Xocalı faciəsinə görə Azərbaycana qayıtdı, ona silah vermədilər, tək hücumda erməni batalyonunu məhv etdi

 "AzerTaym.az" Kulis.az-a istinadən Milli Qəhrəman, kəşfiyyatçı baş leytenant Vəzir Orucov haqqında maraqlı faktları təqdim edir.

Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. Onun atası Surxay 1949-cu ildə ailəsi ilə birgə Laçın rayonu ərazisindən deportasiya olunmuşdu. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu.

Vəzir doğulandan 7 yaşına kimi atası hər il bir qurban kəsib.

1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdü.

Qarabağda müharibə başlayanda Vəzir tez-tez xəbərləşir, narahatlıq keçirir. 1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olur. Qısa zamanda tabor komandirinin müavini vəzifəsinə yüksəlir.

Tərtər batalyonunun qərargah rəisi Pənah Məmmədov Vəzir Orucovun batalyona necə daxil olmasını belə xatırlayır:

"O rus vətəndaşı olduğu üçün onunla psixoloji söhbət edirdim. Tez bir zamanda onu sıralarımıza ala bilməzdim. Silah da vermirdik. O vaxt elə otaqdaca mənə dedi ki, mənim Xocalıda qohumlarımın başını kəsiblər, mən də döyüşmək istəyirəm. Bu sözündən sonra onu batalyona qəbul etməyə bilməzdim".

Gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır. Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin.

2015-ci il 28 dekabrda Rusiya jurnalisti və naşiri Aleksandr Nevzorovun Qarabağ münaqişəsi barədə xatirələrini bölüşərkən Vəzir Orucov haqqında bu fikirləri səsləndirib:

"Heç kim inciməsin, ancaq mənim indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı Vəzir idi. O, digərlərindən heç nə ilə fərqlənmirdi. Çox çirkli, balıq iyi verən bir buşlat geyinirdi".

Həsənqaya, Köyarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək, düşmənin bir çox planını puç etmişdi. Nevzorovun sözlərinə görə, Qarabağ müharibəsi zamanı erməni silahlıları Sərsəng su anbarının yerləşdiyi vadiyə hücum ediblər, yüzlərlə insanı qətlə yetiriblər:

"Əsas qüvvələr insanları ön xətdən çıxarmağa çalışırdılar. Adamlar avtobusa minmək üçün dava edirdilər. Belə bir məqamda birdən bir adam gördüm. O, "UAZ"a oturub mühərriki işə saldı. Arxa cəbhəyə yox, atışma gedən istiqamətə sürməyə hazırlaşırdı. Hansı ki, orada əsl cəhənnəm idi, insanlar öldürülmüşdü, 500 meyit üst-üstə yığılmışdı. Ermənilərin hücum etdiyi bu yerdə hər şey yanırdı, partlayırdı..."

Orucov oraya Nevzorovla birgə yaralılara yardım etmək üçün getmişdi. Ermənilərin muzdla tutduğu Pskov desantları onları tutub, "UAZ"dan yerə düşürdüb güllələmək istəyirdilər. Lakin Pskov desantlarından biri Nevzorovu tanıdığından, onunla razılaşdılar və özününkülərə xəbər verdilər ki, indi bir azərbaycanlı qaçıb gedəcək və ona güllə atmaq olmaz. Nevzorov sonra baş verən hadisələrin belə xatırlayır:

"Vəzir isə qaçmadı. O, partladılmış maşınında qurdalanıb öz silahını tapdı. Sonra da mənimlə əl verib görüşəndən sonra çıxıb getdi. O, elə addımlayırdı ki, Şekspirin heç bir qəhrəmanı elə gedə bilməzdi. O, kürəyini arxaya çevirib sakitcə getməklə sübut edirdi ki, heç vaxt düşmən qarşısından qaçmayacaq. Heç güllə səsi eşidəndə də addımlarını sürətləndirmədi. Güllələri isə göyə, salyut kimi atırdılar".

1992-ci ilin avqust ayında, Orucov Sərsəng su anbarında kəşfiyyatda olmuşdur. Onun ətrafında 30 nəfər PK pulemyotu ilə silahlanmış kəşfiyyatçı var idi. Sərdar Həmidovun dəstəsi öndən, Orucovun isə kəşfiyyat qrupu ilə düşmənin arxasından hərəkətə keçmişdi. Ermənistanın "Arabo" batalyonu həmin gün böyük itkilər vermiş və bu uğurlu əməliyyatın nəticəsində "Arabo" batalyonunun qırılmasına görə Ermənistan 3 gün matəm elan etmişdi.

1 sentyabr 1992-ci ildə Çıldıran kəndi uğrunda gedən döyüşdə düşmən tankını vurmaq istəyərkən ağır yaralanmışdır. Orucovun döyüş yoldaşı və Tərtər rayonunun "Qarabağ əlilləri cəmiyyəti, veteranları, şəhid ailələri" İctimayi Birliyinin sədri olan 2-ci qrup Qarabağ əlili Sulidin Yusifov onu belə xatırlayır:

"Vəzir göstəriş verdi ki, biz Çıldıran yüksəkliyinə qalxmalıyıq. Ermənilər bütün yüklərini, avtomat patronları, nə varsa qoyub qaçmışdılar. Nəcməddin Sadıkov bir yüksəklikdə idi, Vəzir başqa yüksəklikdə. Vəzir, N.Sadıkova deyəndə ki, mən artıq filan yüksəklikdəyəm, Sadıqov ağlamışdı və afərin demişdi".

Müalicə olunaraq yenidən 2 noyabr 1992-ci ildə cəbhəyə qayıtmışdır. O, hospitaldan çıxıb 1992-ci il 11 dekabrda - öz ad gününü Rusiyada yaşayan ailəsi ilə birgə keçirmək üçün Arxangelskə gedir.

Tərtər batalyonunda vuruşmuş Asif Şirinov onun haqqında xatirələrində bunları daşır:

"Onun qəhrəmanlığını görüb biz qəhrəmanlıqdan danışa bilmirik. Bir dəfə mənə erməni komandirlərinin sürdüyü "UAZ"dan göstərib dedi ki, ondan sürmək istəyirsən? Dedim, Vəzir, onu necə götürmək olar? Qayıdıb mənə dedi ki, iki-üç günə o "UAZ"ı sən sürəssən. Həqiqətən də, üç gün keçmişdi, məni yanına çağırdı. "UAZ"ı göstərib açarlarını verdi".

Vəzir Orucov dəfələrlə azərbaycanlıları mühasirədən qurtarıb.

Ağdərə rayonunda "Qlobus" adlanan yüksəklik istiqamətində yüksək çinli azərbaycanlının hava rabitəsi vasitəsi ilə ermənilərlə danışdığını görən Vəzir Orucov onun yaxasından tutub təhqir edir və bunun cəzasını alacağını bildirir. Daha sonra isə bir zabitin Canyataq-Gülyataq kəndləri yaxınlığında ermənilərlə kabab yediyinin şahidi olan Orucov qarşısına məqsəd qoyur ki, nəyin bahasına olur-olsun düşmənə strateji döyüş üstünlüyü yaradan "Qlobus"u ələ keçirsin. 22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

 Məqaləyə dair fotomateriallar:






Fikirlər