“DELTA TELEKOM”DAKI YANĞINDAN ÖNCƏ ŞÜBHƏLİ QAÇIŞ - ŞOK məlumatlar
Heç şübhəsiz Azərbaycanda başa vurmaqda olduğumuz ilin ən mühün hadisələrindən biri Milli Təhlükəsizlik Nazirliyi (MTN) ətrafında cərəyan edən hadisələr oldu. Nazir Eldar Mahmudovun istefaya göndərilməsi ilə başlanan, bir qrup generalın ağır ittihamlarla həbsi ilə davam etdirilən prosesdə hələlik son addım MTN-nin ləğv edilməsi, yerində 2 yeni qurumun yaradılmasıdır. Rəsmi ittihamlarda MTN-dəki islahatların, “təmizliyin” və həbslərin səbəbi kimi Eldar Mahmudovun başına topladığı “General bandası”nın soyğunçuluq və quldurluqla məşğul olması göstərilib. Bu banda iş adamlarının əmlakının zorla əlindən alınmasından tutmuş, adam oğurluğuna, qətllərə qədər, ən müxtəlif cinayətləri həyata keçirib. Ölkədə çox az sayda iş adamı, məmur, ticarətçi tapmaq olar ki, bu banda ilə üzləşməsin. Bütün imkanlı insanların qapısını döyüb, ya birdəfəlik böyük miqdarda, ya da illik və ya aylıq haqq alıblar. Vermək istəməyənləri özünə və ailə üzvlərinə işgəncələrlə buna məcbur ediblər. Hətta bunlarla da kifayətlənməyib, yüksək vəzifəli şəxsləri, tanınmış insanları gizli dinləyərək, onları şantaj ediblər. Bu barədə çox yazılıb, hər kəsə məlumdur… Ancaq bunlar nə qədər dəhşətli faktlar olsa da, bir zamanlar kəsdikləri başa sorğu-sual olmayan Eldar Mahmudov və bandasının bir gecədə sıradan çıxarılmasının əsas səbəbi hesab etmək olmaz. Rəsmi şəkildə açıqlanmasa da, ortada olan məlumatlar göstərir ki, ona olan etimaddan maksimum yararlanan Eldar Mahmudov və ətrafındakılar siyasi hakimiyyətə qarşı hansısa planın içində olublar. Dövlət çevrilişinə hazırlaşırdılar, yoxsa növbəti şeçkidə “məxməri dəyişiklik” planlaşdırırdılar, bunu söyləmək çətindir. Ancaq sözün həqiqi mənasında dövlət içində dövlət yaradan Eldar Mahmudovun planlarının sadəcə milyardlarla dollar pul yığmaqla yekunlaşmadığı şübhə doğurmur. Onun Rabitə Nazirliyini öz nəzarəti altına almasını, burada MTN-nin çetesini qurmasını da məhz gələcək planları ilə bağlamaq olar. Sabiq nazir Əli Abbasovun xaraktercə zəif insan olması bunun üçün Mahmudova lazımı şərait yaradıb. Ancaq bu o demək deyil ki, Ə. Abbasovdan başqa digər yüksək vəzifəli şəxslər MTN şefi ilə işbirliyində olmayıb. Ən azı Əmlak Komitəsinin rəhbərliyi ilə bağlı ciddi şübhələr var ki, bu başqa mövzudur. Eldar Mahmudovun planları hər nə olubdursa, onun əsas diqqət verdiyi məsələlərdən biri ölkənin internet resursları üzərində tam nəzarəti həyata keçirmək olub. Məhz bu səbəbdən ölkənin 90 faizini internetlə təmin edən “Delta Telekom”a xüsusi avadanlıqlar yerləşdirilib. Bu fakt ötən ayın – noyabrın 16-da “Delta Telekom”da baş verən qəfil yanğından sonra ortaya çıxdı. Bu hadisə nəticəsində ölkənin 90 faizi internetsiz qaldı. Bəzi yerlərdə 3-4 saat, bəzi yerlədə daha uzun müddətə. Belə ki, “Delta Telekom”un baş direktoru Ramazan Vəliyev ANS TV-yə müsahibəsində yanğının qəsdən törədildiyinə açıq işarə vurub. O bildirib ki, yanğın baş verən otaqda son 2 ildə heç bir dəyişiklik olmayıb.Yeganə dəyişiklik bu ilin may ayında MTN tərəfindən quraşdırılan avadanlıq olub ki, yanğın da məhz həmin avadanlıqdan başlayıb. Ramazan Vəliyevin sözlərindən o da məlum olub ki, Eldar Mahmudov şəxsən özü onunla əlaqə saxlayıb və bu avadanlığı quraşdırmaq üçün prezidentin adından istifadə edib: “Yanvar ayından bu hadisələr başlayanadan biz aparılan müzakirələrdə