TƏBİB -də yeni əməkdaşlıq istiqamətləri müzakirə olundu...
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “AzerTaym.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, nümayəndə heyətinin tərkibinə İtaliyanın “GPI Group” şirkətinin Regional vitse-prezidenti Giulio Bertini, şirkətin regional koordinatoru Pietro Urso, “iCsquared GmbH Suisse” şirkətinin rəhbəri Ayaz Bayramov daxildir. Görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri, aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər. Görüşün məqsədi İtaliya-Azərbaycan Ticarət Palatası vasitəsilə tibb sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi müzakirələrinin aparılması, eləcə də elm və texnologiya sahələri ilə məşğul olan GPI şirkətinin rəqəmsal tibbi xidmətlər, xəstəxana məlumat sistemi, səhiyyə idarəetməsi, diaqnostik xidmətlər və teletibb sahələri üzrə təcrübəsi ilə tanış olmaq olub. Görüşdə çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələr sırasında İtaliya xüsusi yer tutur. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri dost ölkələr arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verib. O cümlədən iki ölkə arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində, humanitar, mədəni və səhiyyə istiqamətlərdə əlaqələrin inkişafı da əsas prioritetlərdəndir.
İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu vurğulayan Vüqar Qurbanov bu ölkədə istehsal olunan əczaçılıq məhsullarının və tibbi texnologiyaların, eləcə də avadanlıqların Azərbaycana idxal edilməsini yüksək qiymətləndirib. O, səhiyyə sahəsində Azərbaycan və İtaliya arasında bir sıra əməkdaşlıq əlaqələrinin mövcudluğunu, səhiyyə qurumlarının ölkənin ayrı-ayrı müəssisə və şirkətləri ilə əməkdaşlıq etdiyini diqqətə çatdırıb: “İtaliyanın Azərbaycanda dövlət qeydiyyatından keçmiş əczaçılıq məhsulları, tibbi avadanlıq və cihazları xəstəxanalarımızda istifadə olunur. Artıq uzun illərdir ki, ölkəmizdə istifadə olunan İtaliya istehsalı olan təcili tibbi yardım avtomobilləri özünü doğruldub. Avtomobillər xəstə səhiyyə müəssisəsinə aparılarkən artıq yolda belə müalicəyə başlamağa, eləcə də pasiyentlərin təhlükəsiz daşınmasına imkan verir”. İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi bildirib ki, İtaliya-Azərbaycan Ticarət Palatası artıq 2 ildən çoxdur ki, iki ölkə arasında yoldaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə uğurla xidmət edir: “Ticarət Palatasının fəaliyyətində bir sıra partnyorların dəstəyi də böyük rol oynayır. “TƏBİB Azərbaycanın səhiyyə sistemində önəmli yer tutur. Palataya daxil olan tibb sahəsində xidmət və məhsullar təklif edən şirktələrlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə maraqlıyıq. Hesab edirəm ki, bu hər iki ölkənin həm ticari, həm də səhiyyə sahəsindəki əməkdaşlığında müsbət dəyişikliklərə rəvac verəcək. Sevindirici haldır ki, artıq bir sıra şirkətlərlə uğurlu əlaqələr mövcuddur”.
İtaliyanın “GPI Group” şirkətinin regional vitse-prezident Giulio Bertini təqdimatla çıxış edərək bildirib ki, şirkət, əsasən, sağlamlıq, sosial xidmətlər və rəqəmsal sağlamlıq texnologiyaları sahəsində ixtisaslaşıb. GPI 1988-ci ildə İtaliyanın Trentino şəhərində yaradılıb, məqsədi sağlamlıq və sosial xidmət sektoru üçün yenilikçi rəqəmsal həllər yaratmaqdır. Şirkət, əsasən, xəstəxanalar, dövlət qurumları, klinikalar və sosial xidmət təşkilatları üçün proqram təminatı və texnoloji həllər təklif edir: “Biz xəstəliklərin idarə edilməsi, elektron xəstəlik tarixçəsi və xəstə məlumatlarının idarə olunması, xəstəxanalar, icmalar, eləcə də evdə baxım üçün proqram həlləri təqdim edirik. Bu həllər klinik, diaqnostik və idarəetmə informasiya sistemlərini əhatə edir. Bundan əlavə, yaşlılara və xüsusi qayğıya ehtiyacı olanlara xidmətlər, eyni zamanda bu xidmətlərə dair texnoloji həllər, virtual baxım həlləri, ambulator klinikalar və 3D protezlər kimi xidmətlər də təqdim etdiyimiz innovasiyalardandır. Şirkət həm İtaliyada, həm də beynəlxalq miqyasda 70-dən çox ölkədə 3000-dən çox müştəriyə xidmət göstərir və səhiyyə sahəsində texnoloji həllərin tətbiqini genişləndirir”. Müzakirələr formatında keçən görüşdə Vüqar Qurbanov yaşlılara və xüsusi qayğıya ehtiyacı olanlara xəstəxanadan kənar tibbi xidmətlərin göstərilməsi üzrə innovasiyaların tətbiqini yüksək qiymətləndirib və gələcəkdə bu istiqamətdə əməkdaşlığın mümkünlüyünü qeyd edib.