Şöbə müdiri Almaz Həşimova növbəti dəfə çətin vəziyyətə düşüb Maliyyə Nazirliyində sorğu-sual edilən xanım kimin köməyi sayəsində təhlükədən xilas olmağı bacarıb?
Füzuli rayonunun təhsil sistemində yaşanan xoşagəlməz hadisələr, müəllimlərin incidilməsi, şagirdlərin müxtəlif bəhanələrlə yığımlara cəlb edilməsi, orta məktəblərə lazım olan mal və avadanlıqların alınması üçün keçirilən tenderlərdəki qeyri-şəffaflıq və təhsil şöbəsinin müdiri Almaz Həşimovanın vəzifəsinə məsuliyyətlə yanaşmaması haqda ətraflı məlumat vermişdik.
Üzülərək demək istəyirik ki, yazdıqlarımız nə Təhsil Nazirliyinin rəhbərliyini hərəkətə gətirdi, nə də ki, şöbə müdiri qeyri-qanuni işlərindən əl çəkdi. Elə bu səbəbdəndir ki, hazırda rayonun təhsil sektoru özünün durğunluq dövrünü yaşayır. Əldə etdiyimiz yeni informasiyalara görə, adı saysız-hesabsız neqativ işlərdə hallandırılan şöbə müdiri bu yaxınlarda böyük təhlükə ilə üzləşib:
“Yadınızdadırsa, hələ bir neçə ay əvvəl Maliyyə Nazirliyinin əməkdaşlarının Füzuli Rayon Təhsil Şöbəsində 600 min manatlıq kəsir aşkarlaması haqda məlumat yayılmışdı. Şöbə müdiri bunu təkzib etdi. Sonradan kimlərinsə yardımı sayəsində yaranmış problemi yoluna qoymağı bacardı. Bir sözlə, yarım milyondan artıq əyintinin üstü ört-basdır olundu. Həqiqətən də, təhsil şöbəsində qeyd olunan məbləğdə kəsir var idi. Amma aidiyyəti dövlət qurumlarının nümayəndələri sonuna kimi bu faktın araşdırmasını aparmadılar. Növbəti dəfə də cəzasız qalmağı bacaran şöbə müdiri daha böyük qanunsuzluqlara imza atmaqdadır. Belə ki, iki il əvvəl rayonda müəllim işləyən şəxslərdən biri dünyasını dəyişib. Mövcud qanunlara əsasən, həmin şəxsin aldığı aylıq əməkhaqqı dayandırılmalı idi. Maraqlıdır ki, ölmüş müəllimin maaş kartına iki il ərzində maaş yüklənib. Deyilənə görə, Almaz Həşimovanın məsələdən xəbəri olub və bank kartına vəsaitlərin yığılmasını gözləyib. Nəhayət, faktın üstü açılıb. Bankın əməkdaşı kart sahibinin ünvanı ilə əlaqə saxlayıb və iki il ərzində maaşın nəyə görə çəkilməməsini soruşub. Cavab olaraq ona kart sahibinin iki ildir dünyasını dəyişdiyi deyilib. Bundan sonra bankın rəhbərliyi Füzuli Rayon Maliyyə İdarəsi və Təhsil Şöbəsi ilə əlaqə yaradıb. Məsələ daha da böyüyərək Maliyyə Nazirliyi səviyyəsinə çatıb. Şöbə müdiri dərhal Bakıya çağırılıb. Maliyyə Nazirliyinin yetkili şəxsləri ondan nəyə görə belə hala göz yumduğunu soruşanda şöbə müdiri cavab verə bilməyib.
Nazirliyin rəhbər şəxslərinin göstərişi əsasında Füzuli Rayon Təhsil Şöbəsində maliyyə yoxlamalarına başlanıb. Bu zaman Almaz Həşimovanı daha da çətin vəziyyətə salan nüanslar ortaya çıxıb”. Bizə çatan məlumatlara görə, nazirliyin əməkdaşları adıçəkilən xanımın şöbəyə rəhbərlik etdiyi müddətdə 2 milyon manatdan artıq dövlət vəsaitinin itkiyə verildiyini müəyyənləşdirib: “Bu vəsaitin hesabı şöbə rəhbərindən sorulub. O isə heç bir tutarlı arqument gətirə bilməyib. Dara düşdüyünü görən müdir dərhal himayədarının köməyinə baş vurub. Həmin şəxsin işə qarışması təhsil şöbəsinin müdirini real təhlükədən xilas edib.
Deyilənə görə, Almaz xanım qeyd olunan vəsaitin yarısını nazirliyə qaytarandan sonra problem çözülüb”. Füzuli sakinləri deyirlər ki, RTŞ müdirinin laqeydliyi ucbatından rayonda fəaliyyət göstərən bir sıra kənd orta məktəbləri baxımsız qalıb və nəticədə qəzalı vəziyyətə düşüb. Bundan başqa, rayondakı məktəb və liseylərdə təhsilə aid olmayan məqamların çox olduğu da yayılan məlumatlar arasındadır. Qeyd edək ki, dövlət tərəfindən rayon təhsil şöbəsinin normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb.Məsələn, son illər Füzulidə bir neçə yeni məktəb binası tikilib, onlarla məktəb əsaslı təmir edilərək şagirdlərin ixtiyarına verilib. Həmçinin RTŞ-nin binası ən müasir standartlara uyğun tikilib və bütün zəruri avadanlıqlarla təchiz olunub. Buna baxmayaraq, rayonun təhsil sistemi hələ də bərbad vəziyyətdədir. Bunun günahkarı olaraq Almaz Həşimova göstərilir.
Biz inanmaq istərdik ki, nazir Mikayıl Cabbarov Füzuli təhsilindəki neqativ məqamlar haqqında yazılan məqalələrlə bağlı artıq susqunluğunu pozacaq və işinin öhdəsindən layiqincə gələ bilməyən müdiri cəzalandıracaq. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik. Azərtaym.az.