“Qız uşaqları qab yumağı öyrənsinlər… ” – Hadı Rəcəbli (VİDEO)

b099d09154c7991dd7dd8fcbbb444411

“Azərbaycan qanunvericiliyində 15 yaşdan aşağı olan uşaqların əməyə cəlb olunması qəti qadağandır. Buna baxmayaraq, bəzən valideynlər də, ictimai təşkilatlar da əmək tərbiyəsi məfhumu ilə uşağın işləməsini uyğun görürlər”.

Bunu APA TV-yə müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, yaşı 15-dən az olan şəxslərlə bağlanan əmək müqaviləsi etibarsız sayılır və belə müqavilə bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir: “Uşaqları əməyə alışdırmaq lazımdır. Bunlar tam fərqli məsələlərdir. Bunu daha çox valideynlər etməlidir. Məsələn, müəyyən yaş mərhələsində qızlar ev işlərində, oğlan isə çöl işlərində atalarına yardımçı olmağı öyrənməlidir. Bu, onların əməyə alışdırılması deməkdir. Bunun işəgötürən və işçi münasibətlərinə heç bir aidiyyəti yoxdur. Əmək tərbiyəsi mütləqdir, amma onlar tənbəl və ələbaxımlı böyüməməlidirlər” .

Hadı Rəcəbli hesab edir ki, Azərbaycanda uşaqların məcburi əməyə cəlb olunması kütləvi xarakter daşımır. Buna baxmayaraq, uşaq əməyindən sui-istifadə yolverilməzdir: “Mən də əleyhinəyəm ki, 15 yaşı olmayan uşaqlar ictimai iaşə obyektlərində və yaxud digər yerlərdə işləsinlər. Bu qanunla da qadağandır. Bu o demək deyil ki, uşağın əməyə münasibəti olmasın”.

Komitə sədrinin sözlərinə görə, uşaqların sağlam gələcəyinin təmin edilməsi cəmiyyətin üzərinə böyük məsuliyyət qoyur: “Təhsil və əmək tərbiyəsi müəllimlə valideynin birgə işinin nəticəsidir” deyən Hadı Rəcəbli qeyd edib ki, bunun üçün hər iki tərəf tənbəllikdən daşınmalıdır: “Əksər hallarda valideynlər tənbəllikdən uşaqları repetitor yanına göndərir, özləri uşaqla məşğul olmaq istəmirlər. Bu məsələdə də yenə valideynlər dəblə ayaqlaşmağa çalışır. “Filankəsin uşağı müəllim yanına gedir, mənimki niyə getməsin?” deyə düşünürlər. Sonra da şikayət edir ki, mənim vəsaitim çatmır. Bəli, valideyn bədxərclik edir, otur uşağınla özün məşğul ol. Bu, həm də əmək tərbiyəsidir, uşağın elmə, təhsilə olan marağın artırılmasıdır. Repetitor yanına gedən uşağa ayrıca nəqliyyat vasitəsi lazımdır və s. Valideynin uşağının təhsili ilə bilavasitə məşğul olması önə çəkilməlidir”.

Hadı Rəcəbli qeyd edib ki, qanunvericiliklə 18 yaşına çatmamış hər bir şəxs uşaq hesab edilir. Uşaqlar 15 yaşından əməyə cəlb oluna bilərlər. Amma o şərtlə ki, onlar 4 saatdan çox işləməməli, əməkhaqqını isə tam almalıdırlar. Yəni uşağın valideyni ilə səhərdən axşama kimi bazarda alver etməsi, məktəbə getməyib tarlada pambıq, taxıl yığması yolverilməzdir.

 






Fikirlər