“Xocalıda sonuncu toy bizim olub. Yanvar ayının 18-də. Həmin günü toyda olanlardan eləsi var ki, bu günləri ayaqları kəsilib, sonuncu dəfə bizim toyumuzda oynayıblar, rəqs ediblər. Nə vaxt vağzalı sədaları gəlirsə, kövrəlirəm, hönkürtü ilə ağlayıram, öz toyumu xatırlayıram”.
Bunu Moderator.az-a açıqlamasında Xocalıda sonuncu toyun gəlini olan Dürdanə Məmmədova deyib.
“Həyat yoldaşımla qardaşım yaxın dost olublar. Bir də gördüm ki, elin adəti ilə bizə elçi gəliblər. Yanvar ayının 6-da nişanımız oldu. Beləliklə məni ona verdilər. 1 il nişanlı qaldıq. Yoldaşım Vasif o vaxt benzin doldurma məntəqəsində işləyirdi. Böyüklərimiz deyirdi ki, toyu uzatmayın. Çünki hər an, hər dəqiqə ermənilər atəş açırdılar. Elin adəti ilə toyumuz oldu. Danışmaq çox çətindir. 20-21 yaşım var idi, arzularım, xəyallarım var idi. Toyu neçə dəfə saxlatdılar, atışma səsləri musiqi səsini üstələmişdi. Hamı hazır vəziyyətdə idi. Kişilər mağaranın qarşısında keşik çəkirdilər. Cehizlərimdən istifadə edə bilmədim. Canımızı götürüb çıxdıq, bəzənmiş evdən heç bir şey götürə bilmədik. Bütün xəyalım, fikrim, arzum o evdə qaldı. 1 ay o evdə yaşadıq. Yuxularda o evi tez-tez görürəm. Elə bilirəm ki, həqiqətdir. Ayılandan sonra bunların sadəcə bir yuxu olduğunu bilib, kövrəlirəm. Xocalı Xankəndi ilə Əsgəranın arasında yerləşirdi. Onlar sırf Xocalını işğal etmək istəyirdilər. Nəhayət ki, erməni məkrli siyasətini həyata keçirib, Xocalını işğal etdi. Xocalıya olan vəhşilik heç yerə olmayıb. Gəlinlərin, qızların başlarına olmazın oyunları açmışdılar” deyə Xocalının sonuncu gəlini deyib.
Xocalının sonuncu bəyi Vasif Qafarov da Moderator.az-a danışıb.
“Toyun axşamı kənd istiqamətində bir raket atdılar. Bir gözümüz gülürdü, biri ağlayırdı. Toydan sonra vəziyyət gərginləşdi. Post qurmuşdular, uşaqların yanına gedib-gəlirdim. Evə həftədə 1 dəfə gələ bilirdim. Elə vəziyyət alınırdı ki, səhərə kimi döyüş olurdu. Hər gəncin arzuları var idi. O evimizdə xoş günlərlə yaşaya bilmədik. Xocalıda Əliş dayı adlı fotoqraf var idi. O vaxta kimi toylarda fotoqraf az olurdu. Mənə dedi ki, “vaxtım olsa gəlib toydan fotolar çəkəcəyəm”. Sağ olsun, gəldi də. Sonra Xocalı işğal oldu. Bakıda Əliş dayı mənə yaxınlaşıb dedi ki, “evdən bir zənbil götürmüşəm, fotoaparat da onun içindədir. Ola bilsin ki, sizin toyunuzun fotosu da qalıb” Dedim ki, sən Allah, bax mənə xəbər et. O bizim şəkilimizi tapıb verdi. O qədər sevindik ki. İndinin özündə də şəkilə baxanda həmin günləri xatırlayıram” deyə Vasif Qafarov deyib.