanı nə günə qoyduq. Hər yerdə keyfiyyətsiz yanma məhsulları, keyfiyyətsiz işlər. Özləri ekologiyanı bu günə qoyub, deyirlər ki, ekologiya niyə belədir? Bəs necə olmalıdır? Afrikanı zibillik gününə kim saldı? Siz saldınız. İnsanların əlindən azadlıq alınanda öz təbii axarlarından kənara çıxırlar. Belə hava dəyişimləri xüsusən həssas insanlara ziyandır. Qan təzyiqi tez-tez dəyişən, ürək-qan damar sistemində problem olan insanlara daha çox ziyandır. Xüsusilə də müxtəlif ağır xəstəlikləri olan insanlara bu cür hava dəyişimləri daha mənfi təsir edir. Bizim sağlamlığımız həkimlərdən yox, daha çox yaşadığımız ekoloji mühitdən asıldır. İnsan 50 faiz yaşadığı mühitdən, 20 faiz genetikadan, 10 faiz həkimlərdən asılıdır. Problemlərimiz bunlardır. Xoş münasibət, keyfiyyətli məhsul, təmiz ekologiya - insanların yaşama düsturu bu olmalıdır"