“Onların uşaqlarının səsi qumarxanalardan, həbsxanalardan, əxlaqsızlıq yuvalarından gələcək”

“Onların uşaqlarının səsi qumarxanalardan, həbsxanalardan, əxlaqsızlıq yuvalarından gələcək”

Ötən gün Mingəçevirdə məktəbdə şagirdlər arasında qumar oynanılması aşkarlanıb. 

Məlum olub ki, sosial şəbəkələrdə yayılan görüntülərdəki məktəblilər XI sinif şagirdləridir və dərsdən sonra sinif otağında pulla kart oyunları oynayırlar. 

DİN-dən verilən açıqlamada bildirilib ki, onların valideynləri barəsində İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsi ilə protokol tərtib olunub. 

Bəs görəsən, məktəblilərin tez-tez bu cür davranışlar sərgiləməsinin günahkarı kimdir? Doğurdanmı, bu məsələdə yalnız valideynlər məsuliyyət daşıyır? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bildirib ki, bu tip hadisələrdə konkret günahkarı tapmaq, məsuliyyəti bir nəfərin üzərinə yükləmək doğru deyil: 

“Nəzəri cəhətdən hər şey ola bilər, məktəbdə qumar da oynanıla, içki də içilə bilər, məktəb adına yaraşmayan hadisələr hər yerdə ola bilər. Bu, Azərbaycanda da, Avropada da baş verə bilər. Məsələn, Amerikada bir şagird avtomatı götürüb sinif yoldaşlarını güllələmişdi. Bu cür hadisələr dünyanın hər yerində baş verir. 

Bu hadisələrdə konkret günahkar tapmaq çox çətin məsələdir. Dostum Ramiz Rövşənin şeirində də qeyd etdiyi kimi “Hamı günahkardır, amma heç kəsin günahı yoxdur”. Həzrət Əlinin məşhur bir kəlamı var, o deyir ki, uşaqlar öz valideynlərindən çox zəmanələrinə bənzəyirlər. Bu kəlamla valideynə bəraət verilir ki, uşaqlar valideynə bənzəmir. Görünür, elə bir zəmanəyə gəlib çıxmışıq ki, burada valideyn, müəllim, ali məktəb professorunun tərbiyəsi yetərli deyil. Bütünlükdə cəmiyyətin axarı, dəyərlər dəyişib, kriteriyalar tamam fərqlidir. Bu mənada, Mingəçevirdəki məktəbdə qumar oynayan şagird də tapıla bilər, həmin məktəbdən Eynşteyn də çıxa bilər. Bu mövzuda konkret ehkam kəsmək çətin məsələdir. Dünyanın ən varlı, gözəl ölkələrindən biri Norveçdir və hətta orada da belə bir nəfər manyak çıxıb 100-ə yaxın məktəblini öldürmüşdü. İnsan mənşəyi etibarilə yırtıcıdır. Onun beynində yırtıcı neyron var, o damar oynayanda olur yırtıcı heyvan”. 

Onun sözlərinə görə, uşaqları maarifləndirməzdən öncə tərbiyələndirməyə üstünlük verməliyik: 

“Biz cəmiyyət olaraq ilk növbədə kamil insan yetişdirməliyik. Mən dəfələrlə bunu demişəm, biz maarifləndirmə ilə məşğul olmamalıyıq, birinci tərbiyələndirməli, sonra maarifləndirməliyik. Çünki tərbiyəsiz insanı maarifləndirmək mümkün deyil. Tərbiyəsiz insana kitab oxumaq lazımdır, bu gözəl musiqini dinləmək lazımdır, haqq yolu ilə getmək lazımdır desən də, o, buna qulaq asmayacaq, deyəcək ki, get, işinlə məşğul ol, çünki tərbiyəsizdir. Ona görə də əvvəlcə uşağı tərbiyələndirmək, kamil insan kimi formalaşdırmaq lazımdır. 

Biz bu gün uşaqları telefonun və küçənin ixtiyarına buraxmışıq. Telefonda küçə də, bar da, qumarxana da var. Bu gün həyatımızda telefon adlı bir bədheybət var. Biz uşaqları onun ixtiyarına vermişik, onları telefon tərbiyə edir. Uşağın məktəbi də, valideyni də, böyüyü-kiçiyi də odur. Nə qədər ki, uşaqları o kabusun əlindən almamışıq, bu cür hadisələr davam edəcək. Bunu isə etmirik, çünki bizə sərf edir. Bu, əsasən də qadınlara aiddir, uşağı telefonla, kompüterlə baş-başa qoyurlar, sevinirlər ki, uşağın səsi çıxmır, amma bilmirlər ki, uşağın səsi sonradan çıxacaq. Onun səsi qumarxanalardan, əxlaqsızlıq yuvalarından, həbsxanalardan, küçədəki "bomj"ların çevrəsindən gələcək. Bunu dərk etmirlər. Biz uşağın tərbiyəsini telefona tapşırmışıq və bu gün də bunun meyvəsini dadırıq. Meyvə acıdırsa, gərək bundan şikayətlənməyək, çünki bunu özümüz etmişik”. 






Fikirlər