müəyyən etdik ki, axırıncı qoyulan “Alov” şirkətinin avadanlıqları I Avropa Oyunlarının təhlükəsizliyini qorumaq üçündür. Biz dəfələrlə məsələ qaldırdıq ki, bu avadanlığın özü artıq təhlükə mənbəyinə çevrilir. Çünki bizdə hər şey tam rezervlidir, hər şey normal çalışır. Lakin avadanlığın tək qoyulması çox böyük bir risk yaradır. Hazırda məlum hadisələrlə əlaqədar içəridə olan bu monitorinq idarəsinin rəhbərliyi ilə biz dəfələrlə bunu müzakirə etdik. Və bu tələbin ardınca həmin dövrdə milli təhlükəsizlik naziri vəzifəsini icra edən Eldar Mahmudov şəxsən özü mənə bildirdi ki, avadanlıq quraşdırılmalıdır. Biz bilirik ki, Avropa oyunlarında müxtəlif terror hadisələri gözlənilir və mən cənab prezidentə məruzə etmişəm, avadanlığın quraşdırılması üçün şərait yaratmağa borclusuz və hətta orada olan 1 milyon 700 min ABŞ dolları dəyərində olan əlavə avadanlıqlar operatorlar tərəfindən alınacaq. Bunların hamısı sizin tərəfinizdən təmin olunmalıdır və bu cənab prezidentin göstərişidir. Bunu da mən yenə bizə lisenziya verən təşkilata məruzə etdim ki, vəziyyət bu yerdədir. Yəni artıq cənab prezidentin adı ilə bizə göstəriş gəlir ki, bu qoyulmalıdır. Bizim çıxış yolumuz yoxdur”. (Müsahibəyə tam şəkildə aşağıdakı videomaterialdan baxa bilərsiniz). Yəni, “Delta Telekom”un baş direktoru Ramazan Vəliyev baş vermiş hadisənin Mahmudovun bandasının təxribatı olduğunu istisna etməyib. Ancaq Mahmudovun bandasının bu təxribatı necə törətdiyini, aylar öncə quraşdırılmış avadanlıq vasitəsilə necə yanğın çıxararaq, ölkəni müəyyən müddət internetsiz qoyduğunu açıqlamayıb. Heç bu barədə rəsmi və qeyri-rəsmi məlumatlar da olmayıb. Bu baxımdan məlumatlı mənbələrdən “AzPolitika.info”ya verilən bir məlumat, tam olmasa da, bu təxribatın necə törədildiyinə müəyyən aydınlıq gətirir. Belə ki, məlumata görə, Eldar Mahmudov “Delta Telekom”a yalnız özünün hansısa məqsədlər üçün istifadə etdiyi avadanlığı yerləşdirməklə kifayətlənməyib. Eyni zamanda həmin avadanlığın yerləşdiyi otaqlara – FİBER optik kabellərin olduğu hissəyə girmək imkanı olan “Delta Telekom”un əmkdaşlarından birini (bəlkə də daha çoxunu-müəl.) hansısa vasitə ilə əməkdaşlığa da cəlb edib. Daha dəqiqi, şirkət daxilində özünə işləyən, onun əmrini icra edən şəxslər də müəyyənləşdirib. Mənbənin sözlərinə görə, bu fakt da məhz “Delta Telekom”da yangından sonra məlum olub. Belə ki, istintaq zamanı “Delta Telekom”un FİBER optik kabellərin olduğu hissədə çalışan əməkdaşlarından birinin yanğından bir gün qabaq ölkəni tərk etdiyi məlum olub. Rəsmi açıqlama verilməsə də, hadisənin məhz həmin şəxs tərəfindən törədildiyi ehtimal edilir. Hazırda axtarışda olduğu deyilən həmin şəxsin ad-soyadını dəqiqləşdirmək cəhdlərimiz alınmayıb. Bu isə MTN-də aparılan həbslərin Mahmudovun bandasını tam zərərsizləşdirmədiyini, onun müqavimət imkanlarının hələ də qaldığını düşünməyə əsas verir. Hər halda son 10 ildə qeyri-məhdud səlahiyyətlər əldə edən Eldar Mamudovun sadəcə Rabitə Nazirliyinə və ya “Delta Telekom”a öz adamlarını yerləşdirdiyini düşünmək sadəlövhlük olardı. Bəlkə də hələ çox yerdə Mahmudovdan əmr gözləyən kifayət qədər banda üzvü var. Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.
Əvvəlcə “Delta Telekom”da texniki nasazlıq nəticəsində yanğının baş verməsi və avadanlıqların sıradan çıxması göstərilsə də, sonrakı açıqlamalar təxribat versiyasını gücləndirdi.
AzPolitika.info