"ÇP" ardınca "ÇP"... - Mədəniyyət Nazirliyindəki əməliyyatın PƏRDƏARXASI...

 
 
Müstəqilliyimiz bərpa olunduqdan sonra qaynaq olunduqları kreslolardan ayrıla bilməyən nazirlər, univeristet rektorları, teatr rəhbərləri, icra başçıları son 5-6 ildə gələn güclü bir dalğa ilə yerlərindən tərpədilib kənara atıldı. Onların yerinə gənc, perspektivinə yüksək inam olan, xaricdə təhsil almış kadrlar gətirildi. Bu dəyişikliklər bizi sevindirsə də, sevincimizin “ömrü çiçək qədər oldu”. Zamanla gördük ki, xaricdə təhsil alan, 3-5 dil bilən intelligent “oğrular”ın bir çoxu özlərindən əvvəlki kadrların yerini boş qoymur. Bircə "əmma"sı odur ki, bunların “peşəkarlığı” onların “peşəkarlığı"ndan bir balaca kəmdir. Yəni onlar yeyirdilər, üstü 15-20 ilə açılırdı, bunlar elə ucundan təzə qoparmağa başlayırlar ki, "işıqlar yanır".
 
DTX-nın təzəcə girib “təmizləyib” çıxdığı Mədəniyyət Nazirliyinə yenidən yolunun düşməsi bir daha sübut edir ki, nazirlikdə edilmiş struktur dəyişikliklərinə baxmayaraq, bu sahədə nəinki köklü dəyişiklik baş verməyib, hətta qanunsuzluqların, qalmaqalların, uğursuz təyinatların siyahısı xeyli genişlənib.
Mədəniyyət Nazirliyində aparılan əməliyyat zamanı saxlanılan nazir müavini və başqa vəzifəli şəxslərin iki ilə yaxın zaman kəsimində gördükləri iş sən demə, cib doldurmaq olub. Hələ bunlar azmış kimi, gənc və perspektivli nazir müavini, nazirlik daxilində “Santa Barbara” serialı dadında eşq macərası da yaşayırmış. Ölkənin mədəniyyət ocaqlarındakı qanunsuzluqlara, bircə addım inkişaf etməyən mədəniyyət sahəsinə biganə yanaşan cənab nazir Anar Kərimov da deyilənə görə, “işdə məhəbbət macərası”na qarşı çıxaraq nazir müavinin sevgilisini işdən çıxarıb. Amma onun özünə toxunmayıb. Nə isə, bunlar onların şəxsi işidir. Gəlin görək, Mədəniyyət Nazirliyinin yeni komanda ilə fəaliyyət göstərdiyi bu iki ildə ölkənin mədəni həyatında nələr baş verib, nələr dəyişib, yaxud da nələr dəyişməyib? Oturun, getdik.
Azərbaycanda yeni nəsil musiqiçlər arasında dünya səviyyəli musiqi bəstələyən barmaqla sayılacaq gənc bəstəkar var. Onlardan biri də bəstəkar Firudin Allahverdidir. Ancaq təəssüf ki, gənc bəstəkar Əbülfəs Qarayevin nazir olduğu dövrdə qarşılaşdığı haqsızlıqla yeni nazir Anar Kərimovun dövründə də qarşılaşdı. Bəstəkarın 2016-cı ildə Akademik Musiqili Teatrında “Baladadaşın toy hamamı” adlı müziklı səhnəyə qoyulur, lakin o dövrün mədəniyyət naziri bəstəkardan sənəddə göstərilən 10000 manat məbləğində qonorarın yarısına qol çəkməyi tələb edir. Səbəb kimi də sözügedən məbləği ancaq korifey sənətkarların ala biləcəyi göstərilir. Lakin bəstəkar bunun qanunazidd olduğunu deyərək, sənədi imzalamaqdan imtina edir. Yeni nazirdən yenilik gözləyən gənc bəstəkarın ümidləri bu dəfə də suya düşür. Çünki Anar Kərimov da ona 10 minlik sənədə 5 min üçün qol çəkməyi təklif edir. Yeni nazirin "arqumenti" isə gənc bəstəkarı göyün yeddinci qatından yerə çırpır. Sən demə, bəstəkarın yazdığı əsər müzikl janrına uyğun deyilmiş. Ona görə də ona Nazirlər Kabinetinin göstərdiyi məbləğin yarısını təqdim edirlər.
Təsəvvür edin, Azərbaycan musiqi tarixinin dünyada ən tanınmış bəstəkarı Firəngiz Əlizadə deyir ki, bu əsər müzikldır, amma nazirlik deyir, yox, müzikl deyil. Yəni Mədəniyyət Nazirliyi iddia edir ki, nazirliyin işçiləri musiqini Bəstəkarlar İttifaqından daha yaxşı bilir.
Sonra da nazir gileylənir ki, Azərbaycanda istedadlı adamlar tükənib.
Növbəti qalmaqallardan biri də Mədəniyyət Nazirliyi ilə “Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu arasında yaşanmışdı. Belə ki, Şahbaz Xuduoğlu 2021-ci ilin oktyabrında Milli Kitab Sərgisinin keçirilməsi nəzərdə tutulan yerə görə Mədəniyyət Nazirliyinin 18 kv.m-dən 24 kv.m-dək sahənin hər kv.m-i üçün 150 AZN ödəniş istədiyini açıqlamışdıNazirlikdən Bakupost.az -a bildirilmişdi ki, 6-10 oktyabr 2021-ci il tarixlərində sərgini “Caspian Events Orginizers” şirkəti həyata keçirir, sərgi iştirakçılarına Mədəniyyət Nazirliyi tərəfindən yalnız 6 kv.m. tam təhciz olunmuş stend ödənişsiz təmin olunur. Halbuki, sərgidə iştirak üçün sahə sifarişi üzrə ərizə-müqavilədə “Sərgi-yarmarkanın təşkilatçısı Mədəniyyət Nazirliyidir” qeydi vardı.
 
