`Əyalət oliqarxı` Leysanov haqda İLGİNC İDDİALAR... - Belə deyirlər...

Hələ 90-cı ilin sonlarında Salyan rayon İcra Hakimiyyəti başçısının müavını olmuş, daha sonra uzun müddət Salyan rayonunda Pambıq zavodunun direktoru işləmiş Bahəddin Leysanov nəhayətsiz kapitala yiyələnib. Bahəddin Leysanovun bu rayonda iki yanacaqdoldurma məntəqəsi,”Salyan-Pambıq”Açıq Tipli Səhmdar Cəmiyyəti, eyni zamanda Neftçala, Salyan, Şirvan, Sabirabad və Biləsuvar Pambıq Zavodlarının səhmlərinin 50% -nə sahibdir. Məlumatlarda Bahəddin Leysanovun adıçəkilən rayonlarda minlərlə hektar ərazisi olduğu halda, vətəndaşların halal torpaqlarını da ələ keçirib və müxtəlif kəndlərdən olan sakinlər onun bu əməlləri ucbatından torpaq üzünə həsrət qaldıqlarını bildirirlər. B.Leysanovun bu kimi qanunsuz yollarla qazandığı pullar hesabına Bakının müxtəlif yerlərində onlarla mülkü olduğu da bıldırilır. Verilən məlumatlarda B.Leysanovun qanunsuz yollarla qazandığı pullar hesabına Bakının müxtəlif yerlərindəki mülklərindən biri də paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində keçmiş “Qarabağ” pioner düşərgəsi kimi tanınan əraziyə yaxın yerdə yerləşən 1 milyon dollarlıq villadır.

Zəmanənin nəbzini tutmağı bacaran B.Leysanov bir zaman yaxşı anlaşdığı AXC-yə arxa çevirərək, YAP-a yarındı. Kolxozların ləğvindən sonra Leysanov Neftçalada torpaqların böyük qismini ələ keçirdi, bir çox dövlət və dövlət torpaqları, o cümlədən geniş örüş sahələrinin yarıdan çoxu 99 illik müqavilə ilə Leysanova verilib. Sonradan Leysanov təkcə Neftçala ilə kifayətlənməyib, Salyan rayonunun da bələdiyyə və dövlət torpaqlarının yarısından çoxunu istifadəyə götürdü, ardından Biləsuvar, Cəlilabad, Masallı rayonlarında da minlərlə hektar torpağı özününküləşdirdi. Bundan başqa, Leysanovun əli Sabirabada və İmişliyə qədər də uzandı. Həmin ərazilərin bir hissəsində biznes obyektləri qurub, bir hissəsi isə istifadə olunmur. Səhmlərinin yarısına malik olduğu zavodları da rentabelsiz elan edən B.Leysanov həmin zavodların keçmiş işçilərinin səhmlərinə görə devident ödəmir.

30 ildən artıqdır ki, cənub bölgəsinin pambıqçılıq rayonlarında hökmranlıq edən B.Leysanov regionda baş verən bütün prosseslərə müdaxilə edir, təsir etdiyi rayonların icra başçıları, polis rəisləri, prokurorlar onunla hesablaşırlar. B.Leysanov regional tədarük idarəsinə də rəhbər vəzifəyə gətirilməklə, həm tədarük, həm də istehsal işini eyni anda yürütməklə inhisarçılığa yol açır.

Ancaq, bu qədər var dövlətə sahiblənən Leysanovlar ailəsi 44 günlük müharibədə öz yaxınlarını hərbi xidmətdən yayındırmaqla bərabər orduya dəstək olmaqda da fəaliyyətini hiss edən olmadı.

2019-cu ildə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Leysanov Afiyyədin Bahəddin oğlunun adı son təyinata qədər mətbuatda bir çox qalmaqallı məsələlərə görə hallanıb. Daha çox “nömrə biznesinin kralı” kimi tanınan Afiyəddin Leysanovun rəhbərliyi altında Bakı Dövlət Yol Polis İdarəsinin (BDYPİ) “Meyvəli” terminalına yaxın ərazidə fəaliyyət göstərən qeydiyyat-imtahan şöbəsində baş verənlər isə heç bir çərçivəyə sığmır.

O da qeyd olunur ki, B.Leysanov ona qarşı çıxış edən, bircə qəpiyinə xor baxan istənilən şəxsi “içəri” atdıra bilir. Cəmi bircə nəfərə güzəştə getdiyi bildirilir ki, o barədə də yazıçı İbrahim Quliyev qələmə alıb. Kulis.az-da dərc olunan həmin gerçək novellanı təqdim edirik:

“O vaxtlar Salyan-Neftçala ərazisində özünü başçı elan etmiş bir şəxs var idi. Adı da Leysanov Bahəddin idi. O, ərazidəki bütün pambıqçılıq işlərinə nəzarət edirdi. Kim görsə qabağına qaçardı, kimsə bir sözünü iki eləməzdi. Bir gün Leysanovun anbarlarından birinə taxta-şalban gətirilir və bir günlük qarovulçu lazım olur. Axtarıb, bir qarovulçu tapırlar. O qarovulçu da kim olsa, yaxşıdır? Bizim Mahmud lələ! Gecənin səhərində məlum olur ki, anbarda taxta-şalban qalmayıb, hamısını oğurlayıblar. Xəbər Leysanova çatır. Leysanov əmr edir ki, o qarovulçunu tutun gətirin bura. Mahmudu gəlib aparıblar Leysanovun otağına. Leysanov da başlayıb bunu söyməyə, təhqir etməyə. Bir deyib, iki deyib, sonda Mahmud lələnin səbri tükənib və illərdir kəndimizdə tez-tez istifadə edilən o məşhur cümləni deyib: «Ala, ala, obşim ala, taxta hara, şalban hara, Mahmud hara? Ala, obşim ala, p… yemə ala!»

Leysanov bu cümlədən sonra şoka düşüb. Ki, bu kimdir mənimlə belə danışır? Yanındakılardan birinin cəld Leysanovun qulağına əyilib Mahmudun azacıq əqli çatışmazlığını bildirməsindən sonra məsələ bir dəfəlik bağlı elan edilib”.

Gələn yazımızda Bahəddin Leysanovun arxadan vurulan güllə əhvalatı və Afiyəddin Leysanovun nömrə alveri ilə bağlı geniş məqalə dərc edəcəyik. Odur ki, bizi izləməyi unutmayın

Bu və digər suallarla bağlı Afiyəddin və Bahəddin Leysanovlara dəfələrlə zəng edib suallarımızı mesaj vasitəsilə göndərsək də heç bir cavab ala bilmədik. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Deryaz.az






Fikirlər