Baş redaktordan sərt sözlər: “Həftəyə 20 manat verib...”

Baş redaktordan sərt sözlər: “Həftəyə 20 manat verib...”

“Tanınmış aktyorun ölümünə hamı yandı-yaxıldı. Bir xeyli insan da sorğuladı: "Niyə vida mərasimi Akademik Dram Teatrında keçirilmədi? Niyə dəfninə Mədəniyyət Nazirliyinin rəhbərliyi gəlmədi?!" Və sair və ilaxır. Qısası, deyildi və yazıldı ki, Ramiz Novruza laqeydlik oldu…”

Yenisabah.az xəbər verir ki, bu sözləri “ Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev deyib.

Onun sözlərinə görə,  sənətkarlara sağlığında qiymət vermək daha vacibdir:

“Biz nədənsə ölümüzə daha çox hörmət tələb edirik, nəinki dirimizə. Aktyorların sağlığında tamaşalarına bilet almırıq, teatra gedib oyunlarına baxmırıq, onlar üçün bir gül dəstəsinə, bir alqışa qıymırıq, öləndə deyirik, niyə filan yerdən götürmədilər?! Niyə filan nazir,  filankəs gəlmədi?! Niyə dövlət laqeyd yanaşdı?! Adamlara alayarımçıq maaş vermək, başdansovdu pensiya hesablamaq, həftəyə 20 manat verib seriala çəkmək biganəlik olmur, öləndə haradan cənazəsini qaldırmamaq, harada dəfn etməmək biganəlikdir?! Rəhmətlik Cabir Novruz demişkən: "Sağlığında qiymət verin insanlara..."

Aktyora da, hər kəsə də sağlığında dəyər verilsin. İnsanlara layiq olduğu qiymətini sağlığında versək, öləndə onun qiymətini hamı biləcək. Adi vətəndaş da, dövlət də...

Bir də ki, hər kəs əsl dəyərini axirətdə alır. Allah bizə qarşı adil olduqdan sonra bəndəsinin biganəliyi nə yazar?!”






Fikirlər