 
Ortaya sual çıxır: bəs, nazirlik bu sərginin təşkili üçün ayrılan pulların izini necə itirib?
Başları açılanda yəqin, bu suala da cavab verərlər.
Nazirliyin keçirtdiyi “Nizami Gəncəviyə məktub” adlı beynəlxalq esse müsabiqəsinin nəticələri də qalmaqalsız ötüşməmişdi. Müsabiqədə birinci yerin Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıça verilməsi digər müəlliflərin haqlı narazılığına səbəb olmuşdu.
Həmkarım Xəqani Səfəroğlu "Facebook" hesabında müsabiqə barədə yazını oxuyub şoka düşdüyünü yazmışdı: “Məqalədən başa düşdüm ki, müəllif ümumiyyətlə, Nizamini tanımır və əsərlərini də oxumayıb. Yazı sadəcə, söz yığınıdır. Bu qardaşın heç xəbəri yoxdur ki, Nizami əsərlərini Azərbaycan dilində deyil, fars dilində yazıb. 3 min manat da pul veriblər ona”.
Beləliklə, yeni komanda "qaş düzəltmək yerinə vurub gözü də tökdü". Ölkəni beynəlxalq səviyyədə biabır etdilər.
Gələk Mədəniyyət Nazirliyinin layihəsi olan "Qarınqulu” animasiyası ilə bağlı qalmaqala.
Maliyyə dəyəri 458 568 AZN təşkil edən layihə tender keçirilmədən Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən "Salnaməfilm” studiyasına verilmişdi. Azərbaycanda animasiya filmlərinin istehsalçısı olan "NME” MMC-nin direktoru Nicat Manafov bu qanunsuzluğu ictimailəşdirdikdən sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarəti Xidməti məsələyə müdaxilə etmişdi. Xidmətin Mədəniyyət Nazirliyinə göndərdiyi məktubda "Salnaməfilm” studiyası ilə müqavilənin ləğv edilməsi və "Dövlət Satınalmaları haqqında” Qanuna müvqafiq olaraq bütün podratçılara bərabər rəqabət mühitini təmin etməklə tender keçirilməsi tələb edilirdi.
Lakin xidmətin tələbi nəinki yerinə yetirilmədi, hətta "Qarınqulu” ilə bağlı "Salnaməfilm”ə maliyyə ayrılması davam etdi. Nazirliyin hələ də mətbuata verdiyi yeganə cavab isə budur: “İş gedir”.
İş gedir-getmir bilmirəm, amma cənab nazir, nazirlik həqiqətən də əldən gedir.
 
 

