Jurnalistlərin VIII qurultayında bir sıra qərarlar qəbul edilib

Fasilədən sonra səsvermə mərhələsində çıxışlar davam etdirilib.

"Kredo" qəzetinin baş redaktoru Əlirza Xələfli Azərbaycan jurnalistlərinin Mətbuat Şurası səviyyəsində fəaliyyət göstərən media qurumları səviyyəsində qorunmasının vacibliyindən söz açdı: "İstərəm ki, bundan sonra gələn heyəti dayağım hesab edim. Əflatun müəllimə gələcək fəaliyyətində uğurlar arzulayıram".

Vətəninfo.az saytının rəhbəri Nahid Canbaxış əsas məsələnin yenilənmə olması deyil, olan problemlərin aradan qaldırılmasına çalışan jurnalistlərə dəstək verilməsinin vacibliyini qeyd etdi.

"Zaqatala" qəzetinin baş redaktoru İbrahim Bəxtiyaroğlu bölgə mətbuatının problemlərinin kifayət qədər ciddi olduğunu söylədi və bu problemlərin aradan qaldırılması üçün bundan sonrakı MŞ-nın yeni rəhbərliyinin üzərinə böyük vəzifələrin düşdüyünü qeyd etdi: "Arzu edərdim ki, yeni sədr vaxt gəlsin, Əflatun müəllim kimi hesabat versin".

MŞ sədrinin müavini Müşfiq Ələsgərli Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları barədə nizamnaməyə edilən dəyişikliklərlə bağlı çıxış etdi. Edilən iki dəyişiklik səsə qoyuldu və qəbul edildi.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev Mətbuat Şurasının Azərbaycan mətbuatının inkişafında böyük xidmətlərinin olmasından söz açdı: "Bu qurultay elə bir vaxta keçirilir ki, bizə böyük şərəf verir. Qalib Azərbaycanın dövrünə təsadüf edir. Biz burada oturuşmuş təcrübədən istifadə etməsək, yenilərin təcrübəsizliyi ilə üzləşə bilərik. Yəqin ki, məni hər kəs düzgün anlayar. Yeni seçilən tərkibə uğurlar arzulayıram. Köhnənin də əlini sıxıb yola salmağı bacarmalıyıq".

"Ədalət" qəzetinin keçmiş baş redaktoru, deputat Aqil Abbas qəzetlərin önəmini daha çox vurğuladı: "Qəzetləri bu qədər sıxmaq olmaz, gözdən salmaq olmaz. Rayonlara yuxarıdan tapşırıq veriblər ki, qəzetlərə abunə yazılmayın. Bunu kim sifariş verib? Rayon icra başçıları qəzetləri niyə maraqlanmırlar? Deyirlər ki, cəhənnəmə çıxmasın. Bakıdakı icra başçılarımız da burada qəzetləri dayandırmağa çalışırlar. Çünki oradan xəbər çıxartdıra bilmirlər".

"İki Sahil " qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ötən dövr ərzində Mətbuat Şurasının kifayət qədər böyük işlər gördüyünü bildirdi: "Bu gün qəbul edilən qərarlar gələcəkdə hər birimizin fəaliyyətində mühüm rol oynayacaq. Hər kəsə təşəkkür edirik".

Ağcabədidə fəaliyyət göstərən "Aran" qəzetinin redaktoru Məhsəti Musa öncəliklə təmsilçisi olduğu qəzetin tarixi barədə geniş məlumat verdi: "Dəstək olarsa, bölgə mətbuatını inkişaf etdirərik. Bir növ onu bataqlıqdan çıxararıq. Qəzetlərimiz sıradan çıxararsa, çox şeylər itirərik. Folklorımız tarixdən silinər. Bu məsələ mütləq nəzərə alınsa çox yaxşı olardı".

Qurultayın bu yerində zalda Ə.Amaşovun Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunduğu elan edildi. Hər kəs bu xəbəri alqışlarla qarşıladı.

Hazırda hər kəs səsvermənin nəticəsini gözləyir.

***

Azərbaycan jurnalistlərinin VIII qurultayında bir sıra qərarlar qəbul edilib.

Musavat.com-un xəbərinə görə, toplantıda əvvəlcə Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxarılıb.

Daha sonra isə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adının yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra hər iki dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

****


Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adı dəyişdirilir.

 Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Jurnalistlərinin VIII qurultayında bildirib.

O qeyd edib ki, müasir çağırışlara uyğun olaraq qaydanın adı dəyişdirilir:

“Təklifə əsasən, qaydanın adı yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılacaq”.






Fikirlər