İcra başçısının qatil oğlu
Ötən ilin noyabr ayında "Bizim Yol" qəzetində və bizimyol.info saytında "Vəzifə sahiblərinin qatil övladları" mövzusunda yazı dərc olundu və yayıldı.
Həmin yazıda hazırda mərkəzi və yerli hakimiyyət orqanlarında yüksək vəzifə tutan şəxslərin övladlarının qanunsuz hərəkətləri və bunun nəticəsində dövlətə və vətəndaşlara dəyən maddi, fiziki və mənəvi zərbə, zərər haqda söhbət gedirdi.
Belə şəxsləri Prezident İlham Əliyev dərhal cəzalandırmışdı da. Çünki hökumətin iclaslarından birində dövlət başçısı xəbərdarlıq etmişdi ki, məmur övladları qudurğanlıq etdikdə özləri cəza almaqla yanaşı ataları da işdən çıxarılacaq. Bu, reallıqda da belə oldu. Oğlu İsmayıllıda iğtişaşlara səbəb olmuş Füzuli Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri postundan uzaqlaşdırıldı.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin keçmiş sədr müavini Mübariz Mədətov da oğlunun güdazına getdi; Xalid Mədətov qəza törədərək xalq artisti Ağasəlim Abdullayevin ailə üzvlərinin ölümünə bais olmuşdu. Yevlax Gömrük İdarəsinin keçmiş rəisi Əliməmməd Həsənovun polis orqanlarında işləyən oğlunun əməlləri də nəticəsiz qalmamışdı. Bir neçə ay öncə Zığ şossesində avtoxuliqanlıq edən Tural Həsənov daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis orqanlarından da xaric olundu. Atası Əliməmməd Həsənov isə Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edildi.
Tərtər rayon icra başçısının keçmiş birinci müavini Vidadi Bəylərov da övladının törətdiyi qəzaya görə işdən çıxarılanlardandır. Belə ki, ötən il V.Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomobil qəzası nəticəsində bir nəfər ölüb. Bu fakta görə Tərtər rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini Vidadi Bəylərov tutduğu vəzifədən azad olundu.
Ancaq çox ağır hadisələrdən biri ötən il sentyabr ayının ayının 27-də baş verdi. Səbail rayon icra hakimiyyətinin başçısı, Cüdo Federasiyasının vitse-prezidenti Asif Əsgərovun oğlu İlham Əsgərli qəza törədərək 16 yaşlı Sənan Mirzəyevin ölümünə səbəb oldu. Sənan Mirzəyev "McDonalds" - Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğludur.
Ötən ilin noyabrında bu haqda dərc etdiyimiz məqalədə göstərilirdi ki, sentyabrın 27-də İlham Əsgərli Asif oğlu 2 sürücü ilə birlikdə "Mercedes S klass" markalı 90-AR-819 dövlət nömrə nişanlı avtomobili ilə Sənan Mirzəyevi yaşadığı General Həmidov kücəsində yerləşən "Grand Park"dan götürərək "paint ball" oynamaq üçün Mərdəkan istiqamətinə yollanıblar. Sürücülər maşının qabaq, Sənan və İlham isə arxasında əyləşiblər. Yolda sürücüdən biri başqa işlə çağrıldığı üçün maşından düşüb. Avtomobili Pərvin Fətullayev idarə edib. Qəzadan sonra məlum olub ki, sürücü Pərvin Fətullayev həddi buluğa çatmamış və sürücülük vəsiqəsi olmayan 16 yaşlı İlham Əsgərliyə sükanı qanunsuz verərək özü arxada əyləşib. Sənan Mirzəyev də qabağa keçərək İlhamın yanında oturub. Hadisənin sonu təsdiq edir ki, Pərvin Fətullayev İlham Əsgərlinin avtomobili necə idarə etməsinə sonra heç nəzarət etməyib. İlham Əsgərli avtomobili böyük sürətlə idarə edib və Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi "Hovo" markalı yük maşınına arxadan çırpıb.
