Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Abbas Seyidov məhkəməyə verilib. İddiaçı institutun elmi işçisi Lola Hüseynovadır.
Lola Hüseynova Qaynarinfo-ya bildirib ki, məhkəməyə müraciət etməsinin səbəbi Abbas Seyidovun ona əssasız olaraq şiddətli töhmət verməsi ilə bağlıdır:
"Mən bu barədə qərarın ləğvini tələb edirəm. İddia olunur ki, guya hansısa şöbə müdirini təhqir etmişəm, sürümüşəm və s. Bu barədə Abbas Seyidovun özü də açıqlamasında bildirib. Bu iddianın heç bir əsası yoxdur. Sadəcə olaraq, Abbas Seyidov mənə qarşı qərəzlidir".
Lola Hüseynovanın sözlərinə görə, iki il əvvəl Abbas Seyidovla aralarında problem yaranıb: "Həmin vaxt Abbas Seyidov direktor deyildi. Biz onunla bir şöbədə işləmişik. O direktor təyin ediləndən sonra mənə qarşı təzyiqlər başladı. Abbas Seyidov işimə maneə yaratdı, məni öz dissertasiya işimlə bağlı tədqiqatlardan uzaqlaşdırdı. Əməkdaşların aylarla ekspedisyada olduğu müəssisədə mən yalnız iki dəfə oldum, o da başqa abidələrlə bağlı.
Hətta bir otaqdan digərinə keçməyimlə bağlı izahat tələb edirdi. Təsəvvür edin, mən elmi rəhbərimin yanına getmişəm. O isə mənə xidməti məktub göndərərək harada olmağımla bağlı izahat tələb edib. Elmlər Akademiyasının tarixində belə bir hal olmayıb. Nəhayət, əsassız yerə mənə şiddətli töhmət verdi”.
Elmi işçi bildirib ki, məcburiyyət qarşısında qalaraq ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb:
"Yoldaşım hərbiçidir. Məni o, oxudub. Onun dəstəyi nəticəsində magistratura təhsili almışam. Özü də magistraturanı fərqlənmə diplomu ilə başa vurmuşam. Yoldaşım həmişə düşünüb ki, oxuyan qadın cəmiyyət üçün də, ailə üçün də faydalıdır. İndi Abbas Seyidov bir hərbiçi ailəsinin evinə girən əlavə 400 manatı ona çox görür. Özü də elmi yox, məhz şəxsi intriqalarına görə.
Abbas Seyidovun mənə qarşı qərəzindən əziyyət çəkən iş yoldaşlarım var. Onlardan üzr istəyirəm. Mənimlə rəfiqəlik etdiyinə görə aylarla yarımştat saxlanılan işdəki rəfiqələrimdən üzr istəyirəm! Mənə qarşı təzyiqlər davam etdiyinə görə, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişəm. Həmin müraciətdə bütün faktlar əks olunub”.
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru professor Abbas Seyidov isə Qaynarinfo-ya açıqlamasında Lola Hüseynovanın dediklərini təkzib edib. Professor bildirib ki, Lola Hüseynovanın söylədikləri həqiqəti əks etdirmir:
"O məhkəməyə müraciət etdiyinə görə geniş danışa bilmərəm. Qısaca deyim ki, həmin xanımın haqqımda yazdıqlarının biri düz olsa, mən ərizəmi yazıb işdən çıxaram. Yazdıqlarının, dediklərinin hamısı yalandır. Dəfələrlə ekspedisiyalarda olub. Bu il də ekspedisiyaya gedib. 90 günlük ekspedisiya alıb. Halbuki 60 gündən artıq olmaz. Yəni, ona hər cür şərait yaradılıb. Sadəcə savadsızdır, belə şeylər yazmaq əvəzinə, dissetrtasiyasını yazsaydı, daha yaxşı olardı”.
