İRANA İŞLƏYƏN SAYTLAR BLOKLANDI! – “YouTube” kanallarına da QADAĞA qoyulub
Azərbaycanda İranın maraqlarına xidmət edən şəxslərə və təşkilatlara qarşı tədbirlər davam etdirilir. “AzPolitika.info” xəbər verir ki, İran rejiminin siyasətini və məzhəbçiliyin təbliğatını aparan 6 sayt müvafiq dövlət qurumları tərəfindən bloklanıb. Bunlar “deyerler.az”, “maide.az”, “ahlibeyt.az”, “ehlibet.info”, “shia.az” və “islaminsesi.org” saytlarıdır. Eləcə də İrana işləyən “YouTube” kanallarına qadağa qoyulduğu bildirilir. Xatırladaq ki, iki gün öncə “maide.az” saytının rəhbəri Sərdar Babayevin həbsilə bağlı məlumat yayılıb. Vəkilinin verdiyi məlumata görə, S.Babayevə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş, 2020-ci ilin fevralında isə azadlığa buraxılmışdı.