"Biz məktəb, müəllim və valideyn arasında dialoqun başlamasını alqışlayırıq"

Günel Səfərova
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri 
Hər bir dövlətin gələcəyi vətəndaşlarının təhsil səviyyəsindən və dünyagörüşündən asılıdır. Təhsil nəinki bütövlükdə cəmiyyətin, ayrı-ayrılıqda onun hər bir fərdinin həyatının ayrılmaz hissəsidir və bu baxımdan təhsil sahəsində baş verən istənilən dəyişikliyə, yeniliyə, hətta sıradanbir hadisəyə, peşəsindən asılı olmayaraq, istənilən şəxsin reaksiya verməsi, münasibət bildirməsi təbii qəbul olunmalıdır. Amma bununla yanaşı, təhsilin həm də xüsusi və həssas yanaşma tələb edən bir sahə olduğu, onun ən müxtəlif formada gözdən salınmasına xidmət edən davranışların işığa, inkişafa deyil, qaranlığa xidmət etdiyi unudulmamalıdır. 
Təhsilin gözdən salınması cəhalətə, xurafata qucaq açmaq, cəmiyyəti feodalizm dövrünün qaranlığına sürükləməkdir. 
Bu gün təhsil sisteminin müasir çağırışlara cavab verməsi istiqamətində yeni addımların atılmasına və təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına ehtiyac vardır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi zəruridir. Bu gün Azərbaycan təhsilində islahatların davam etdirilməsi və neqativ halların qarşısının alınması üçün subyektiv, fraqmentar yanaşmalar, inzibati amirlik metodlarından istifadəni  deyil, hüquqi, normativ tənzimləmələri əsas götürən sistem yaradılması başlıca hədəf olmalıdır.
Proses, uzun illərdən bəri təhsil sistemindəki bütün neqativ amillərdən faydalananların ciddi müqaviməti ilə qarşılaşdığı üçün də kövrəkdir və daha qətiyyətli addımların atılmasını, problemlərin olduğu kimi dilə gətirilməsini tələb edir. İstənilən sahədə şəffaflığın, cavabdehliyin təmin edilməsi üçün ilk növbədə problemlərin özünü "şəffaflaşdırmaq”, hamının görə biləcəyi bir müstəviyə çıxarmaq lazımdır. Təhsil nazirinin bu istiqamətdəki səyləri də, məhz mövcud problemlərin, həm də ictimaiyyətin dəstəyi ilə aradan qaldırılması, mümkün çatışmazlıqların olduğu kimi təqdim olunmasına xidmət etdiyi üçün tənqidlə yanaşı, həm də təqdir olunmalıdır. Nazirin fikirləri doğru oxunmalı, şəffaflıq üçün mezanizmlər tapılmalı, məktəblərə ianə sistemi rəsmi olmalıdır.
Təhsil kimi hər birimiz üçün vacib olan sahə ilə əlaqədar müzakirələrdə populizm, yalançı pafos, demaqogiyanı yox, açıq müzakirələri, məhsuldar fikir mübadiləsini, rasional, həll yolları təklif edən yanaşmaların, modellərin müzakirəsini təqdir etməliyik. 
Cəmiyyət olaraq problemlərimiz, təhsilimizin inkişafını əngəlləyən bütün digər məsələlər haqqında açıq danışmağı bacarmalı və həlli prosesində də birlikdə iştirak etməliyik. Çünki təhsilin problemləri cəmiyyətin və onun hər bir fərdinin problemləridir.
Biz məktəb, müəllim və valideyn arasında  dialoqun  başlamasını müsbət qiymətləndiririk. Təhsil Nazirliyi yanında İctimai Şura olaraq düşünürük ki, bu əlaqələr daha da güclənməlidir. 
Eyni zamanda maliyyə şəffaflığının təmin edilməsi,  icma əsaslı məktəblər modeli  və s məsələlər  yeni olsa da, bu bizi çəkindirməməlidir, əsas məqsəd müsbət dəyişikliklərə nail olmaqdır,  bu istiqamətdə səylərimizi  birləşdirməliliyik,  islahatlar üçün əlverişli mühir formalaşmasına nail olmalıyıq,  bu zaman ortaya çıxan problemləri  isə mərhələ-mərhələ,  zamanla həll etmək mümkündür.
 

 

 






Fikirlər