DEPUTATların “NAZ Lifan” PLANI...

Deputatların “NAZ Lifan” planı...

Zahid Oruc: “Vətəndaşın haqqını ”NAZ-Lifan" minib də pozmaqda davam edəcəksənsə, adamlar sənin belə “milli”liyini bağışlamayacaqlar";

Tahir Kərimli: “Oğluma dedim gəl, ”Jiquli"ni sat, üstünü düzəldək, ya da kreditlə “NAZ-Lifan” alaq"

Aydın Mirzəzadə: “Əgər imkan olarsa, ilk növbədə NAZ-Lifan alaram”; Əli Məsimli: “NAZ-Lifan" avtomobili almısınız, işlədin də, sağlığınıza qismət, daha bu reklam nəyə lazım?"

Prezident İlham Əliyevin Naxçıvanda istehsal edilən “NAZ-Lifan” markalı avtomobillərlə bağlı dediklərinin ardınca yerli istehsalın bu növünə maraq artıb. Hətta şirkətdən etiraf ediblər ki, ölkə rəhbərinin tövsiyəsi satışa və sifarişə ciddi təsir göstərib.
 
Prezidentin “Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir” - sözlərindən sonra hətta nazirliklər səviyyəsində bu avtomobilə üstünlük verilməyə başladığı bildirilir. Gənclər və İdman Nazirliyinin qarşısında bir neçə “Naz Lifan” markalı nəqliyyat növünün olması, Daşkəsənin icra başçısı Əhəd Abıyevin artıq Naxçıvan istehsalı olan maşından istifadə etdiyi barədə açıqlaması da maraqla qarşılandı. “Yeni Müsavat” olaraq Milli Məclis üzvlərinin prezidentin çağırışından sonra “NAZ-Lifan” alıb-almadıqları ilə maraqlandıq.
 
Hələlik “NAZ-Lifan” almayan deputat Zahid Oruc sualımızın cavabında bunları söylədi: “Dövlət başçısının çağırışı sözün birbaşa mənasında hər kəsin üzünü milli istehsala çevirməsi olsa da, burada rəsmi bir direktiv qəbul edərək bütün xarici məhsulları, o cümlədən, nəqliyyat vasitələrini daxili dövriyyəmizdən çıxarmaq məqsədi güdülmürdü. Ölkədə idxalın xüsusi çəkisi hər kəsə bəllidir. Burada çağdaş dünyanın aparıcı trendlərinə uyğun geyinməkdən tutmuş öz milli ənənələrini kənar aksessuar və dəblə zənginləşdirməyə qədər, geniş bir çeşiddə mallardan asılılığımız neft dövründə özünün pik həddinə çatmışdı. Ölkə başçısının bəhs etdiyi məsələnin kökü də bundaydı. Şəxsi mənada məmur və istənilən hakimiyyət qolunun təmsilçisi zövqünə və imkanlarına uyğun seçim edə bilər, lakin dövlət sifarişlərini yerinə yetirən zaman keyfiyyətli qida məhsullarının sayı 100 minlərlə olan əsgərə verməyib, gedib Afrikadan bahalı ərzaq gətirirsənsə, çəkməni yalnız Türkiyədən almağa üstünlük verirsənsə, bütün dövlətin binalarını İtaliya mebelləri ilə bəzəyib oranı muzeyə çevirməyə çalışırsansa, bahalı təmir həyata keçirərək büdcə vəsaitləri hesabına nazirlikləri ekzotik görkəmli saraylara çevirməyə çalışırsansa, onda bir resursdan asılılığın kökünü başqa yerdə axtarmağa dəyməz. 
Deməli, ”NAZ-Lifan" minib də təfəkkürcə yenə milli iqtisadiyyata bağlanmayacaqsansa, onda “Mercedes”də oturub da ala bilmədiyini nümayiş etdirdiyin kimi, miskin və yabançı görünmək olar". Z.Oruc hesab edir ki, əsas məsələ beyinlərdə inqilab edib maşın, mebel və milli ənənələr məsələsində qeyri-israfçı bir ortama gəlib çatmaqadır: “Ölkə rəhbərinin başlıca niyyəti hər hansı natamamalıq kompleksi keçirərək ayağını yerli nəqliyyat vasitəsinə qoymaq istəməyən məmura nəhayət, göylərdən yerə enməyi və dəyişən iqtisadi reallıqları dərk etməyi məsləhət gördü. Ona görə də problem ”BMW" və “Mercedes” markalarına kütləvi həvəsdə deyil, əsas məsələ dünyəvi brendlərə can atarkən mənən və dünyagörüşünə görə alman dəqiqliyinə, qənaətcilliyinə və milli özgüvənə sahib olmamaqda, son texnoloji inqilabın sürəti ilə ayaqlaşmağa çalışarkən elmi, intellektual cəhətdən böyümə də maraqlı olmamaqla bağlıdır. Hökumətlə yanaşı, hər bir vətəndaşın dəyişməsinə qəti bir ehtiyac var". Deputat bildirdi ki, parlament üzvlərinin isə çox az bir qisminə xidməti maşın verilir: “Biz onların sırasında deyilik. Lakin müəyyən bir dövr ictimai kampaniyaya qoşularaq, hər hansı yerli brendi tirajlamaq, onun sadəcə məhdud fiziki imkanlılar üçün istehsal olunmadığını nümayiş etdirmək naminə fərqli qərarlar vermək olar. Bununla belə yenə də cənab prezidentin verdiyi mühüm mesajların əsas qayəsinin hər kəsi vahid bir formaya salmaq olmadığını diqqətinizə çatdırmaq istərdim. İqtisadiyyatımızın köklü problemlərini həll etmək üçün İlham Əliyevin verdiyi yüzlərlə fərman və sərəncamları yerinə yetirmək və xalq qarşısında məsuliyyətini dərindən dərk etmək hər hansı markalı maşın minməkdən daha böyük məna kəsb edir. Məmurlar indi cəmiyyətin böyük basqısını hiss edirlər. Elə bilin yeni formasiyaya daxil olmuşuq. Sovetlər birliyi dağılanda ictimai ruhu hiss etməyənlərin bir çoxu hələ də sovetlərin erasında və Brejnevin ruhunda qalmaqda davam edərkən müstəqil dövlət olmağın tələbləri və vəzifələri hər kəsi ayıltdı. Ona görə neft dövrünün hökuməti tərkibinə və iş üslubuna görə dünyadan gələn çağırışları qəbul etməkdədir. Yoxsa vətəndaşın haqqını ”NAZ-Lifan" minib də pozmaqda davam edəcəksənsə, adamlar sənin belə “milli”liyini sənə bağışlamayacaqlar. Maşın və mebel toxunulmazlıq üçün sığorta vasitəsi deyil. Əsas xalqa gerçəkdən xidmət etməkdir".
 