Hadisədən dərhal sonra İlham Əsgərli 1 saylı Şəhər Kliniki (Semaşko) xəstəxanasına, oradan isə Ankaraya aparılıb. Pərvin Fətullayev və Sənan Mirzəyev Sabunçu Xəstəxanasına aparılıb. Lakin qısa zamanda Pərvin Fətullayevi də buradan çıxararaq 1 saylı Şəhər Kliniki xəstəxanasına aparıblar. "McDonalds" - Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev isə Sabunçu xəstəxanasında qalıb və orada dünyasını dəyişib. Göründüyü kimi, Səbail rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov daha çox öz oğlunu və bir az da ailəsinin sürücüsü Pərvin Fətullayevi düşünüb, 16 yaşlı Sənan Mirzəyevin həyatını xilas etmək üçün heç bir addım atmayıb.
...Bu yaxınlarda Səbail Rayon İcra Hakimiyyətində Asif Əsgərov ilə jurnalistlər arasında görüş keçirildi. Həmin görüşdə çıxış edənlərdən biri Asif Əsgərovun necə humanist olduğunu vurğulamaq üçün bildirdi ki, Səbailin icra başçısı rayon ərazisində saqqız çeynəyib yerə atmağı qadağan edib: "Çünki sonra o saqqızları quşlar qida bilib yeyirlər və tələf olurlar". Yəni Asif müəllim o qədər incə qəlbli insandır ki, Səbail rayonu ərazisində quşların ölümünə ürəyi dözmür.
Doğrudan da, belə bir qadağa var və bu, çox düşündürücüdür. Quşun ölümünə "ürəyi dözməyən" icra başçısı görəsən öz oğlunun günahı üzündən xəstəxanada ölümlə çarpışan 16 yaşlı Sənanı niyə xilas etməyə çalışmadı və sonucda bu günahsız yeniyetmə şəhər kənarında gözdən uzaq, könüldən iraq xəstəxananın reanimasiya otağında can verdi. Asif Əsgərli onu da öz oğlu ilə bərabər Ankaraya apara bilərdi. Amma "nazik qəlbli" icra başçısı quşlara göstərdiyi insafı insana, bir ailənin, bir nəslin göz bəbəyi olan gəncə göstərmədi. Bu suala Asif müəllimin cavabı bizim üçün çox maraqlıdır. Amma bundan da maraqlısı budur ki, başqa vəzifə sahibləri övladlarının qanunsuz əməllərinə görə axan qanın, sönən həyatın hesabını verdikləri, yəni vəzifələrindən uzaqlaşdırıldıqları halda, nədən Asif Əsgərov öz postunda qaldı? Ola bilsin, ölkə rəhbərliyinin səbrinin genişliyinə sığındı. Bəs niyə özü istefa verib getmədi; bununla necə rahat yaşaya və insanların taleyi ilə bağlı necə qərarlar verməkdə davam edir?
Bütün bunlar azmış kimi, əksinə, redaksiyamıza daxil olan məlumata görə, bu hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqına da təsir edilir. Bizimyol.info saytına daxil olan məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsində bu iş üzrə istintaq obyektiv aparılıb və bitib, hadisədə İlham Əsgərlinin və Pərvin Fətullayevin təqsiri tam sübuta yetirilib. Artıq hadisədən 120 gündən çox vaxt keçib, ona yekun və həlledici hüquqi qiymət verilməsi üçün məhkəmə olasıdır. Ancaq mənbəmiz iddia edir ki, istintaqın bu cür sonuclanmasından narazı və narahat olan vəzifəli şəxs işin məhkəməyə getməsini öz kanalları ilə əngəlləyir.
Bu məlumatın nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaq üçün Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq. Baş İdarənin mətbuat xidmətindən bizimyol.info-ya bildirdilər ki, həmin hadisə işi ilə bağlı cinayət işinin istintaqı Bakı ŞBPİ-də gedir, istintaq hərəkətləri davam etdirilir.
Bizimyol.info
P.S. Bu arada məlumat üçün bildiririk ki, elmlər namizədi, idman ustası, əməkdar məşqçi olan Asif Əsgərov həm də respublika dərəcəli hakimdir. Onun öz oğlunun və sürücüsünün təqsiri üzündən çiçəyi burnunda dünyadan köçən Sənan Mirzəyevin ölümünə münasibətdə nə dərəcədə ədalətli hakim ola bilib-bilməyəcəyini zaman bir daha göstərəcək.
P.P.S. "Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz".
Bunu Prezident İlham Əliyev yanvarın 27-də Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun çıxışı zamanı deyib.