Direktor əlavə edib ki, Lola Hüseynova iki elmi rəhbər və iki dissertasiya mövzusu dəyişib. Abbas Seyidovun sözlərinə görə, onunla elmi işçi arasında hər hansı intriqadan söhbət gedə bilməz:
"Mənim onunla nə intriqam ola bilər ki? Mən elmlər doktoru, professoram, institutun rəhbəriyəm, 400 dən artıq elmi əsərim var, 35 monoqrafiyanın müəllifiyəm. O isə təzə gəlib. Sadəcə müəyyən adamlar var ki, onu qabağa veriblər. Həmin adamlar buradan gedənlərdir, mən onları susdurmuşam, çünki cinayət əməlləri var. Ona görə də bunu qabağa veriblər”.
Lola Hüseynova isə iki mövzu dəyişməsinə belə aydınlıq gətirib:
"Elm adamları yaxşı bilirlər ki, tədqiqat prosesində mövzunun adını, özünü dəyişdirmək adi qaydadır. İlk elmi rəhbərimlə məsləhətləşdik ki, daha aktual bir mövzu seçilməsinə qərar verək. O zaman özümün də iştirak etdiyim yeni qazıntlardan biri haqqında mövzu götürməyim məsləhət olundu. Elə elmi rəhbərimi də bu səbəbdən dəyişməli oldum. Mənim ilk elmi rəhbərim professor idi. Bu gün də mən onun kitablarından bəhrələnirəm. Onun mənə etdiyi yaxşılığı ölənə kimi unutmayacam. Amma Abbas Seyidovun bunu cinayət etmişəmmiş kimi təqdim etməsi onun elmə necə yanaşmasını göstərir. Mövzum isə 2021-ci ilin sonunda təsdiq olunub. Bu ərəfədə mən mövzumla əlaqəli 10, mərhum prezident Heydər Əliyevlə bağlı (magistratura işimin əsasında) bir məqalə çapa vermişəm”.
Qaynarinfo-nun araşdırması nəticəsində məlum olub ki, Lola Hüseynovanın şiddətli töhmət almasına səbəb iş yoldaşı Sədaqət Məmmədli olub. Lola xanım faktı təsdiqləyib:
"Sədaqət Məmmədli ilə bir şöbədə işləmişik. O, hələ Abbas Seyidov direktor vəzifəsinə təyin edilməmişdən əvvəl mənim sosial şəbəklərdəki paylaşımlarımı "skrin” edib ona göndərirmiş. Buna görə də institutun laborantı olan, kollektivdə 10-15 nəfərin tanıdığı Sədaqət Məmmədli Abbas Seyidov direktor vəzifəsinə təyinat alan kimi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Əslində bu vəzifəni institutun elmi-tədqiqat işləri barədə ətraflı məlumatı və mətbuatla iş qabiliyyəti olan bir əməkdaş tutmalı idi. Sədaqət Məmmədli isə bu göstəricilərdən tam uzaqdır. O, eyni zamanda şöbələrdən birində yarımştat kiçik elmi işçi, digər tərəfdən doktorantura üzrə əyani tələbə, həmkalar ittifaqının katibi, gənc alimlər şurasının üzvüdür. O, bu vəzifələrə seçki olmadan yiyələnib. Şiddətli töhmət almağıma səbəb olan şikayət ərizəsini o yazıb. Halbuki onu təhqir etməyim, sürüməyim barədə iddialar isə əsassızdır. Sadəcə mənə təzyiq üçün belə addım atılıb”.
Lola Hüseynova onu da qeyd edib ki, məhkəmə iddiasını geri götürmək üçün ona təzyiq edilir.
Sədaqət Məmmədli isə Qaynarinfo-ya bildirib ki, Lola Hüseynovanın dedikləri doğru deyil:
"Təsəvvür edin, məni 25 nəfərin qarşısında təhqir edib. Bizdə attestasiya keçirilirdi, bir şöbənin əməkdaşları içəridə idi, başqa bir şöbənin əməkdaşları isə bayırda gözləyirdi. Həmin vaxt bu (Lola Hüseynovanı nəzərdə tutur) gəldi dedi ki, sən mənim haqqımda nələrsə danışmısan. Mənə nalayiq sözlər dedi. Oradan uzaqlaşmaq istəyəndə qolumdan dartdı. Açığı mən polisə müraciət etmək istəyirdim. Sonradan fikirləşdim ki, elm ocağıdır, problemi öz aramızda həll edərik. Lakin o yenə də haqqımda şər-böhtan yaymağa davam edir”.