 
“Vəhdət” Partiyasının sədri Tahir Kərimli isə Naxçıvan maşını almaq niyyətindədir: “Sovet dövründə bizim hamımızın maşını var idi. Amma açığı, bu gün heç birimizin maşını yoxdur. Bir ortancıl oğlumun sovet istehsalı olan ”Jiquli"si var. Elə o çıxışdan sonra oğluma təklif etdim ki, ay oğul, gəl, bunu sat, üstünü düzəldək, ya kreditlə “NAZ-Lifan” alaq. Necə deyərlər, xeyir öz vətənimiz qalsın. Mən təşəbbüs göstərmişəm, oğlum da fikirləşir, qismət olsa, alacağıq. Heyf ki, partiyamıza ayrılan pul azdır. İllik 91 min manat ayrılıb, aya da 8 min 100 manat düşür. Fikirləşirdim ki, bəlkə partiyaya ayrılan vəsaitdən bir maşın alaq. Amma hesablayıb gördüm partiyada adamlar çoxdur, maaş isə azdır, ona görə ala bilmədik. İstənilən halda bu təşəbbüsü alqışlayıram, imkan olan kimi Naxçıvan maşını alacağıq".
 
“Mənim şəxsi maşınım yoxdur. Əgər imkan olarsa, əlbəttə ki, ilk növbədə ”NAZ-Lifan" alaram". Bu sözləri isə YAP-çı deputat Aydın Mirzəzadə söylədi. Bildirdi ki, şəxsi avtomobilinin olmaması imkansızlığı ilə bağlı olub. Deputat qeyd etdi ki, “NAZ-Lifan” haqqında yüksək fikirdədir: “Bildiyimə görə etibarlı maşındır, həm təhlükəsizlik baxımından mükəmməldir, həm də yanacağı az işlədir. Dostlar bu maşın haqqında xoş sözlər söyləyiblər. Hətta müəyyən qüsurları olsa belə, biz hər addımımızla yerli istehsalı dəstəkləməliyik. Fikirləşməliyik ki, Azərbaycanda istehsal olunan hər bir mal büdcəyə gedən əlavə vəsaitdir, valyutadır”.
Deputat Əli Məsimli isə “NAZ-Lifan” avtomobili almaq fikrində deyil: “2010-cu ilin ”Hyundai-Sonata"sı var, bəsimdir.  Hələ bir dəfə belə məni yolda qoymayıb. Vaxtı çatanda yağını dəyiş, benzinin tök, sür. Yəni adamı incitmir. Prezident “NAZ-Lifan” markalı avtomobildən istifadə məsələsini qaldırandan sonra bu avtomobili alması barədə xəbəri yaymaqla bəzi özünü reklam edənlər çox tragikomik görünürlər. “NAZ-Lifan” avtomobili almısınız, işlədin də, sağlığınıza qismət, daha bu reklam nəyə lazım? “NAZ-Lifan” markalı avtomobildən elə xoşunuz gəlirdisə, prezident deyənə qədər alaydınız. Həmin adamları birinci mən alqışlayardım. Çünki mən baş nazir olanda çoxları “inomarka” sürürdü, mən “QAZ-31"-də gəzirdim. İndi də deputat kimi fəaliyyətimdə 2010-cu ilin ”Hyundai Sonata" markalı avtomobildən istifadə edirəm. Nümunə götürmək istəyən belə nümunəni əvvəlcə məndən götürsün". (musavat.com)
 
 






Fikirlər