ƏFLATUN AMAŞOV:"Azərbaycan Prezidenti parlamentdəki çıxışı ilə Ermənistana nəticə çıxarmaq şansı verdi"
Azərbaycan Prezidenti parlamentdəki çıxışı ilə Ermənistana nəticə çıxarmaq və düz yola gəlmək üçün şans verdi. Bunu Trend-ə millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə.Amaşov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibətilə keçirilmiş iclasdakı çıxışı Azərbaycanın ötən 100 ildəki inkişaf xronikasının müfəssəl təsviri idi: "Biz haradan hara gəlmişik? Doğrudan da qürurlu tarixdir. Cənab Prezident bu tarixin incəliklərindən bəhs etməklə yanaşı, Azərbaycanın bölgədəki hegemon mövqeyinin real əsaslarını son dərəcə dəqiqliklə göstərdi. Dövlət başçısının bu fikirləri məhz Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı keçirilmiş yubiley iclasında – ali qanunverici orqanın kürsüsündən səsləndirməsi xüsusilə qürurvericidir, Azərbaycan Respublikasının Milli Məclisinin yerinə və roluna verilən böyük dəyərdir: “Deyə bilmərəm ki, biz o vaxt beynəlxalq təcriddən tam çıxa bilmişdik. Bizi qəbul etməyənlər də var idi. Biz tarixi yaxşı bilirik. Bu gün isə Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir. ...Azərbaycansız bölgədə heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz və getdikcə bizim gücümüz - siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir”. Dünyada 5 mindən çox xalq var. Onlardan yalnız 200-ə yaxınının dövləti var. Təbii ki, bu günün müstəqil Azərbaycanı xalqımızın tarixi nemətidir". Onun sözlərinə görə, yaşadığımız bölgənin olduqca mürəkkəb olduğunu və dəfələrlə tarixin sərt sifətinin bizləri müstəqillikdən məhrum etdiyini nəzərə alsaq, ötən 27 il həqiqətən də bir nemətdir: "Parlamentarizmimizin 100 ili isə müasir müstəqillik yaşantımızın əbədilik simvoludur. Ötən 27 il 100 ili nəsillərə miras edəcək təminatdır. Ötən 27 il 100 ilimizi ənənəyə çevirən misilsiz tarixdir və bu tarixin yazılmasında Azərbaycan Respublikasının Milli Məclisinin rolu son dərəcə böyükdür. Milli Məclis 100 illik parlamentarizm ənənəmizi yaşadan mühüm institutdur. Tarixi parlamentimizin ənənələrinin davam etdirən Milli Məclisin fəaliyyəti eyni zamanda Azərbaycanın dünyadakı hüquqi-demokratik dövlət simasının təsdiq platformasıdır. Dövlət başçımızın çıxışında bu kimi məqamlar ustalıqla diqqətə çatdırıldı, müqayisə və paralellər aparıldı". Millət vəkili vurğulayıb ki, cənab Prezidentin parlament kürsüsündən etdiyi çıxış Ermənistanın baş naziri Nikol Paşinyanın son günlər səsləndirdiyi fikirlərin avantürist mahiyyətinin ciddi arqumentlərlə əsaslandırılması və ifşası, belə demək mümkünsə, ucuz populizmə reallıq dərsi idi: "Hansı halda Ermənistan bölgənin inkişafından pay götürə bilər? Necə olur ki, Ermənistanın inkişafına əngəl yaranır? Cənab İlham Əliyev çıxışında Ermənistan cəmiyyəti üçün inkişaf yolunu göstərdi. Təbii ki, ölkənin iflasının nədən qaynaqlandığını izah etdi: “Bu gün bizim siyasətimiz, - mən bunu bir daha demək istəyirəm, bu, sirr deyil, - Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, - ona dayaq da demək olmaz, - çökdürməkdir”. İllərdir ki, Cənubi Qafqazın bu ölkəsində inkişaf yoxdur, ictimai-siyasi durum gərgindir, sosial-iqtisadi vəziyyət acınacaqlıdır, dözülməzdir, digərində - Azərbaycanda isə nəhəng layihələr reallaşır, inkişaf xüsusiyyətləri dünya reytinqləri ilə ölçülür. Hesab edirəm ki, həm erməni cəmiyyəti, həm də hakimiyyəti bunu nəzərə almalı və ciddi düşünməlidir". Ə.Amaşov bildirib ki, Azərbaycan Prezidenti əslində parlamentdəki çıxışında düşünmək, nəticə çıxarmaq və düz yola gəlmək üçün şans da verdi. Bu şans Azərbaycan torpaqlarının işğalına son qoyulmasından keçir. Dövlət başçısı bu məqamı diqqətə çatdırmaqla yanaşı, Azərbaycanın işğalla barışmayacağını xüsusi vurğuladı: "Bir daha müstəqillik haqqında. Hesab edirəm ki, “müstəqillik təkcə dövlət atributları deyil” deyən Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər dövlət müstəqilliyi fəlsəfəsinin çox sadə, ancaq fundamental izahı idi. Bu izahda Azərbaycanın yeritdiyi siyasi xəttin əminliyi, dönməzliyi ifadə olunurdu. Dövlət başçısının aşağıdakı fikirləri həm də işğalçı Ermənistana ünvanlanmış mesaj idi. “Sən müstəqil siyasət apara bilirsən, yoxsa yox? Bunu uğurla apara bilirsən, yoxsa yox? Bu müstəqil siyasət sənə xeyir gətirir, yoxsa yox? Bax, bu suallara cavab verdikdə əminliklə deyə bilərik ki, bu gün tam şəkildə müstəqil siyasət aparan Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edir. Azərbaycan parlamentinin bu işlərdə önəmli rolu var".