Deputatdan Nazirliyə çağırış: “Nə edirsiniz, edin, uşaqları məktəbə qaytarın!”

Deputatdan Nazirliyə çağırış: “Nə edirsiniz, edin, uşaqları məktəbə qaytarın!”

Son vaxtlar orta məktəblərdə baş verən insidentlərin sayı artıb. Əgər əvvəllər analoji hallara şagirdlər arasında tez-tez rast gəlinirdisə, son günlər pedaqoji heyət arasında da əlbəyaxa davaların şahidi oluruq. 

Məktəbdə şagirdlərin təlim-tərbiyəsinin qeydinə qalmalı olan adamların zorakı metodlara əl atması nə ilə bağlıdır? Müəllimlər nəyi bölə bilmirlər?  

Milli Məclisin deputatı, tanınmış təhsil eksperti Etibar Əliyev Yenisabah.az-a problemi şərh edib. Deputat deyib ki, bu davalara səbəb məktəb direktorlarının müəllimlərə münasibətidir:

“Müəllimlərlə məktəb rəhbərliyi arasında konflikt şəhər məktəblərində də var. Bu cür münaqişələr yaranır. Bu, əlbəttə ki, məktəbin rəhbərliyinin müəllimlərə olan münasibətindən irəli gəlir. Artıq bir neçə məktəb direktorunun səs yazısı yayılıb, vaxtaşırı məktəb müəllimlərindən direktorun pul tələb etməsi, sinif otaqlarının icarəyə verilməsi kimi faktlar səsləndirilir. 

Bu gün məktəblər valideynləri yaxşı valideyn – yaxşı olmayan valideyn olaraq çeşidləndiriblər, hansının imkanı varsa, ona yaxşı valideyn deyirlər. Direktorların əksəriyyəti bu cür ayrı-seçkilik yaradır. Bu gün artıq hadisələr özünü göstərir. Regional təhsil idarələrinə təyin edilən şəxslərin əksəriyyəti yerində olmayan adamlardır, pedaqogikanı, məktəb mühitini, pedaqoqlarla necə davranmaq lazımdır onu bilmirlər. 

Bu yaxınlarda mənə bir məlumat verdilər ki, böyük şəhərlərin birində bir neçə məktəb direktorunun səhhətində bu cür davalara görə ciddi problemlər yaranıb, hətta infarkt keçirib dünyasını dəyişənlər var. Bu cür gərgin münasibətlər məktəbə yaraşmır. Məktəbdə bizim gələcəyimiz formalaşır, məktəb hər bir millətin ən mötəbər yeri sayılmalıdır. Təəssüflər olsun ki, indiki dövrdə də müəllimlərin daha çox repetitorluqla məşğul olmaları, məktəbdə olmamaları, məktəbə ögey yanaşmaları da konfliktləri dərinləşdirir. 

Müəllim iş vaxtında məktəbdə olmalıdır, dərs deməklə bərabər, həmin vaxtda tərbiyə ilə də məşğul olmalıdır. Hər bir uşaq yaxşı tərbiyə mühitində böyüməlidir”.

E. Əliyev bu gün ali məktəblərə hazırlaşan yuxarı sinif şagirdlərinin məktəblərdən didərgin düşdüyünü qeyd edib: 

“Mən Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə müraciət etmək istəyirəm, nə edirsiniz, edin, uşaqları məktəbə qaytarın. Uşaqlar məktəbə qayıtmalıdırlar. 10-11-ci sinif şagirdləri məktəbdən didərgin düşə bilməzlər. Müəllim öz işinin başında olarsa, direktorlar yerində olarsa, konfliktlər səngiyə bilər. Bu barədə hər iki qurumun rəhbəri düşünməli, ortaq məxrəcə gəlməlidir. Onlar bilməlidir ki, qəbul müddətində uşaqları küçələrə salmaq olmaz. Bu gün kursların qarşısında məktəbdən çox uşaq görmək olur”. 






Fikirlər