“Bakı Oksford Məktəbi”ni üçüncü hərracla da alan olmayıb - Detallar
Dövlətə dəymiş ziyanın əvəzi olaraq müsadirəsinə qərar verilmiş “Bakı Oksford Məktəbi”ni üçüncü hərracla da alan olmayıb. AzerTaym.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, məktəb dörd gün sonra böyük endirimlə hərraca çıxarılacaq. Ötən ay 22 milyon 232 min 700 manata alınmayan məşhur məktəb bu dəfə 25 faiz endirimlə 18 milyon 527 min 250 manata təklif edilir. Bu isə əvvəlkindən 3 milyon 705 min 450 manat aşağıdır. Əmlakın ilkin satış qiymətinin 10%-i həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər hərracda iştirak edə bilərlər. Müsadirəsindən sonra isə məktəbin binası 24 milyon 700 min manat qiymətləndirilmişdi. Amma əvvəlki satışlarda heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilməyib. Xatırladaq ki, “Bakı Oksford Məktəbi” “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilib. Məhkəmədə məlum olub ki, Məmmədovun arvadının rəhbərlik etdiyi sözügedən məktəb “Baku Steel Company”dən mənimsənilən pullar hesabına tikilib. Sonradan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva məktəb binasında ½ hissə pay sahibi olduğunu iddia edib. Cavab isə belə olub ki, məktəbin tikintisi “Baku Steel Company”dən mənimsənilən vəsaitlər hesabına tikilib və kənar heç kəs məktəbin tikintisinə pul xərcləməyib. Rasim Məmmədov özü isə xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.