“Əkrəm Əylisli ilə Anarı eyniləşdirmək vicdansızlıqdır” - Yazıçıdan şok açıqlama

“Əkrəm Əylisli ilə Anarı eyniləşdirmək vicdansızlıqdır” - Yazıçıdan şok açıqlama 

“Əkrəm Əylisli ilə Anar arasında baş verənlər qalmaqal deyil. Bu çox ciddi məsələdir. Anar Stalindən qalma bir quruma 40 ildir rəhbərlik edir. Bu rəhbərlik Azərbaycan ədəbi prosesini presləyib, konservləşdirib, inkişaf etməyə qoymur...” 

 

Bu sözləri Yenisabah.az-a yazıçı Şərif Ağayar deyib. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevlə yazıçı Əkrəm Əylisli arasında illərdir davam edən söz davasına münasibət bildirən Ş.Ağayar bu məsələdə Ə.Əylislinin sonuna qədər haqlı olduğunu bildirib: 

“Əkrəm Əylisli ədəbiyyatı, söz azadlığını anlayan, bundan ötrü narahat olan bir insandır. O, Yazıçılar Birliyini, Anarı belə görmək istəmir, buna görə də haqlı olaraq tənqid edir. Heç bir vəzifəsi, statusu, hətta adı-sanı olmayan bir yazıçı, azad sözün təmsilçisi kimi totalitar düşüncəni tənqid edir, 30-cu illərdən qalma quruma 40 il rəhbərlik edən öz yaşıdı bir adama, keçmiş dostuna iradlarını bildirir. Anar isə bu cür ciddi söhbəti şəxsiləşdirməyə çalışır. Çünki tənqidlərin doğru olduğunu bilir. Kontekstdən çıxarmaqla vəziyyətdən çıxmağa çalışır. AYB-çilər həmişə bu cürdürlər, hər zaman ictimai məsələni şəxsiləşdirirlər. Anar ona “Yazıçılar Birliyinə 40 il rəhbərlik etmək olmaz” cümləsini deyən adama şəxsi düşmən kimi yanaşır. Halbuki AYB və ona 40 il rəhbərlik etmək Azərbaycanın tale yüklü məsələsi, ağrıyan nöqtəsidir. Əkrəm Əylisli bu mənada tamamilə haqlı, Anar isə tamamilə haqsızdır. Onların mübarizəsi azad düşüncə ilə totalitar düşüncənin, mütərəqqiliklə irticanın, ədəbiyyatla anti-ədəbiyyatın mübarizəsidir”. 

O qeyd edib ki, belə mühüm məsələlərdə  hər cür tənqid ədəbiyyat üçün faydalıdır: 

“Bu mübarizənin faydalı olub-olmamasına gəldikdə, hər cür tənqid ədəbiyyata fayda verir. Anarı tənqid ikiqat, onun çıxıb getməsi isə üçqat faydalıdır. Çünki Anar bu gün mədəniyyətimizə ciddi şəkildə ziyan vurmaqla məşğuldur. Bizim bu 30 il ərzində dünyaya çıxa bilməməyimizin və dünya səviyyəli bir əsər yaza bilməməyimizin əsas səbəbkarı Yazıçılar Birliyi və Anardır. O bunu istəmir, öz mövcudluğu ilə bu prosesin qarşısını kəsir. Bununla pul qazanır, varlanır, özünə orta əsr xanları sayaq xanədən düzəldir. Bütün tiranlar, despotlar kimi onun xoşbəxtlik sarayı azad sözün, azad yazıçının məzarı üstündə ucalır. Mən, qəbul etdiyim və etmədiyim cəhətlərinə rəğmən, Əkrəm Əylislinin ədəbiyyata münasibətdəki səmimiyyətə inanıram. Əkrəm Əylislinin sözə münasibəti ilə Anarın sözə münasibətini eyniləşdirmək vicdansızlıqdır. Bunun adı xeyirlə şəri, mütərəqqiliklə irticanı, azadlıqla boyunduruğu qarışdırmaqdır. Biz Anar kimiləri tanımadıqca bu boyunduruqdan heç vaxt azad ola, yaxşı ölkə qura bilməyəcəyik. Bu gün ədəbiyyata gələn və səmimiyyətlə nəsə etmək istəyən bir insan mütləq qarşısında Anarı və Yazıçılar Birliyini görəcək. Əgər görmürsə, tənqid etmirsə, ya azad deyil, ya qorxur, ya da ədəbiyyata dəxli olmayan maraqları var. Azad düşüncəli və istedadlı bir adamın, xüsusən gəncin Yazıçılar Birliyinin tərəfində durması onun faciəsidir. Əgər bu hal artırsa, xalqın faciəsidir”.






Fikirlər