“Şou edirsiniz, məşqə gecikirəm” – Ramiz Novruzla bağlı suala direktordan cavab

“Şou edirsiniz, məşqə gecikirəm” – Ramiz Novruzla bağlı suala direktordan cavab

Ötən gün dəfn olunan Xalq artisti Ramiz Novruzun vida mərasiminin təntənəli keçirilməməsi tənqid olunub.

Bir sıra sənət adamları, o cümlədən jurnalistlər ömrünün yarısından çoxunu keçirdiyi Akademik Milli Dram Teatrının səhnəsində sənətçi üçün mərasim təşkil edilməməsini qınayıblar.

Teatrın bədii rəhbəri və direktoru Azərpaşa Nemətov Ölkə.Az-a açıqlamasında müzakirələri “şou” adlandıraraq bu barədə danışmaq istəmədiyini deyib:

“Bu barədə danışmaq istəmirəm, siz şou edirsiniz. Neçə illərdir o qədər adam rəhmətə gedib, hansını “şey eləyiblər”. Yenə də danışırsınız. İngilissiniz, fransızsınız? Siz axı azərbaycanlısınız. Niyə şou edirsiniz? İkincisi də, mən məşqə gecikirəm. Siz kefiniz istəyən vaxtı zəng edirsiniz, mənim də vaxtım yoxdur. 24-ü tamaşam var, ora hazırlaşırıq. Dünən məşqi böyük sənətkarımız Ramiz müəllimə görə “otmenit” elədik ki, hamımız orada iştirak edək. Ramizin xətrini hamımız istəyirdik. O, çox yaxşı, mədəni insan idi. Biz də onu çox sevirdik”.

A. Nemətov illərdir ki, dünyasını dəyişən heç bir sənətçi üçün “Azdrama”nın səhnəsində vida mərasimi təşkil edilmədiyini söyləyib:

“Sonuncu dəfə 20 il əvvəl olub. Bəsdirin! Kimi oradan aparıb ötürüblər?! Mən nə bilim nə üçün təşkil olunmur. Gedin, lazımi yerlərdən öyrənin. Məndən niyə soruşursunuz?”

Direktor “vida mərasimini teatr təşkil etməlidirmi” sualına isə “xeyr” cavabını verib. 

Qeyd edək ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Ramiz Novruz komaya düşüb və ayılmayıb.






Fikirlər