Gözükölgəli kişilər... - Təşkilat sədrindən deputata çox sərt ittihamlar

 

 
Azərbaycan Milli İstiqlal Partiyası İmişli rayon təşkilatı bəyanat yayıb.
 Bəyanatı imzalayan AMİP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş partiyanın rayon təşkilatının sədri Tapdıq Həsənov seçkidəki rəqibi, biznesmen-deputat Əsabil Qasımova çox sərt ittihamlar irəli sürüb.
 Strateq.az-a daxil olan bəyanatda deyilir: 
 Milli Məclisə 01.11.2015-ci il tarixdə keçirilən parlament seçkiləri İmişli rayon tarixinə daha bir qara ləkə kimi düşdü. YAP-ın namizədi KİV-lərdə holdinqlərinin, plazalarının, 15-20 mərtəbəli binalarının saylarını oxumağa insan nəfəsi çatdırmayan, xarici ölkələrdə gözqamaşdırıcı obyektlərinin sayları hələ də dəqiq açıqlanmayan bir oliqarxın - Əsabil Qasımovun seçki saxtakarlığı nəticəsində 11 min (?) səslə deputat seçdirilməsi rayon sakinlərinə daha bir təhqir oldu.
 Əsabil Qasımov 15 gün ərzində Nəqliyyat Nazirliyinin, Qaçqınlar Komitəsinin səlahiyyətlərini mənimsəyərək İmişli camaatına (!) bir səs ücün 5-10 manat, komissiyya üzvlərinə 50 - 100 manat, təhsilimizi bərbad günə salan komissiya üzvləri və sədrləri təyin edilmiş müəllimlərə 100-200 manat pul paylatdıraraq, bəzi qəbiristanlıqlara 5-10 maşın qum-çınqıl tökdürərək (İmişlinin yeraltı sərvətləri bu tipli oliqarxlar tərəfindən talan edilir), Bakının baş planını pozaraq 3-5 bal zəlzələyə davam gətirə bilməyəcək 20 mərtəbəli binalar tikdirən tikinti krallarının köməkliyi ilə ona saxtakarlıqla deputat mandatı verilir.
  Baki şəhərinə vaxtilə "011" avtomobili ilə gedən Əsabil və prezidentin də başına bəla olan bu tikinti maqnatları vaxt gələcək ki, İmişliyə at arabası ilə (o da qismət olsa) qayıdacaqlar.
  YAP İmişli rayonunun sədri Səfa Ağayevin son 20 ildə törətdiyi saxtakarlığın ən böyüyü məhz 01.11. 2015-ci ildə qoyuldu. Rayonun sayılıb-seçilən 8 nəfər deputatlığa namizədlərinin halal topladığı səsdən ona 3 dəfədən cox səs yazdırıldı. Bir qarın çörəyə görə həmişəlik gözükölgəli olan kişilər qutulara Əsabil Qasımova görə topa-topa bülletenlər atdılar. Vicdanlı insanlar onlardan bir neçə toplumunu sosial şəbəkələrdə nümayiş etdirməkdədirlər. Özlərinə ümumi lider saydıqları İmişlidə Heydər Əliyev adına verilmiş parkdan onun adının inkar edilməsinə qarşı çıxan İmişlinin Heydər Əliyev çörəyindən mərhum edilmiş və Heydər Əliyevin müdafiəsinə qalxaraq Səfa Ağayev və Əsabil Qasımova, habelə digər əlaqədar nazirliklərə şikayət edənlər həbsə atıldılar, onların şikayətlərinə məhəl qoyulmadı və Heydər Əliyevin adı inkar olunub. Amma deputat mandatı Əsabil Qasımova Ulu Öndərin adından istifadə edilərək təqdim olunur. Bu cinayət məsuliyyətini ehtiva edən seçki saxtakarlarının üz qarasının nəticəsi idi ki, Avropa təşkilatları seçkilərə nümayəndə göndərmədi və seçkilərin nəticələrini bu gün də tanımırlar. Yekun olaraq AMİP İmişli rayon təşkilatı 01.11.2015-ci ul tarixdə 79 saylı İmişli DSK-da keçirilmiş seçkilərinin nəticələrini qeyri-legitim hesab edir və Əsabil Qasımovun deputatlığını tanımadığını bəyan edir.
  Bəyanat Prezident Administrasiyasına, Milli Məclisə, MSK - ya, İmişli rayon icra hakimiyyətinə, bütün hüquq-mühafizə orqanlarına və KİV - ə göndərilmək üçün tərəfimdən imza edilir".
  
 






Fikirlər