Göyçayda musiqi məktəbinə yeni təyin olunan direktorla bağlı qalmaqal da unikal hadisələrdən biri idi. Belə ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən peşəkar musiqiçi, illərin pedaqoqu Rövşən Zamanovu işdən azad edərək, onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəlliməsi kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. İşin tragikomik tərəfi də ondan ibarətdir ki, həmin xanım kollec bitirib. Qanunvericiliyə görə, kollec bitirən şəxs məktəb direktoru vəzifəsini icra edə bilməz. Deməli, nazirliyin yeni kadrı mümkünsüzü mümkün etməyə çalışıb. Verilən açıqlama isə xeyli təbəssüm yaratdı. Sən demə, Mədəniyyət Nazirliyinin Göyçay musiqi məktəbinə yeni direktor təyin olunmasından ümumiyyətlə, xəbəri olmayıb.
Şuşada keçirilən "Xarıbülbül" Festivalında da təşkilatçı kimi nazirliyin yarıtmaz fəaliyyəti uzun müddət müzakirə olundu. Daha sonra eyni biabırçı fəaliyyət 2 milyonluq büdcə ilə həyata keçirilən Milli Yaylaq Festivalında təkrarlandı. Hər iki festivalda ciddi təşkilatı nöqsanlara yol verildi.
Uzun sözün qısası, bu iki ildə Mədəniyyət Nazirliyi iş görmək əvəzinə üzr istəməklə məşğul oldu.
Gələk son günlərdə baş verən iki mühüm hadisəyə. Hazırda işdən azad olunan Mingəçevir Dövlət Dram Teatrının direktoru Anar Quliyevin illərdir teatrı öz şəxsi biznesi kimi idarə etməsi keçmiş nazirin gözündən yayındığı kimi, yeni nazirin də diqqətindən yan keçib. Yalnız teatrın yeni təyin olunan baş rejissoru Vüsal Mehrəliyevin teatrda baş vermiş hərc-mərcliklə bağlı jurnalist İntiqam Valehoğluna verdiyi müsahibə bütün medianın, sosial şəbəkələrin əsas gündəminə çevirildikdən sonra nazir yuxudan ayıldı və teatra yoxlama göndərdi. Anar Quliyevin Vüsal Mehrəliyevə söylədiyi “Anar Kərimov icazə verib, mən də nə istəyirəm, edirəm” cümləsi isə açıq-aydın göstərir ki, bütün bu qanunsuzluqlardan əslində nazirin xəbəri var, ancaq necə deyərlər, ona belə sərf etdiyi üçün tədbir görməyi lazım bilmirmiş.
Və sonuncu dramatik fakt - Sumqayıt Dövlət Dram Teatrı aktyorları 8 aya yaxındır əmək haqlarını ala bilmirlər. İş o yerə çatıb ki, teatrın kollektivi kamera qarşısına keçərək Mədəniyyət nazirinə “maaşımızı verin” deyiblər. Müraciət zamanı məlum olub ki, sən demə, Sumqayıt Dövlət Dram Teatrı düz 8 aya yaxındır ki, öz-özünə idarə olunur. Yəni teatrın direktoru yoxdur. İkinci bir biabırçı vəziyyət isə Sumqayıt Dövlət Dram Teatrının hələ də aşağı kateqoriyada fəaliyyət göstərməsidir.
Ümumiyyətlə, hər dəfə tədbirlərdə nazirliyin əməkdaşlarını görəndə mənə elə gəlir ki, onlar ümumiyyətlə, bu sahəyə uzaq insanlardır. Elə nazirin özü də incəsənət adamı deyil. Onun incəsənət adamlarının yanında darıxdığının, tədbirlərdə hövsələ edib sona qədər oturmadığının dəfələrlə şahidi olmuşam. Hətta bəzən onun çox əhəmiyyətli incəsənət xadimlərini təqdimatsız tanımadığını hiss etmişəm. Hərdən mənə elə gəlir ki, Anar müəllim bu vəzifəni bir yük kimi daşıyır. Onun yüksək savadına zərrə qədər şübhəm yoxdur. Eşitdiyimə görə, hətta ingilis, rus dillərində də ana dili kimi təmiz danışıb yaza bilir. Amma mədəniyyətin bir dili var. O dili bilmək daha vacibdir.
Yadıma cənab nazirlə bağlı bir əhvalat düşdü.
Mərhum bəstəkarımız Vasif Adıgözəlovun oğlu, drijor Yalçın Adıgözəlov bəstəkarın yaradıcılıq gecəsinin keçirilməsini üçün Anar Kərimovla görüşüb. Anar Kərimov onu hörmətlə qarşılayıb və deyib ki, “Siz özünüz niyə zəhmət çəkib gəlmisiniz. Atanızın bir zəngi kifayətdir. Mənim ona çox böyük hörmətim var”. Yalçın Adıgözəlov Anar Kərimova cavab verib ki, “Anar müəllim, o sizə zəng vura bilməz. Çünki 2006-cı ildə rəhmətə gedib”.
İndi babalı danışanların boynuna, amma nazirliyin uğrusuz fəaliyyəti də göstərir ki, Anar Kərimovda bu cavabı verəcək potensial mövcuddur.
Yəqin yazını oxuyan nazirlik əməkdaşları inciyəcək ki, niyə ancaq neqativləri görmüşəm, bəs, nazirlik bu iki ildə xeyli uğurlu işlərə də imza atıb. Ola bilsin ki, haqlıdılar, mən ancaq neqativləri görmüşəm. Amma neqativlər də elə-belə, ötürülməli neqativlər deyil axı. Bu qədər neqativə səbəb olmağın özü də bir "uğurdur" əslində. Çünki Əbülfəz Qarayevin komandası bunu 14 ilə etmişdi.
Ümid edək ki, dünənki əməliyyat DTX-nın Mədəniyyət Nazirliyinə son gəlişi olacaq.
Günel Musa
BakuPost
 






Fikirlər